Piyada keçidindən istifadə edənlər hansı halda cərimələnə bilər?
Bizi izləyin

Qırmızı.az

Piyada keçidindən istifadə edənlər hansı halda cərimələnə bilər?

“Bu gün rəfiqəmlə “28 May” metrostansiyasının yaxınlığındakı keçiddən keçərkən cərimələndik. Biz yolu keçəndə yaşıl işıq yanırdı, lakin polislər isə bizi saxlayıb cərimələdilər. Əlbəttə, cərimə ilə razılaşmadıq. Polislər bizi kameraya baxmaq üçün bölməyə apardı. Orada kameraya baxanda da gördük ki, biz piyada keçidindən keçmək üçün addım atandan sonra qırmızı işıq yanıb. Polislər bildirdilər ki, qırmızı yananda zolağın üstündə olsaq da, cərimələnməliyik. Axı biz keçmək istəyəndə yaşıl idi necə cərimələnə bilərik? Həm də işıqforun saniyəgöstərəni piyada keçən hissədə qoyulmayıb. Ona görə də, qırmızının nə zaman yanacağını bilməyimiz mümkün deyil. Saniyəni görsək, bəlkə də, yolu keçməzdik”.

Nərgiz xanımın redaksiyamıza ünvanladığı sualı araşdırdıq. Piyada keçidindən istifadə edənlər hansı halda cərimələnə bilər?

Bir müddətdir metronun "28 May" stansiyasının yaxınlığında yerləşən "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı piyada keçidinin yanına işıqfor qoyulub. Əraziyə polis əməkdaşları da nəzarət edir. Əvvəl yolda işıqfor yox idi, keçid üzərində sıxlıq olurdu ki, bu da sürücülərin gecikməsinə səbəb olurdu. İşıqforun qoyulması sürücülərin problemini həll etsə də, indi də piyadalar tez-tez cərimələndiklərinə görə narazıdır. Ərazidə uzun müddətdir işıqfor olmadığından piyadalar bu yeniliyə alışmayıb. Küçənin hər iki istiqamətində dayanan polislər bu məqamdan istifadə edir, piyadaya xəbərdarlıq etməkdənsə, onun yolu keçib cərimələnməsinə şərait yaradır. Bununla həm piyada, həm sürücünün həyatını təhlükəyə atmış olurlar.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Publika.az bildirib ki, bu məsələyə iki istiqamətdə yanaşmaq lazımdır.

“Piyada orta xətti olan yolda hərəkət edirsə, orta xəttə çatana qədər qırmızı işıq yanırsa, orada dayanmalıdır. Orta xətdən keçəndən sonra qırmızı işıq yananda isə yolu axıra qədər getməlidir. Bu məqamda onun yolu axıra qədər getməsinə sürücülər də imkan yaratmalıdır. Yol birtərəflidirsə, sürücülər ona yolu axıra qədər getməsinə şərait yaratmalıdırlar. Hər iki halda da piyada üçün heç bir cərimə nəzərdə tutulmayıb.“28 May” stansiyası yaxınlığındakı keçiddə hərəkət birtərəfli olduğuna görə piyada ayağını keçidə qoyanda yaşıl işıq yanıbsa, onları cərimələyə bilməzlər. İşıqforun piyadalar üçün nəzərdə tutulmuş istiqamətində saniyə göstərilsə daha yaxşı olardı, bu zaman piyadalar da sürücülər kimi neçə saniyə sonra qırmızı işığın yanacağını görüb, yolu keçməzdilər. Lakin bir çox hallarda sarı işıq bu saniyəni əvəz edir”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, bu məqamda piyada cərimələnə bilməz:

“Piyada yerüstü keçiddən keçən zaman yolun ortasında olanda qırmızı işıq yansa, piyada hətəkətini başa çatdırmaq üçün tələsməlidir. Yolda orta xətt varsa, həmin ərazidə təhlükəsizliyini təmin etməyi bacarmalıdır. Bu zaman piyada cərimələnmir”.

Redaksiyaya müraciət edən piyadanın iddiasına gəldikdə, V.Əsədov bildirib ki, həmin piyada bununla bağlı yol polisinə yenidən müraciət edə bilər:

“Hesab edirəm ki, qırmızı işıqdan keçməyən birinə cərimə yazılmaz. Lakin bununla yanaşı, piyada keçiddə keçərkən qırmızı işıq yanıbsa və buna görə cərimələnibsə, bu zaman şikayət ərizəsi yaza bilər. Kameralara baxılar, onun yaşıl işıqda keçdiyi təsdiqlənərsə, cərimədən azad edilər. Yalnız işıqforun qırmızı işığı yanarkən keçənlər cərimələnməlidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm