Allahşükür Paşazadə Şuşada - FOTO
Bizi izləyin

Qarabağ

Allahşükür Paşazadə Şuşada - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri iyulun 10-da Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb, Saatlı və Aşağı Gövhərağa məscidlərində olublar.

Publika.az xəbər verir ki, əvvəlcə din xadimlərinə Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri barədə məlumat verilib.

Bildirilib ki, işğal zamanı ermənilər həmin heykəllərə qarşı vandalizm həyata keçirib, onları Ermənistana apararaq əritmək istəyiblər. Lakin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa erməni işğalından azad olunandan sonra heykəllər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əvvəlki yerinə qaytarılıb.

Din xadimləri Şuşa Rayon İcra Hakimiyyətinin binası haqqında da məlumatlandırılıb.

Sonra dini konfessiya rəhbərləri Saatlı və Aşağı Gövhərağa məscidlərində olublar. Onlara dini ocaqların işğal dövründə məruz qaldığı dağıntılar, həmçinin hazırda orada aparılan bərpa işləri barədə məlumat verilib.

Aşağı Gövhərağa məscidində namaz qılınıb, dualar edilib, “Qurani-Kərim”dən ayələr oxunub.

xxx

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri iyulun 10-da Şuşa şəhərində yeni inşa olunacaq məscidin yerləşəcəyi əraziyə baxış keçirib, Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Publika.az xəbər verir ki, əvvəlcə yeni inşa olunacaq məscidin yerləşəcəyi əraziyə baş çəkən nümayəndə heyətinə görüləcək tikinti işləri barədə məlumat verilib.

Bildirilib ki, məscidin təməli bu il mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Bu məscid dini ocaq və modern memarlıq nümunəsi olacaq. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən naxışlara uyğun bəzədiləcək.

Qazançı kilsəsi ilə tanışlıq zamanı məlumat verilib ki, Şuşada aparılan tikinti-quruculuq işlər çərçivəsində bu kilsə də əsaslı şəkildə bərpa edilir. Şəhərin yuxarı hissəsində yerləşən kilsənin 1868-1887-ci illərdə qədim zərdüşt məbədi üzərində inşa olunduğu bildirilir. Kilsə quruluş baxımından 4 yarımdairəvi çıxışdan ibarətdir. İşğal altındakı torpaqlarımızda olan digər abidələr kimi, ermənilər bu kilsəni də saxtalaşdırmağa cəhd ediblər. Hazırda kilsə tarixi mənşəyinə uyğun bərpa olunur.

xxx

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri iyulun 10-da Şuşa şəhərinə səfər ediblər.

Publika.az xəbər verir ki, iki günlük səfər çərçivəsində dini konfessiya rəhbərləri Şuşada bir sıra dini və mədəni abidələrini ziyarət edəcək, aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm