Savaşın 6-cı günü: Təbriz Qarabağ üçün ayağa qalxdı, ermənilər DARMADAĞIN EDİLDİ, BU ƏRAZİLƏR...
Bizi izləyin

Qarabağ

Savaşın 6-cı günü: Təbriz Qarabağ üçün ayağa qalxdı, ermənilər DARMADAĞIN EDİLDİ, BU ƏRAZİLƏR...

Publika.az Ermənistan Silahlı Qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

2 oktyabr 2020-ci il. Müharibənin 6-cı günü...

Saat - 01:11 - İşğaldan azad edilən ərazilərimizin nə qədər sakini var? - SİYAHI

Oktyabrın 2-də sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizin sakinlərinin sayı açıqlandı. Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi siyahı yayıb.

Həmin siyahıda aşağıdakı adlar yer alıb:

Füzuli rayonu:

Qaraxanbəyli – 700 ailə, 2600 nəfər

Qarbənd – 245 ailə, 1800 nəfər

Horadiz Kənd – 960 ailə, 4000 nəfər

Yuxarı Əbdülrəhmanlı – 562 ailə, 2500 nəfər

Aşağı Əbdülrəhmanlı – 320 ailə, 1500 nəfər

Cəbrayıl rayonu:

Böyük Mərcanlı – 2518 ailə, 10103 nəfər

Nüzgar – 264 ailə, 1031 nəfər.

Saat - 06:46 – Sarkisyan HƏR ŞEYİ ETİRAF ETDİ

Ermənistan prezidenti Armen Sarkisyanın digər ölkələrin vətəndaşları olan ermənilərin Dağlıq Qarabağdakı döyüşlərdə vuruşduqları və vuruşa bilmələri barədə açıqlaması beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Bu barədəTürkiyə hökuməti bildirib. Qeyd ediblər ki, beləliklə, Ermənistan hakimiyyəti dolayısı ilə beynəlxalq hüququ pozduqlarını etiraf edib. Sarkisyan bu faktı ermənilərin 1915-ci il hadisələrinin təkrarlanmasının qarşısını almaq üçün guya döyüş əməliyyatlarında iştirak etməsi ilə izah etməyə çalışır: "Bir daha təkrar edirik ki, A.Sarkisyanın bəyanatı beynəlxalq hüququn kobud şəkildə pozulmasını nəzərdə tutur və digər ölkələrin vətəndaşlarının Dağlıq Qarabağdakı hərbi münaqişədə iştirakı cinayət xarakteri daşıyır".

Qeyd edək ki, oktyabrın 1-i Ermənistan prezidenti Armen Sarkisyan "Əl Cəzirə" telekanalının efirində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib: “Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik".

Saat - 08:24 - Bəhreyn Qarabağla bağlı Azərbaycana DƏSTƏK NÜMAYİŞ ETDİRDİ

Bəhreyn Krallığının vəliəhdi şahzadə Salman bin Həməd Al Xəlifənin sədrliyi ilə Nazirlər Şurasının 28 sentyabr 2020-ci il tarixində keçirilən iclasında çağırış edib. İclasda Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ regionunda gərginliyin və qarşıdurmanın azaldılması, regionda və dünyada təhlükəsizliyin və sabitliyin bərqərar olması məqsədilə ixtilafların beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində dialoq və siyasi həll yollarına müraciət edilməsi çağırışı edilib. Bəhreyn Krallığı Nazirlər Şurasının yuxarıda qeyd olunun bəyanatında münaqişə tərəflərinin hər ikisinə müraciət edilməsinə baxmayaraq, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad olunub.

Saat - 08:58 - Avropa Şurası atəşkəs çağırışı etdi

Avropa Şurası Dağlıq Qarabağda dərhal atəşkəsə çağırıb. Bu barədə oktyabrın 1-də keçirilən Avropa İttifaqı Sammitinin bəyanatında deyilib: “Avropa Şurası hərbi əməliyyatların dərhal dayandırılmasına və tərəfləri davamlı atəşkəsə və münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiqləməyə çağırır. İnsanların ölümü və mülki vətəndaşlar arasında ölüm halları qəbuledilməzdir”.

Saat - 09:03 – Ermənistan təxribatı dünya müdiasında

“BBC World Radio”nun “Newsday” proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsi baş tutub.

Səfir proqramda Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkməli olduğunu, regionda davamlı sülhün yalnız Ermənistanın işğala son qoymasından sonra mümkünlüyünü diqqətə çatdırıb. O, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanda Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirildiyini qeyd edib. Səfir son təxribatlar zamanı Azərbaycanın 14 mülki şəxsinin qətlə yetirildiyini, 40-dan çox yaralının olduğunu bildirib.

Saat - 09:53 - Düşmən yaşayış məntəqələrimizi atəşə tutdu: ölən və yaralananlar oldu

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin mülki obyektlərimizin hədəf alındığını, insan itkisinin olunduğu ilə bağlı məlumat yaydı: Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur. Mülki əhali arasında ölən və yaralananlar var. Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var. Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək”.

Saat - 10:01 - Baş Prokurorluq terrorçuların mülki şəxslərə vurduğu zərəri açıqladı

Baş Prokuroruluq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirdiyi bilə bağlı məlumat yaydı.

“Baş Prokurorluqdan verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 19 nəfər şəxs isə həlak olmuşdur.
Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 175 yaşayış evinə, həmçinin, 41 mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olmuşdur. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.

Saat - 10:25 – Ermənistan xarici jurnalistləri HƏDƏF ALDI

bölgədən gələn son görüntülərdə Ermənistan ordusunun xarici media mənsublarına hücum etdiyi əks olundu. Belə ki, təmas xəttində 30 nəfərlik jurnalist heyətinin olduğu nöqtəyə 5 top mərmisi atılıb. Onlar dərhal təhlükəsiz sığınacaqlara qaçmağa məcbur olub. Jurnalistlərin məlumatına görə, təmas xəttindən atılan top mərmiləri İranın Şərqi Azərbaycan əyalətindəki Pərvizxanlı kəndinə qədər gedib.

Saat - 10:34 – İstanbul Azərbaycan üçün AYAĞA QALXDI

Türkiyənin İstanbul şəhərində “Səninləyik Azərbaycan, səninləyik Qarabağ!” şüarı ilə Azərbaycana dəstək mitinqi keçirildi.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutan aksiyada hər iki ölkənin ictimai, mədəniyyət xadimləri, Türkiyədə yaşayan həmvətənlərimiz, burada fəaliyyət göstərən qurumların əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.Ölkəmizin İstanbuldakı Baş Konsulluğunun qarşısına toplaşan aksiya iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarını dalğalanlandırıblar, "Səninləyik Azərbaycan!", "Qarabağa Azadlıq!", "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı" və sair şüarları səsləndiriblər.

Saat - 10:43 – Ermənistan Tərtərdə uşaq baxçasını ATƏŞƏ TUTDU

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsinə ağır artilleriyadan atəş açdı. Nəticədə top mərmiləri qəsəbədə yerləşən uşaq bağçasına düşüb.

Saat - 10:55 - Düşmən qüvvə və vasitələrinin məhv edilməsinin yeni VİDEOGÖRÜNTÜLƏRİ

Azərbaycan Müdafiə Nazirliyi düşmən qüvvə və vasitələrinin məhv edilməsinin yeni videogörüntülərini yaydı.

Saat - 10:56 – Jurnalistlər HƏDƏF SEÇİLDİ

Ermənistan ordusu cəbhə bölgəsində fəaliyyət göstərən media nümayəndələrini hədəf aldı. Azərbaycanın cəbhə bölgəsindəki yaşayış məntəqələrini davamlı atəşə tutan Ermənistan ordusu həmin ərazilərdə fəaliyyət göstərən media nümayəndələrini də hədəf alır. Əks-hücum əməliyyatının başladığı ilk gündən etibarən cəbhə bölgəsində öz peşə fəaliyyətini həyata keçirən yerli və xarici jurnalistlərə qarşı baş tutan bu hücumlar ciddi şəkildə araşdırılmalı, beynəlxalq jurnalist təşkilatları bu vəziyyətlə bağlı obyektiv və qərəzsiz mövqe nümayiş etdirməlidirlər.

Saat - 11:11 - Düşmən təxribatının ÜSTÜ AÇILDI

Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atdı.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) məlumat yaydı. Məlumatda deyilir ki, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur. Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Saat - 11:17 – Bu ölkə də AZƏRBAYCANA DƏSTƏK OLDU

Ötən ilin bu günü Malayziya İslam Təşkilatı Məsləhət Şurası (MAPIM) Ermənistanın Dağlıq Qarabağ işğalını qınayan bəyanat yaydı və Ermənistanın beynəlxalq hüquq normaları və atəşkəsi pozaraq Azərbaycan torpaqlarında dinc əhalini hədəf alması qınanıldı. Şuranın baş katibi Möhd Əzmi Əbdül Həmid yazılı açıqlamasında Azərbaycan-Ermənistan münaqişəsinin beynəlxalq uzlaşma yolu ilə həll edilməli olduğunu vurğulayıb: “Dinc əhalinin zərər görəcəyi hərbi münaqişələrdən başqa sülh müzakirələrinin aparılması lazımdır. Böyük miqyasda azərbaycanlı əhalinin yaşadığı torpaqları işğal edən erməni separatçılarının vəziyyəti daha da pisləşdirməsinə icazə verilməməlidir. Separatçılıq bölgədə ən az 30 min insanın ölümünə və minlərlə insanın yurdundan sürgün edilməsinə səbəb olub”.

Saat - 11:31 – Təşvişə düşən ermənilər bir-birlərini güllələdilər

Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq ermənilərin bir-birini güllələdiyini açıqladı "Əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib. Şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub".

Saat - 11:52 – Pentaqon Ermənistanı QINADI

Ötən ilin bu günü ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ermənistanı qınayan məlumat yaydı və bildirildi ki, Ermənistana hərbi dəstəkləri münaqişə ilə bağlı olmayacaq formada formalaşdırılıb.

“Anadolu” agentliyinə açıqlama verən Pentaqon sözçüsü Tomas Kampbell bildirib ki, vəziyyət olduqca dəyişkəndir və nazirlik hadisələri yaxından izləyir: “Şiddəti qınayır və dünyasını dəyişənlərin, yaralananların ailələrinə başsağlığı diləyirik”. Kampbell tərəfləri danışıqların bərpasına dəvət edib.

Saat - 12:05 – FHN erməni təxribatı ilə bağlı MƏLUMAT YAYDI

Döyüş meydanında ardı-arda ciddi məğlubiyyətlərlə üzləşərək işğal etdikləri Azərbaycan torpaqlarını itirən Ermənistan tərəfi müxtəlif dezinformasiyalara əl ataraq ölkəmizin əhalisi arasında təşviş yaratmaqla vəziyyətdən mümkün qədər çıxmağa çalışır. Bu barədə Fövqəladə Hallar Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, ermənilər cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər edirlər: “Fövqəladə Hallar Nazirliyi qəti şəkildə bəyan edir ki, bu zənglər heç bir halda Nazirlik tərəfindən edilməyib və belə müraciətlər tərəfimizdən yayılmayıb. Bu, erməni təbliğat aparatının növbəti çirkin və uğursuz əməlidir”.

Saat - 12:19 - Düşmənin məhv edilən və ələ keçirilən silahları - YENİ GÖRÜNTÜLƏR

Azərbaycan Ordusu düşmən qüvvələrinə məxsus yüzlərlə hərbi texnikanı məhv edib, bir çoxunu hərbi qənimət kimi ələ keçirib.

Saat - 12:35 - Təbriz Qarabağ üçün AYAĞA QALXDI

Ötən ilin bu günü Cənubi Azərbaycanın Təbriz şəhərində Qarabağa dəstək yürüşü keçirildi. Minlərlə azərbaycanlı Təbrizin mərkəzi küçələrinə toplaşaraq Qarabağda döyüşməyə hazır olduqlarını bəyan etdi. Nümayişdə "Biz ölməyə razıyıq, atəşin pərvazıyıq" tipli dəstək şüarları səsləndirilib. Həmçinin, Ermənistanın Azərbaycanın təmas xətti boyunca dinc əhaliyə hücumlarına etiraz olundu.

Saat - 12:49 - Pakistan XİN-dən erməni iddialarına SƏRT CAVAB

“Pakistan ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə birgə Ermənistana qarşı Dağlıq Qarabağda savaşmasına dair KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir”. Bunu Pakistan Xarici İşlər Nazirliyi açıqladı. Açıqlamada həmçinin Pakistanın Dağlıq Qarabağda təhlükəsizlik vəziyyətinin pisləşməsindən narahatlığı bildirildi: “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə intensiv atəşə tutması acınacaqlıdır və pislənməlidir. Bu, bütün bölgənin sülh və təhlükəsizliyini poza bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır”.

Saat - 13:05 - Ermənilər Şəmkirin və Bərdənin kəndlərini raket atəşinə tutdu

Ötən ilin bu günü düşmən Ermənistan ərazisindən Şəmkirin Sabirkənd, işğal olunmuş ərazilərimizdən isə Ağdamın Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutdu. Bu barədə Müdafiə Nazirliyi məlumat yaydı. Bundan başqa Ermənistan silahlı qüvvələri Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutdu.

Saat - 13:20 – Ermənistan Qarabağa gedən yolları bağladı

Ermənistan Dağlıq Qarabağ ərazisinə girişi məhdudlaşdırdı. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yaydı. Məlumata əsasən, məhdudiyyət bu gün Bakı vaxtı ilə saat 12:00-da qüvvəyə minib. Yeni qayda yolların boşaldılması məqsədilə qəbul olunub.

Saat - 13:25 – Düşmənin təminat və döyüş vasitələri DARMADAĞIN EDİLDİ

Düşmənin yüksək dağ zirvəsində yaratdığı dayaq məntəqəsinə silah-sursat çatdıran təminat vasitələri və döyüş texnikaları məhv edildi. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı.

Saat - 13:42 – Ermənistanın cəmi 4 qırıcısı qaldı

Ermənistan Hərbi Hava Qüvvələrinin sərəncamında ölkənin hava məkanının müdafiəsi üçün yalnız 4 qırıcısı qaldı. Bu barədə Rusiya KİV məlumat yaydı.Qeyd olunurdu ki, 4 təyyarə hər hansı bir kiçik müqavimət göstərmək üçün belə kifayət etməyəcək.

Saat - 14:18 – Düşmənin cəbhəyə qadınları göndərdiyi açıqlandı

Əldə olunan məlumata əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirdi: “Artıq düşmən cəbhəyə qadınlarını göndərir. Buna səbəb çoxlu sayda itkilərlə yanaşı Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsidir. İtkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan müdafiə nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan müdafiə nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir".

Saat - 14:21 - Ermənilər Şəmkirə Toçka-U raketi atdı

Ötən ilin bu günü Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raketlər “Toçka-U” taktiki raket kompleksindən buraxıldı. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Saat - 14:48 - Gecə uğurlu döyüş əməliyyatı aparıldı

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam edirdi. Gecə ərzində uğurlu döyüş əməliyyatları davam edib. Bu barədə Müdafiə Nazirliyinin sözçüsü polkovnik-leytenant Anar Eyvazov açqılama verdi. Anar Eyvazov bildirdi ki, erməni könülləri açıq döyüşə girməkdən imtina edib: “Bunun əvəzində ermənilər qadın batalyonları yaradaraq onları komplektləşdirirlər”.

Saat - 14:45 – Hikmət Hacıyev erməni yalanını İFŞA ETDİ

Ermənistan hakimiyyəti öz əhalisini şokda saxlamaq üçün saxta dezinfomasiyalar yayır. Guya Azərbaycan İrəvanın və Abovyan rayonlarının üzərində dron uçuşları həyata keçirir. Bunlar yalan və saxta məlumatlardır.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev dedi. O bildirdi ki, sonradan həmin saxta məlumatları da sildilər: "Azərbaycanın Ermənistanın mülki əhalisi ilə heç bir işi yoxdur. Ermənistan ordusu SMERÇ-lərdən mülki obyektlərimizi hədəf alır. Bu, onların növbəti aciz durumunu göstərir. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün Ermənistan ərazisindən Azerbaycan Respublikasını hədəf alan istənilən hərbi hədəf məhv ediləcək. Ermənistan silahlı qüvvələrinin 30 il ərzində qurduğu istehkam sistemləri qısa müddətdə məhv edilir".

Saat - 14:50 – Cəbhədən SON XƏBƏRLƏR

Ötən ilin bu günü Hərbi İnformasiya Mərkəzinin brifinqi keçirildi. Brifinqdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov çıxış etdilər.

Saat - 15:01 – Akar Qarabağa məsələsində yanımızda olduqlarını açıqladı

“İllərdir Azərbaycanın Dağlıq Qarabağdakı haqlı davasına həll yolu tapmayanların atəşkəs çağırışları səmimi olmadığı qədər inandırıcı da deyil”. Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar açıqladı.Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışan nazir bildirdi ki, Türkiyə can qardaşının öz torpaqlarını azad etmə mübarizəsində sonuna qədər yanında olmağa davam edəcək.

Saat - 15:10 - Düşmən qüvvələrinin məhv edilməsinin YENİ GÖRÜNTÜLƏRİ

Müdafiə Nazirliyi düşmənin qüvvə və vasitələrinin məhv edilməsinin növbəti videogörüntüləri yaydı.

Saat - 15:35 – Ermənistan elektrik enerjisi infrastrukturunu ATƏŞƏ TUTU

Ötən ilin bu günü eynəlxalq humanitar hüququn norma və prinsiplərini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında enerji infrastrukturunu atəşə tutdu.

Saat - 15:52 - Erməni hərbi hissəsinin döyüş bayraqları ƏLƏ KEÇİRİLDİ

Ötən ilin bu günü Azərbaycan Ordusu Ermənistan Ermənistan Silahlı Qüvvələrinin 193-cü taboru Hava Endirim Komanda Birliyinin döyüş bayraqlarını ələ keçirdi. Ordumuzun bu uğuru düşmən əsgərlərinə ciddi psixoloji təsir göstərdi. Döyüş bayrağı da hər bir ordunun şərəfi, qeyrətidir.

Saat - 16:18 – Ermənistan “ağ bayrağı” qaldırdı

Ötən ilin bu günü Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istədiyini açıqladı. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin məlumat yaydı: “Ermənistan atəşkəs rejiminin bərpası üçün ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 1994-1995-ci illərdə əldə olunmuş atəşkəs razılığı əsasında danışıqlara hazırdır. Ermənistan hələ də sülh danışıqlarına sadiqdir”

Saat - 16:40 - Tərtər və Bərdənin kəndləri intensiv ATƏŞƏ TUTULDU

Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutdu. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı.

Saat - 16:50 – Ərdoğan Qarabağla bağlı ÇAĞIRIŞ ETDİ

“Qarabağ işğaldan xilas olana qədər bu mübarizə davam edəcək”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi: “Suriyadan Aralıq dənizi və Cənubi Qafqaza qədər uzanan kritik nöqtələri birləşdirəndə yaranan tablo Türkiyəni mühasirə altına almaq mənzərəsidir”.

Saat - 16:59 – İşğaldan azad edilən ərazilərdən SON GÖRÜNTÜLƏR YAYILDI

AzTV əməkdaşı rəşadətli Azərbaycan Ordusunun birləşmələri tərəfindən işğaldan azad edilmiş Madagiz (Suqovuşan) qəsəbəsi ərazisindən reportaj hazırladı. Reportajda yer alan hərbçilərdə yüksək ruh yüksəkliyi və qələbəyə böyük inam höküm sürdüyü görünür.

Saat - 17:10 – Çavuşoğlu Ermənistana ULTİMATUM GÖNDƏRDİ

“Azərbaycanın hələ ki, konkret tələbi olmayıb. Amma olarsa, kim nə deyirsə-desin, biz dəstək verməkdən çəkinməyəcəyik. Ermənistan başqasının torpaqlarını işğal edib”. Bu sözləri bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuçoğlu bildird: “Azərbaycanın öz torpaqlarını azad edəcək qüvvəsi var. Azərbaycanın atəşkəs elan edə bilməsi üçün Ermənistan geri çəkilməlidir. Bu günə qədər Azərbaycanın bizdən konkret tələbi olmadı. Amma olarsa, kim nə deyirsə-desin, biz dəstək verəcəyik. Ermənistan başqasının torpaqlarını işğal edib. Burada sülh və sabitlik ən çox Ermənistanın faydasına olacaq”.

Saat - 17:44 - Ermənistan ordusu Şıxarx qəsəbəsini və Bərdənin kəndini artilleriya ATƏŞƏ TUTDU

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutdu. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yaydı.

Saat - 17:54 - Ordumuz bir sıra əraziləri işğaldan AZAD ETDİ

Cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüş əməliyyatları zamanı bir sıra ərazilər işğaldan azad edildi. Azərbaycan Ordusunun gücü qarşısında aciz qalaraq döyüş meydanından qaçan düşmən ordusunun çoxlu sayda silah-sursatı qənimət kimi ələ keçirildi.

Saat - 18:40 - Ermənilər mülki obyektləri atəşə tutmaqda davam etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, şanlı Ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirdi.

Çirkin əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Tərtər rayonunun mərkəzində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın hadisəsi baş verib. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, obyektin bir hissəsi yanğından mühafizə olunub.

Ağdam rayonunun Xındırıstan kəndinə atılan düşmən mərmisinin təsərrüfat sahəsində səbəb olduğu yanğın yanğınsöndürmə qüvvələri tərəfindən qısa müddətdə sondürülüb. Bundan başqa, Ağgöl Milli Parkının Ağcabədi rayonu ərazisinə, Tərtər rayonunun Şıxarx qəsəbəsinə, Füzuli rayonunun Horadiz şəhərinə atılan mərmilərin törətdiyi yanğınlara müdaxilə edilməsi düşmənin ərazini atəş altında saxlaması səbəbindən mümkün olmayıb.

Həmçinin, Ağgöl Milli Parkının Ağcabədi rayonu ərazisinə və Kəbirli kəndlərinə düşən mərmilərin zərərsizləşdirilməsi ilə əlaqədar yanğınsöndürmə qüvvələrinin növbətçiliyi təşkil edilib.

Saat - 18:49 - 3 dövlət, 1 millət

3 dövlət, 1 millət: Biz birik. Pakistan Müdafiə Nazirliyi Azərbaycan və Türkiyəyə dəstək paylaşımı edərək birliyimizi bu cür ifadə etdi.Paylaşımda Azərbaycan, Türkiyə və Pakistan bayraqlarına bürünmüş bina şəkli öz əksini tapdı.

Saat - 18:59 - Gün ərzində Tərtərə 2 mindən çox mərmi düşdü

"Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir". Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi: "Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu, vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir. Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcəkdir".

Saat - 19:36 – Özbəkistan Azərbaycana dəstəyini ifadə etdi

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır". Bu sözləri Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov bildirdi.

Saat - 20:00 – Müdafiə Nazirliyi cəbhədən yeni VİDEO YAYDI

Ötən ilin bu günü Azərbaycan Müdafiə Nazirliyi düşmənin canlı qüvvə və döyüş texnikası sarıdan ağır itkilər verməsinin daha bir videoyazısını yaydı.

Saat - 20:12 - İlham Əliyev Bosniya və Herseqovinanın dövlət başçısına təşəkkür etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə məktub ünvanladı. Məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı Bosniya və Herseqovinanın obyektiv mövqeyinə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. ari ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizin və hərbi birləşmələrimizin mövqelərinin ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində hərbi qulluqçularımız, 20-yə yaxın mülki şəxsimiz, o cümlədən iki uşaq həlak olmuş, 50-dən çox mülki şəxs yaralanmışdır. Bu hərbi təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan Ordusu zəruri əks-hücum tədbirlərini həyata keçirir.Bu təxribat Ermənistanın ölkəmizə qarşı 30 ildən artıq yürütdüyü işğalçılıq siyasətinin davamıdır”.

Saat - 20:48 – Səfir Almaniyanı erməni təxribatı ilə bağlı məlumatlandırdı

Ötən ilin bu günü Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bu ölkənin “TV Berlin” telekanalına Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son hərbi təxribatları barədə geniş müsahibə verdi. Müsahibədə diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi-hüquqi aspektləri, Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi, Ermənistanın son təxribatları, mövcud vəziyyətdə xarici ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Almaniyanın tutduqları mövqe, ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqların səmərə verməməsi və sair barədə yerli ictimaiyyəti məlumatlandırdı.

Saat - 21:00 - Ermənilərin atdığı mərmi İranla sərhədə düşdü - YANĞIN BAŞLADI

FHN-dən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə - İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başladı. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər görülür. Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşlarımızın həyatına hər hansı təhlükəsi yoxdur.Bundan başqa, mənfur düşmənin artilleriya atəşi altında saxlaması səbəbindən Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan 2 nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edildi.

Saat - 22:01 – XİN MƏLUMAT YAYDI

“27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca dinc sakinləri və mülki infrastrukturu məqsədyönlü şəkildə ağır artilleriyadan istifadə etməklə atəşə tutmasına cavab olaraq, Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatlarında döyüş meydanında bir-birinin ardınca acı məğlubiyyətə uğrayan Ermənistan informasiya məkanında da ard-arda cəfəng iddialar ortaya atmaqla, primitiv yollarla Azərbaycanın haqlı mübarizəsinə kölgə salmaq məqsədi güdür”.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yaydı. Bildirildi ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması, mülki əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam əməl etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərimizin daxilində hərbi əməliyyat həyata keçirir. “Azərbaycan ordusunun hədəfi ölkəmizin ərazilərinə beynəlxalq hüquqa zidd olaraq müdaxilə etmiş Ermənistan silahlı qüvvələridir və silahlı qüvvələrimiz işğal edilmiş ərazilərimizdəki legitim hərbi hədəfləri zərərsizləşdirmək istiqamətində tədbirlər görür. Silahlı qüvvələrimiz tərəfindən qeyd edilən məqsədlə atılan bütün addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsindən irəli gələn hüquqlar çərçivəsində icra edilir”.

Saat - 22:12 - Həmsədrlər yenidən BƏYANAT YAYDI

Ötən ilin bu günü ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yaydı. ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər tərəfləri mülki əhalini qorumaq üçün beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırırlar: “Mülki insanları hədəfə almaq heç bir halda məqbul sayılmır”.

Saat - 22:21 - Azərbaycan XİN-dən həmsədrlərin bəyanatına REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələrinin rəhbərlərinin bəyanatına münasibət bildirdi: "Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktı Ermənistanın son aylar ərzində sərgilədiyi təxribatçı fəaliyyətin, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və fəaliyyətinin davamıdır. ATƏT-in Minsk Qrupu bu günədək verdiyi çoxsaylı bəyanatlarda status quo vəziyyətinin qəbuledilməz olduğunu vurğulayıb. Ermənistan isə buna rəğmən işğala əsaslanan status quo rejiminin möhkəmləndirilməsi məqsədini güdür. Görünən odur ki, Ermənistan münaqişəni danışıqlar yolu ilə həllində maraqlı deyil və işğal etdiyi ərazilərin ilhaqına çalışır. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərarların Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərində çıxarılması ilə əlaqədar tələbləri bu günədək Ermənistan tərəfindən yerinə yetirilmir. Əksinə cəzasızlıq mühitində Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktlarına əl atır. Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyin üzərinə düşür".

Saat – 23:13 – Almaniya Azərbaycanı DƏSTƏKLƏDİ

Ötən ilin bu günü Almaniya Bundestaqının (parlament) hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının deputatları – Xarici siyasət komitəsinin üzvü, fraksiyanın Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbel və Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü Eberhard Qinqer münaqişəyə dair bəyanat yaydılar. Bəyanatda deyilir:

“Almaniya həm Ermənistan, həm də Azərbaycan üçün etibarlı tərəfdaş olmaq istəyir. Beynəlxalq hüquqa söykənən ümumi standartlar əsasında anlaşma Cənubi Qafqaz ölkələri ilə münasibətlər üçün şərtdir. Buraya yuxarıda qeyd edilən BMT qətnamələrinə uyğun olaraq fundamental prinsiplər kimi xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxulmazlığı aiddir. Hər iki tərəf Cənubi Qafqazda sülh, demokratiya və sabitliyin gücləndirilməsi məqsədilə işğal edilmiş ərazilərdə yaranmış beynəlxalq hüquqa zidd vəziyyətin aradan qaldırılması və razılaşdırılmış həllin tapılması üçün töhfə verməyə çağırılır(https://www.nikolas-loebel.de/voelkerrechtswidrigen-zustand-in-berg-karabach-beenden-friedliche-loesung-des-konflikts-suchen/)”.

Bundan başqa, digər deputat Nikolas Löbel bəyanatı öz “Tvitter” səhifəsində aşağıdakı şərhləri yerləşdirdi: “Biz Dağlıq Qarabağdakı beynəlxalq hüquqa zidd vəziyyətə son qoymalıyıq və münaqişənin sülh yolu ilə həllinə ehtiyac duyuruq. Ermənistan və Azərbaycan Cənubi Qafqazda demokratiya və sabitliyin yaradılması üçün danışıqlar masasına oturmalıdırlar(https://twitter.com/NikolasLoebel/status/1312006757795889152)“.

Eyni zamanda, CDU/CSU fraksiyasının digər deputatı Olaf Quttinq öz tvitter səhifəsində bu bəyanatı bölüşərək ona qoşulduğunu bəyan etdi:“Həmkarlarımla tamamilə razıyam. Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd vəziyyətə son qoyulmalı və münaqişə sülh yolu ilə həll olunmalıdır”. (https://twitter.com/olavgutting/status/1312010117953581056)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm