2015 nə ilə yadda qaldı? İLİN MÜHÜM HADİSƏLƏRİ
Bizi izləyin

Qırmızı.az

2015 nə ilə yadda qaldı? İLİN MÜHÜM HADİSƏLƏRİ

2015 nə ilə yadda qaldı? İLİN MÜHÜM HADİSƏLƏRİ

Yola salmağa hazırlaşdığımız 2015-ci il də cəmiyyət həyatında baş verən hadisələr baxımından zəngin oldu. Bu il də ölüm-itim, təbii fəlakətlər, ağır cinayətlər və s. baş verdi...

Publika.az ötən ilin yaddaqalan hadisələrinin xronologiyasını təqdim edir.

Mayda Binəqədi rayonunun Azadlıq prospektində yerləşən çoxmərtəbəli yaşayış binasındakı yanğın bütün ölkəni sarsıtdı. Mayın 19-da baş verən yanğın nəticəsində 15 nəfər həlak oldu, 26 nəfər yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirildi.

Sentyabrın 29-da ölkə ərazisində bir neçə rayonda təxminən eyni saatda zəlzələlər oldu. Qəbələ rayonunda dalbadal 3, Lerikdə isə 3.2 bal gücündə zəlzələ baş verdi. İlin üçüncü rübündə ən güclü zəlzələ Ml=5.9 H=22 km səviyyəsində sentyabrın 4-də Oğuz rayonu ərazisində qeydə alınıb.

Hesabat ilində ölkədə ümumilikdə 17 hiss olunan zəlzələ baş verib.

Oktyabr ayının 7-də Bakı-Sumqayıt yolunda baş verən sürüşmə nəticəsində 3 istinad divarında çatlar əmələ gəldi, Bakı Avtovağzalının binası və qarşısındakı yol üçün ciddi təhlükə yarandı. Lakin istinad divarlarındakı çatın irəliləməsinin qarşısının alınması üçün bir sıra tədbirlər görüldü. Hadisəyə səbəbin isə atmosfer çöküntüləri, suvarmalarla əlaqədar olduğu təsdiqləndi.

İlin ikinci yarımili yenə də təbii fəlakətlərlə yadda qaldı. Xüsusən də cənub rayonlarında daşan sel suları kəndləri basdı.

Oktyabrın 29-dan Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bir neçə kənd ərazisindən axan kiçik çaylar daşaraq sahilboyu evlərin həyətyanı sahələrinə doldu. Lənkəran-İstisu-Havzava yaşayış məntəqələrini birləşdirən körpü qəzalı hala düşdü. Lənkəranın bir neçə kəndi suyun altında qaldı və dağlardan gələn sel suları nəticəsində avtomobil yolları bağlandı. Köməyə ehtiyacı olan insanlar təhlükəsiz əraziyə köçürüldü. Güclü yağışlar və külək Lənkəranla yanaşı, Astara, Masallı, Cəlilabad rayonlarında elektrik naqillərini qıraraq kəndləri işıqsız qoydu.

Noyabrın 16-da saat 16:10 radələrində Azərbaycan ərazisinin əksər hissəsində internet əlaqəsi kəsildi. Ölkənin əksər internet provayderlərinin abonentləri qlobal şəbəkəyə qoşula bilmədilər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Delta Telecom" MMC-nin DATA Mərkəzində yanğın baş verdiyi təsdiqləndi.

Dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın və qəza 31 neftçinin həyatına son qoydu.

Qəza və yanğının yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusunun qırılması, boru kəmərinin zədələnməsi nəticəsində yarandığı bildirildi. Qəza baş verəndən sonra yanğınsöndürmə və xilasetmə işləri nəticəsində 32 nəfər xilas olunaraq təxliyyə edildi. Hadisə nəticəsində platformada olan 63 nəfərdən 2-nin həlak olması, 29 nəfərin isə itkin düşməsilə bağlı məlumat yayıldı. FHN və DSX-nin xilasediciləri sudan indiyədək 8 nəfərin cəsədini tapıb, 23 nəfərin axtarışları hələ də davam etdirilir.

***

İl başlayan kimi, elə ilk aylardan kriminal hadisələrlə “zəngin” oldu. İlin ən səs-küylu hadisələrindən biri "Zaminbank"ın filial müdiri Azər Məmmədovun "Avropa" otelində qətlə yetirilməsi idi. Aprel ayının 21-də Azər Məmmədov oteldə məşq edərkən Sənan Quliyevlə məşqçi Ruslan Əfəndiyev arasında dava düşüb. Aranı sakitləşdirməyə çalışan A.Məmmədov özü hücuma məruz qalıb. S.Quliyev bıçaqla məşqçini və Azəri vurub. Filial müdiri aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Bir müddət də gündəmdə olan kriminal hadisə aprelin 29-da 20 yaşlı gəncin məktəbli qızı qətlə yetirməsi oldu. Nizami rayonunda törədilən cinayət hadisəsinə səbəb 1995-ci il təvəllüdlü İzzət Hüseynovla sevdiyi qız - 1998-ci il təvəllüdlü Aytac Babayeva arasında yaranan münaqişə olub. Nəticədə 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac bıçaqlanaraq öldürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Hüseynov tutulub. O, A.Babayevanı sevdiyini, lakin son zamanlar aralarında anlaşılmazlıqlar yarandığını, qətli də bu səbəbdən düşən mübahisə zamanı törətdiyini deyib.

Mayın 28-də Bakının Pirallahı rayonunda dəhşətli qətl hadisəsi törədilib. Polis 5 yaşlı qızın boğularaq qətlə yetirilmiş meyitini qonşuluqdakı həyətdə tapıb. Araşdırmalar zamanı məlum olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç törədib.

İlkin məlumata görə, Y.Çernov qızcığazı zorlayıb və daha sonra boğaraq qətlə yetirib. Hadisəni törədən şəxs saxlanılıb.

İyun ayının 8-də Saray bələdiyyəsinin sədri Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov uşaqlarınıngözü qarşısında amansızlıqla qətlə yetirilib. Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin başını kəsib, ərini isə odlu silahla ürəyindən vurub. Hadisənin torpaq mübahisəsi üstündə olduğu bildirilir.

Sentyabrın 14-də İsmayıllı rayonunda 12 yaşlı məktəbli intihar edib. Azyaşlı olduğuna görə cəmiyyətdə əks-səda doğuran intiharın səbəbi daha ürəkparçalayan idi. Yeni dərs ilinə bir gün qalmış özünü asan İsmət Əsədovun intiharına səbəb ailəsinin çanta və köynək ala bilməməsi olub.

Sentyabrın 15-də oxşar hadisə Cəlilabad rayonunda baş verib. Rayonun Gülməmmədli kənd sakini, 12 yaşlı T.Ə. özünü həyətlərindəki yardımçı tikilidə asaraq intihar edib. Hadisə 15 sentyabrda - Bilik Günündə baş verib. Ancaq hansı səbəbdən baş verdiyi məlum deyil.

Noyabrın 11-də Bakıda 9 yaşlı uşaq özünü kondisionerin naqilindən asaraq intihar edib. Onun SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadənin sürücüsünün qızı olduğu təsdiqlənib.

Pərixanım Böyükağa qızı Məmmədova uşaq otağındakı kondisionerin naqilindən özünü asaraq canına qıyıb. 9 yaşlı qızın özünə qəsd etməsinin səbəbi bilinmir.

Noyabrın 28-də Zaqatala rayon sakini Vüsal Bəşirovun əlləri həmkəndliləri tərəfindən balta ilə kəsilib. Müəyyən edilib ki, radikal dini təriqətlərdən birinə mənsub rayon sakinləri Rəşad Tahirov və Araz Musayev aralarında əldə olunmuş razılığa əsasən, həmyerliləri Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq qərarına gəliblər. Borcunu vaxtında qaytara bilmədiyinə görə V.Bəşirovun əlləri şəhərin “Asma körpü” deyilən ərazisində balta ilə xüsusi amansızlıqla bilək nahiyəsindən kəsilib. Hadisəni törədənlər tapılaraq istintaqa cəlb edilib.

Sentyabrın 17-də Bakı-Sumqayıt yolunda dəhşətli yol qəzası baş verib. Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusu yol ayırıcısına çırpıb. Nəticədə onun sərnişinlərindən Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölüb, 9 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Ötən ilin ən səs-küylü hadisələri sırasında Milli Təhlükəsizlik və Rabitə və Yüksək Texnologiyalar nazirliklərində işdən çıxarılmalar və həbslər də əsas yeri tutur. Belə ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarıldı. Bir neçə general və yüksəkçinli zabit həbs olundu.

Həmçinin, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən çıxarıldı, nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İB-nin baş direktoru Beytulla Hüseynov və bir neçə yüksəkvəzifəli məmur həbs edildi.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm