Onlar haqq səsimizi dünyaya çatdıracaqlar - Fəzail Ağamalı
Bizi izləyin

Qarabağ

Onlar haqq səsimizi dünyaya çatdıracaqlar - Fəzail Ağamalı

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupu üzvləri Gəncəyə və işğaldan azad edilmiş ərazilərə səfər etdilər. Ağdama baş çəkdilər. Erməni vəhşiliyini öz gözləri ilə gördülər.

İƏT həm də Azərbaycanın haqq işində ölkəmizin yanında olan beynəlxalq təşkilatdır. 30 illik işğal dövründə hər zaman Azərbaycanın yanında olub. Haqq işimizi durmadan müdafiə edib.

Bəs torpaqlarımız azad olunandan sonra onların Qarabağ və Gəncə səfərləri bizə nə verəcək?

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Publika.az-a açıqlamasında söyləyib ki, İslam Əməkdaşlıq Təşkilatı kifayət qədər nüfuzlu beynəlxalq təşkilatlardan biridir:

“Burada Azərbaycanın mövqeyi yetərincə güclüdür. Ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələrinin, dünya media təmsilçilərinin, ayrı-ayrı ölkələrin deputatlarının işğaldan azad edilmiş bölgələrimizdə olması erməni vəhşiliyinin dünyaya təqdim edilməsində və bizim 44 gün ərzində aparmış olduğumuz Vətən müharibəsində haqqımızın tanınmasında mühüm əhəmiyyətə malikdir”.

AVP sədri bildirib ki, bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun Ağdamda olması, erməni vandalizmini öz gözləri ilə görmələri bizim üçün çox vacibdir:

“Burada tarixi abidələrin yerlə-yeksan edilməsini, qəbiristanlıqların tamamilə yer üzündən silinməsini, bir dənə də olsun yaşayış binasının salamat qalmamasını öz gözləri ilə görərək səlahiyyətləri və imkanları daxilində həm öz ölkələrində, həm də dünyada bu kimi hallara fikir bildirmələri ciddi əhəmiyyət kəsb edir. Mən tamamilə əminəm ki, Təmas Qrupunun gördükləri onların kütləvi informasiya vasitələrində, eləcə də Azərbaycanın media qurumlarının verdiyi informasiyalarda, açıqlamalarda özünü açıq şəkildə ifadə edir”.

Deputatın fikrincə, onlar öz ölkələrinə qayıtdıqdan sonra mənsub olduqları dövlətlərdə, eləcə də İslam Konfransı Təşkilatında, onun Təmas Qrupunda erməni vəhşiliklərinin konkret nəticələrini həm daxili, həm də beynəlxalq auditoriyalara çatdıracaqlar:

“Əlbəttə, bunlar son dərəcədə vacibdir. Biz beynəlxalq aləmdə erməni vandalizmini, onun törətmiş olduğu ağır nəticələri durmadan, bundan sonra da təbliğ etməli və informasiya müharibəsində erməniləri, erməniliyi durmadan əzməkdə davam etməliyik. Bu, son dərəcədə önəmlidir. Ölkə Prezidentinin müəyyən etdiyi strateji kurs ciddi nəticələr verməkdədir. Əminəm ki, bu səfər həmin əhəmiyyətli və ciddi nəticələrin əldə edilməsinə öz töhfəsini verəcək, buna şübhəm yoxdur”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm