Şimali Karolina Universitetinin alimi: Azərbaycan regional güc statusuna qovuşdu
Bizi izləyin

Qarabağ

Şimali Karolina Universitetinin alimi: Azərbaycan regional güc statusuna qovuşdu

Pandemiya nəticəsində 2020-ci il bütün dünya üçün olduqca ağır oldu. COVID-19-la bağlı olaraq dünya iqtisadi böhran yaşadı. Bu, Azərbaycana da təsirsiz ötüşmədi, lakin 2020-ci ildə dünyanın ən seçilən ölkəsi də elə Azərbaycan oldu.

Bu sözləri Publika.az-a açıqlamasında Şimali Karolina Universitetinin Konfliktologiya Fakültəsinin direktoru, Amerika-Azərbaycan Alimlər Birliyinin prezidenti Əli Əsgərov deyib. O bildirib ki, müstəqilliyini əldə etdikdən bəri Azərbaycan tarixində həm ən uğurlu, həm də ən şərəfli il 2020 oldu:

“2020 Azərbaycan üçün böyük bir ildir. Birinci əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan bütün dünyada daha böyük nüfuza sahib oldu. Böyük Vətən müharibəsi Azərbaycanın dünyada daha yaxşı tanınmasına yol açdı, bu vaxta qədər ölkəmizin adını eşitməyənlər də bizi tanımağa və haqqımızda danışmağa başladı.

2020-ci ildə Azərbaycan regional güc statusuna qovuşdu, bu da olduqca mühüm müvəffəqiyyətdir. Sözsüz ki, bu müvəffəqiyyəti əldə etmək üçün çox ciddi mübarizə apardı. Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanı darmadağın etdi, işğal olunmuş torpaqlarından düşmənləri sil-süpür edərək məğlub etdi, rəsmən təmizlədi.

Belə bir məğlubiyyətdən sonra Ermənistan belini rahatlıqla doğrulda bilməz. Onlara böyük reformlar lazımdır ki, bu müharibədə aldığı iqtisadi, psixoloji, emosional, sosial və hərbi məğlubiyyətlərdən özlərinə gələ bilsinlər. Onların özünü doğrulda biləcəyi sual altındadır. Azərbaycan isə hərb tarixinə öz adını qızıl hərflərlə yazdırdı. Gürcüstan, Türkmənistan, İran, Ermənistan kimi dövlətlər artıq Azərbaycanın regiondakı hərbi-iqtisadi gücünü qəbul edir.

Eyni zamanda Azərbaycan bir xalq olaraq özünü təsdiq etdi. Azərbaycan xalqının özünü təsdiq etməsi üçün belə bir qələbəyə ehtiyacı var idi, müharibə baş verməli idi. Özünü təsdiq etmək qurban tələb edir. Odur ki, mənəvi baxımdan da 2020 Azərbaycan üçün mühüm bir il oldu. Bundan əlavə, milli birliyin formalaşmasına səbəb oldu. Hər kəs erməniyə qarşı birləşdi, hamı cəbhəyə yardımlar apardı, yaşlılar pensiyalarını ordunun fonduna yazdırdı. Prezidentə minlərlə təşəkkür məktubları göndərildi və hələ də göndərilir.

Azərbaycan regionda ədaləti bərqərar etdi. Düşmən qüvvələr Azərbaycan torpaqlarını işğal etmişdi, insanları vəhşicəsinə öldürmüşdü, genosid həyata keçirmişdi, əhalisini yurd-yuvasından didərgin salmışdı. Azərbaycan 30 il ərzində torpaqlarımızda güclü istehkamlar quran Ermənistan ordusunu məhv etməklə ədaləti bərpa etdi. Bu gerçəkliyi dünyaya yaydı”.

Əli Əsgərov qeyd edib ki, Azərbaycan Ordusu ən müasir müharibənin nədən ibarət olduğunu Yer üzünə nümayiş etdirdi:

“Müharibələrin tarixinə baxsaq, görərik ki, Azərbaycandan daha müasir döyüş növü nümayiş etdirən ölkə olmayıb. Düşməni vurdu, dağıtdı, çəkdi və göstərdi. Bununla da dünya Azərbaycanın nə qədər müasir döyüş aparmaq qabiliyyətinə malik olduğunu gördü. İnkişaf etmiş texnologiyalarla böyük taktika və strategiyalar tətbiq edərək hərb meydanında istəyinə nail oldu. Bu, çox böyük bir nailiyyətdir.

Dağlıq Qarabağ Azərbaycanın iqtisadi, siyasi və müəyyən mənada sosial inkişafı üçün maneə idi. Müstəqilliyini əldə etdikdən bəri Azərbaycan bu yolda milyardlarını qoydu, çox böyük enerji sərf etdi. Ən əsas məsələlərdən biri də odur ki, Azərbaycan öz inkişafının önünü açdı.

Azərbaycan dünyaya həm də onu göstərdi ki, ermənilərdən fərqli olaraq öz torpaqlarını azad etməyə və onu qorumağa qadirdir. Bu reallığı ATƏT-in Minsk qrupuna da, BMT Təhlükəsizlik Şurasına da qəbul etdirdi. Gələcəkdə analitiklər və tədqiqatçılar BMT-nin necə aciz vəziyyətə düşdüyündən çox yazacaq. Azərbaycan 1993-cü ildə BMT-nin qəbul etdiyi, lakin həyata keçirmədiyi 4 qətnaməni öz qüvvəsi ilə reallaşdırmaqla onları da aciz vəziyyətdən çıxardı”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm