“Nemət Pənahlı onlarla müəllimi tutdurdu” - Eyyub Hüseynovun “ŞƏXSİ İŞ”ində ŞOK FAKTLAR
Bizi izləyin

Qırmızı.az

“Nemət Pənahlı onlarla müəllimi tutdurdu” - Eyyub Hüseynovun “ŞƏXSİ İŞ”ində ŞOK FAKTLAR

“Nemət Pənahlı onlarla müəllimi tutdurdu” - Eyyub Hüseynovun “ŞƏXSİ İŞ”ində ŞOK FAKTLAR

Qeyri-hökumət təşkilatları fəalları, ictimai birliklərin rəhbərləri, hüquq müdafiəçiləri, siyasətçilər, elm, mədəniyyət adamları... Onları əsasən gördükləri işlərlə, həyata keçirdikləri layihələrlə, bir sözlə, işləri ilə tanıyırıq. Halbuki müəyyən həyat yolu keçmiş bu şəxslərin uşaqlıq, yeniyetməlik, gənclik dövrləri, şəxsi həyatları da kifayət qədər maraqlıdır.

Publika.az da bu marağı nəzərə alaraq ictimai şəxslərin keçmişinə, eləcə də indisinə nəzər salmaq məqsədilə yeni "Şəxsi iş" rubrikasına başlayır. Rubrikamızın ilk qonağı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovdur.

Şəxsi iş: 1947-ci ildə Sabirabad rayonunun keçmiş Vladimirovka, indiki Nizami kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənddə alıb. Lenin adına Pedaqoji İnstitutun riyaziyyat fakültəsində ali təhsilə yiyələnib.

Hazırda Azad İstehlakçılar Birliyinin sədridir.

Evlidir. 3 qızı, bir oğlu var.

"Ən böyük arzum riyaziyyatçı olmaq idi..."

1947-ci ildə Sabirabad rayonunun keçmiş Vladimirovka, indiki Nizami kəndində dünyaya gəlmiş Eyyub Hüseynovun uşaqlıq illəri maraqlı məqamlarla doludur. Sabirabadda dünyaya gəlsə də, atası əslən şuşalı, anası kəlbəcərlidir: "İlk təhsilimi kəndimizdəki orta məktəbdə aldım. Dindar ailədə böyümüşəm. Atam Mahmud Məşhəd ziyarətində olmuşdu. Qatı dindar, din adamı idi. Amma Sovet hökuməti vaxtında bunu açıb-ağarda bilmirdik.

Anam evdar qadın olub. Valideynlərimin hər ikisi dünyasını dəyişib. Ailədə dörd bacı, iki qardaş idik".

Eyyub Hüseynovun sözlərinə görə, yay tətilindən əlavə, hər il 3 ay məktəbə getməyib: "Pambıq yığar, alaq otlarını təmizləyərdik, vertolyotlar isə göydən başımıza zəhər səpirdilər...

Hər il bir neçə ay məktəbə getməməyimizə baxmayaraq, riyaziyyat üzrə bilik olimpiadasında Sabirabad rayonunu respublika səviyyəsində uğurla təmsil edirdim. Olimpiadada bir neçə dəfə ilk yerlərdən birini tutdum. Ən böyük uşaqlıq arzum riyaziyyatçı olmaq idi".

"Tələbə yoldaşlarım arasında deputat da var..."

O, orta məktəbi bitirdikdən sonra çox sevdiyi müəllimlik ixtisasına yiyələnir: "İnstituta qəbul imtahanında iki nəfər növbə gözləyirdik. Müəllimlər ikimizi də eyni vaxtda çağırdılar. Mən ona yol verdim, o da mənə. Beləcə ünsiyyətimiz yarandı. İkimiz də qəbul olduq və bir yerdə oxuduq. İndi Nazirlər Kabinetində işləyən həmin şəxslə - Aləmşahla həmin gündən bu günə qədər dostuq...

Kurs rəhbəri olduğumdan, institutdakı tələbə yoldaşlarımı 40 il sonra topladım. Qərara aldıq ki, mütəmadi görüşək. Toplanıb söhbət edir, dərdləşirik. Tələbə yoldaşlarım arasında deputat da var. Milli Məclisin üzvü Flora Qasımova tələbə yoldaşım olub".

Onun institut həyatında bir sıra maraqlı hadisələr baş verib: "Orta məktəbi bitirib, 1965-ci ildə Lenin adına Pedaqoji İnstitutun riyaziyyat fakültəsinə daxil oldum. İnstitutda "əla" qiymətlər alırdım, qrup rəhbəri idim. Bir müddət sonra bildim ki, burda qrup rəhbərlərinin himayədarları var. Buna görə də institutda himayədarım olmadığından qovulmağımdan qorxurdum. Samboya gedirdim. Bir dəfə yarışöncəsi idman müəllimimiz dedi ki, "əgər rəqibini yıxmasan, səni institutdan qovduracam". Rəqibim isə kimya fakültəsindən olan cüssəli, boylu-buxunlu tələbə idi. Qovulmaqdan elə qorxdum ki, yarış başlayan kimi onu yıxdım. Həmin şəxs indi məşhur alim, professordur. Hər dəfə o xatirələri yada salanda, deyir ki, sən o vaxt məni necə yıxdın axı? Cavab verirəm ki, institutdan qovulmaq qorxum güc gəldi (gülür)...

Qohumpərəstlik, yerlibazlıq nədir, bilmirdim. Sonuncu kursda oxuyanda Elmi Şura institutda qalıb işləməyim haqda qərar verdi. Həmin vaxtlar şəhərdə qalıb işləmək, alim olmaq arzusuyla yaşayırdım. Sən demə, bilmədiyim şeylər varmış. İnstitutda qalmamağım üçün dövlət imtahanında ixtisas fənnindən "3" yazdılar. Hiss edirdim ki, müəllimlər mənim taleyimi həll edirlər. Hər şeyi sübut etməyə çalışsam da, heç bir nəticə vermədi. Buna görə də, qiymətimi kəsən Qardaşxan Qasımova dedim ki, "sənin başının çölü ağarsa da, içi kal qalıb". Komissiya üzvləri isə bu mənzərəni soyuqqanlılıqla seyr edirdilər. Mənim yerimə başqasını institutda saxladılar..."

Kənd müəlliminə növbədənkənar təzə "Jiquli"...

Buna görə də o, sonda kənd müəllimi olub: "... Çölbeştəli kəndində müəllim işləməyə başladım. Müəllimlik illəri həyatımın ən şərəfli illəri idi. Düz 8 il kənddə müəllimlik etdim. Yeri gəlmişkən, mən Çölbeştəlidə müəllim işləməyə başlayanda 360 evin olduğu kənddə ali təhsilli şəxs yox idi. Yalnız bir nəfər qiyabi ali təhsil alırdı. Orda dərs dediyim 8 il ərzində Çölbeştəlidə 23 riyaziyyat müəllimi yetişdirdim. Buna görə də indi rüşvət alanlara deyirəm ki, mənim kəndli uşaqların əlindən tutub riyaziyyat fənnini öyrətdiyim 8 il sizin rüşvətlə dolu ömrünüzdən şərəflidir. Həmin illərlə fəxr edirəm".

Həmsöhbətim deyir ki, müəllimlik etdiyi illərdə də təzyiqlərlə üzləşib: "O vaxt "2" qiymətə layiq olanların qiymətlərini şişirdib növbəti sinfə keçirirdilər. Gərək məktəblilərin hamısı sinifdən sinfə keçəydi. Mənsə Sovet təhsil ənənəsinə zidd olaraq riyaziyyatdan "2" qiymət alan məktəbliləri payız imtahanına saxlayırdım. Buna görə mənə qarşı təzyiqlər başladı. Maarif Nazirliyinin nümayəndələri rayona gəlib, şagirdləri nə üçün payız imtahanına saxlamağımla bağlı sorğu-sual etdilər. Yay tətilinə getməyib, həmin şagirdləri payız imtahanına hazırlayırdım. Özümə də zülm edirdim, uşaqlara da...

Dərsini bilməyən uşaqları gecə bəzən saat 1-ə, 2-yə qədər sinif otaqlarında saxlayıb oxutdururdum. Heç bir elektrik enerjisi, istiliyi olmayan palçıqlı kənddə...".

Bütün bunlar isə rayonun birinci katibinin gözlənilmədən kəndə gəlməsinə səbəb olub: "Qış ayı, gecə, hər tərəf qaranlıq, göz gözü görmür. Uşaqları saxlamışam, əllərim, hətta qollarım təbaşirə bulaşıb. Birdən qapı açıldı. Sabirabad rayonunun birinci katibi Məmməd Məmmədov sinif otağına daxil oldu. Katib mənə acıqlandı. Hirsli-hirsli dedi ki, "tez şagirdləri evə burax. Kolxozçular səhər işə gedəcəklər. Sən isə onları indiyədək burda saxlamısan".

Məktəblilərin valideynlərinin o biri otaqlarda uşaqları gözlədiklərini bilmirdim. Uşaqları dərhal evə buraxdım. Özümü pis hiss edirdim. Partiyaya yeni keçmişdim. Düşünürdüm ki, buna görə məni partiyadan qovacaqlar. Amma fikirləşdiklərimin tam əski baş verdi: mənə növbədənkənar təzə "Jiquli" verdilər.

Maarif Nazirliyi mənimçün ayrıca təmayüllü qrup açdı. Məktəbliləri həmin qruplarda fənn olimpiadalarına hazırlayırdım.

Lakin bir qədər sonra rayonun maarif şöbəsi məktəblilərə aşağı qiymət yazdığım üçün məni cəzalandırmaq qərarına gəldi. Buna görə də Bakıya köçmək məcburiyyətində qaldım. Və Bakıda Politexnik Texnikumunda müəllimlik etməyə başladım".

Onlarla müəllimi "KQB"-yə tutduran məşhur kimdir?

E.Hüseynovun sözlərinə görə, texnikum həyatı da maraqlı hadisələrlə zəngin olub: "Orada hər şey rüşvətlə həyata keçirilirdi. Avtomobil ixtisası və digər fakültələrdə tələbələrdən pul yığılırdı. Buna görə texnikum həyatına nifrət edirdik. Savadsız, rüşvətxor həmkarlarımın bu əməllərinə narazılıq edirdik.

Bu faktı mətbuata ilk dəfə açıqlayıram. Bir gün qəbul imtahanlarından birində "KQB"-nin 25 əməkdaşından ibarət qrup texnikuma gəldi. Bunu görən bəzi müəllimlər rüşvət kimi aldıqları pulu zibil yeşiyinə atmaq istədilər. Amma buna nail olmadılar. Çoxlu sayda müəllim həbs olundu. Sonradan məlum oldu ki, müəllimləri həbs etdirən Alik adlı bir oğlan imiş. Alik burda baş verənlər haqda "KQB"-yə xəbər vermişdi. Onlar da əməliyyata başlamışdılar.

Müəllimlərdən bir neçəsi uzun müddətə həbs edildi. Biri hətta 8 il azadlıqdan məhrum edildi.

Maraqlı bir məsələni də deyim. Mən artıq AİB-in sədri idim. Uzun müddət azadlıqdan məhrum edilmiş müəllimlərdən biri azadlığa çıxdıqdan sonra ofisimizə gəldi. Soruşdu ki, "Eyyub, bilirsən məni həbs etdirən kim idi?" Cavab verdim ki, yox.

Dedi, Alik yadındadır? Dedim ki, yadımdadır.

"Bizi Alik tutdurmuşdu. Alik bilirsənmi kimdir?" -soruşdu.

Mən də soruşdum ki, kimdir?

Dedi, Nemət Pənahlı.

Bu, həmin Nemət Pənahlıdır ki, sonralar "KQB"-nin arxivlərinin açılması tələbini irəli sürürdü. Məlum oldu ki, Nemət Pənahlı hələ yeniyetmə yaşlarından "KQB" ilə əlaqədəymiş. Vicdanımın rahat olması üçün bunu ilk olaraq sizə deyirəm.

Kütləvi həbs olayı ilə bağlı bir faktı da diqqətinizə çatdırım. Texnikumda uzun illər bir nəfər məsul katib işləyirdi. Həmin şəxs Nemət Pənahlının qayınatasıdır".

Eyyub müəllim sonralar Ticarət Texnikumunda da işləyib: "Texnikumdakı mühit bəzi müəllimləri qane etmirdi. Baş verənlərlə barışmasaq da, müəllim olduğumuzdan işləməyə məcbur idik. Bir müddət sonra Ticarət Texnikumunda işləməyə başladım.

1993-cü ildə qaçqınlarla bağlı müəssisə yaratdım. Onların işlə təmin olunması üçün bir sıra proqramları həyata keçirdim. Rentabelli müəssisə idi. Qaçqınlar burada əməkdaş kimi çalışır, yaxşı maaş alırdılar. Lakin müəssisənin əməkdaşları arasında oğurluqlar başladı. Buna görə müəssisənin fəaliyyətinə xitam verdim".

Müsahibim deyir ki, hələ texnikumda çalışanda istehlakçı hüquqlarının pozulmasının şahidi olub: "Daim onların hüquqlarını qorumaq barədə düşünürdüm. 1995-ci ildə istehlakçıların hüquqları haqqında qanun qəbul olundu. 1997-ci ildə bu təşkilatı yaratdım və çətinliklə qeydiyyata aldırdım".

"Oğlum Harvardı bitirib, qızım Amerikada ürək cərrahıdır..."

Dediyinə görə, valideynləri dindar olmalarına baxmayaraq, övladlarının ailə qurmaq seçiminə müdaxilə etməyiblər: "Eyni kənddə yaşadığım və bizim məktəbdə oxuyan qızla ailə qurdum. Həyat yoldaşım əvvəllər işləyirdi, amma indi bəzi səbəblər üzündən işləmir.

Üç qızımız, bir oğlumuz dünyaya gəldi. Övladlarımın hamısı ali təhsil aldılar. Oğlum ABŞ-ın Harvard Universitetini bitirib. Amerikada 3 ali təhsil alıb. İndi xarici dövlətlərdən birində çalışır.

Qızım Amerikada ürək cərrahıdır, professordur.

Digər qızım Almaniyanın dövlət orqanında işləyir.

O biri qızım isə Bakıda şirkətdə çalışır.

Mənim müəllimlik sənətimin övladlarıma verdiyi bunlar olub. Ümumiyyətlə, insanın ağıllı, sağlam düşüncəli övladları varsa, deməli, xoşbəxtdir. Övladlarımın hamısı ailəlidir, 6 nəvəm var".

Eyyub Hüseynov deyir ki, həyatdakı ən böyük arzularından birinə qovuşub. Özü də qəribə şəkildə: "Sabirabad məktəbindən Bakıya olimpiadaya göndəriləndə çox vaxt paytaxtın 23 saylı orta məktəbinin şagirdləri birinci yeri tuturdular. Həmişə deyirdim, "Allah, kaş Bakıda yaşayardım və 23 saylı məktəbdə oxuyardım". Paytaxta gələndə həmin məktəbin qarşısında dayanıb onun binasına baxırdım. Həyat elə gətirdi ki, övladım elə 23 saylı orta məktəbdə oxudu. Məktəbin binasına bitişik binadan ev aldım".

Musiqiylə qəti şəkildə maraqlanmadığını deyən müsahibim mahnıların onun zövqünü oxşamadığını deyir: "Asudə vaxtlarımda mətbuatı izləyir, marketinqlə bağlı və dini ədəbiyyat oxuyuram. Hazırda "Batini-Quran"ı mütaliə edirəm. Amma təəssüf ki, namaz qılmıram..."

Anar Tağıyev

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm