İki dünyanın 46 yaşlı GENERALI - FOTO
Bizi izləyin

Qarabağ

İki dünyanın 46 yaşlı GENERALI - FOTO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür.

Publika.az xəbər verir ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində, əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.

Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur.

2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır. Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.

2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur.

General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı olur.

İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman adı verilib.

O, ailəli olub, 2 oğul və 1 qız atası idi.

Yeni yaşın mübarək, cənab General!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm