“Qəfəslərdən telefon, kabab şişi, çətir çıxır...” – zooparkın heyvan baxıcısı ilə İŞGÜZAR SÖHBƏT
Bizi izləyin

Qırmızı.az

“Qəfəslərdən telefon, kabab şişi, çətir çıxır...” – zooparkın heyvan baxıcısı ilə İŞGÜZAR SÖHBƏT

“Qəfəslərdən telefon, kabab şişi, çətir çıxır...” – zooparkın heyvan baxıcısı ilə İŞGÜZAR SÖHBƏT

Hər bir sənətin, peşənin özünəməxsus maraqlı cəhətləri, xüsusiyyəti, çətinliyi var. Bu baxımdan, istənilən sahədə uğur qazanmaq üçün ilk növbədə onun sirlərinə bələd olmaq lazımdır. Məsələn, zooparklardakı heyvan qulluqçularının, nəzarətçilərin kifayət qədər maraqlı, eyni zamanda təhlükəli işləri var. Onlar aslanların, pələnglərin, ayıların "dillərini" yaxşı bilməsələr, hər an canlarından olarlar...

Bakı Zooloji Parkının Ornitologiya Şöbəsinin əməkdaşı Samir Məmmədov da bu fikirdədir. O, Publika.az-ın "İşgüzar söhbət" rubrikasına müsahibəsində gündəlik işi, qarşılaşdığı maraqlı hadisələr barədə danışır.

"Kiçik səhv insana həyatı bahasına başa gələ bilər..."

10 ildən çoxdur zooparkda işlədiyini deyən müsahibimiz qeyd edir ki, 2004-cü ildə Bakı Zooloji Parkında çalışmağa başlayanda bir sıra çətinliklərlə üzləşib: "Bura gəlməzdən əvvəl mənən hazırlıqlı idim. Bilirdim ki, hara gedirəm. Amma etiraf edim ki, əvvəllər bir az qorxdum. Hətta gecə yatanda yuxularımı da qarışdırırdım. Siz şirləri, pələngləri kənardan, qəfəsin içində seyr edirsiniz. Amma biz onlarla yaxın məsafədə təmasda oluruq. Burda yırtıcılarla rəftarda kiçik səhv insana həyatı bahasına başa gələ bilər.

Əslində, heyvan qulluqçusu olmaq üçün bu sahə üzrə ali təhsilin olması lazımdır. Amma təcrübə göstərir ki, bunu sonradan öyrənmək də mümkündür. Mənim ixtisasım başqa sahə üzrədir. Lakin hələ uşaq yaşlarımdan heyvanları sevdiyimdən burda çalışmağı qərara aldım".

Samirin sözlərinə görə, zooparkda çalışmaq üçün insanda ilk növbədə həvəs olmalıdır: "İlin bütün fəsillərində günümüzün yarısı bu canlıların yanında keçir. İş səhər saat 9-da başlayır, axşam 6-da bitir.

Zoopark işçisi heyvanlardan iyrənməməlidir. Axı bu canlılar bizdən asılıdır. Onlara qida, su vermək, yerlərini və su içdikləri qabları təmizləmək lazımdır. Heyvanlara verilməli vitaminlər, parazitlərdən qorunmaları üçün zəruri olan dərmanlar haqda bilmək lazımdır.

Onların problemlərini anlamaq üçün mütəxəssis olmaq gərəkdir. Heyvanları ancaq biz görürük deyə, gərək dərdlərini vaxtında anlayaq. Hər kəs onlara qulluq edə, qida, su verə bilməz.

Zooparkdakı heyvanların bir qismi, o cümlədən qırqovullar, Sultan toyuqları, müxtəlif qartal növləri, bəzi yırtıcılar və digər canlıların adları "Qırmızı kitab"a salınıb. Onların sayını artırmaq, qorumaq zəruri şərtdir.

Burada çalışmaq həm də ona görə məsuliyyət tələb edir ki, nəsli kəsilməkdə olan heyvanların həyatı, yaşamı bizim əlimizdədir. Heyvana yaxşı qulluq etməsək, problemlərini həkimə vaxtında çatdırmasaq, öləcək..."

"Heyvanlar hər gün əlimi dişləyir, paltarımı cırırlar..."

Həmsöhbətim deyir ki, heyvanlar yemək yeməyincə özü nahar etmir: "Əvvəlcə onları yedirdirəm, sonra özüm nahar edirəm. Mən yemək yeyim, heyvan isə ac qalıb mənə baxsın, - bunu bacarmaram.

Heyvanların qida xərcləri dövlət tərəfindən ödənir. Qidalar ümumi anbara gətirilir və oradan heyvanlara verilir. Ət, kök, kələm, çuğundur, alma, xiyar, dənli bitkilər, meyvə-tərəvəz, digər qida növləri hansı heyvana nə qədər lazımdırsa, gün ərzində verilir.

Bəzən heyvanlar qida üstündə dalaşırlar. Buna görə də onlara nəzarət etmək, yerlərini ayırmaq lazım gəlir. (Əli ilə qəfəsdəki canavarları göstərərək) Baxın, dişi və erkək canavar dalaşıb, birinin ayağı zədələnib. Biz indi onun yarasını sağaltmalıyıq.

Burada müdirlə işçilər birlikdə, kollektiv şəkildə çalışır. Zooparkda hamı eyni vaxtda işləyir, bəzən rəhbər də daxil olmaqla, hər birimiz çiyin-çiyinə çalışırıq. Belə olmasa, heyvanları saxlamaq, onlara qulluq göstərmək, sağaltmaq olmaz.

Yırtıcı heyvanlarla işlədiyimizdən, burda hər bir şey təhlükəlidir. Hətta adi çöl quşu da insana zərər verə bilər. Hər gün hansısa heyvan əlimi dişləyir, zədələyir, hücum edib paltarımı cırır. Elə gün olmur ki, heyvanlar mənə hücum etməsin..."

"Piton dəfələrlə əlimi dişləyib..."

Onun sözlərinə görə, heyvanlara qida verərkən, yerlərini təmizləyərkən qulluqçular son dərəcə diqqətli olmalıdırlar: "Qartala yem vermək üçün qəfəsə girəndə arxadan hücum edib əlimi dişləyir. Bu gün də belə oldu. Qəfəsə girdim, aşağı əyildim ki, ət atım. Ac olduğundan dimdiyi ilə şalvarımı cırmaq istədi.

Eləcə də, piton ilanları dəfələrlə əlimi dişləyib. Onlarda zəhər olmadığından, sadəcə, dişlərinin izi qalıb. Azacıq qan axır, hər şey ötüb keçir. Buna görə antibiotik iynələr vurdururuq. Artıq belə hallara alışmışıq. Bu illər ərzində heyvanlara o qədər yem vermişəm ki, bəziləri mənə öyrəşiblər. Məsələn, kiçik qartallardan biri məni tanıdığından toxunmur. Onu sığallayıram, dimdiyinə toxunuram, lakin heç nə etmir. Halbuki başqası olsa, hücum edər.

Amma timsahın dişləməsi insanın ölümü ilə nəticələnə bilər. Buna görə də onun saxlandığı yerə qətiyyən girmirik. Qidanı uzaqdan atır, suyunu və yerini xüsusi vasitəylə təmizləyirik.

Həftədə bir gün yırtıcı heyvanlar üçün "ac gün" olur. Həmin gün onlara yemək vermirik. Yırtıcılar təbiət qoynunda heç də hər gün qida tapa bilmirlər. Odur ki, zooparkda həftədə bir gün yırtıcı heyvanları ac saxlayırıq ki, piylənmə getməsin. Üstəlik, onlar geniş yerlərdə, hektarlarla ərazidə yox, qəfəsdədirlər. Əks təqdirdə, piylənmədən mədə xəstələnə bilər".

"Qəfəsin altını qazıb qaçdı..."

Müsahibim deyir ki, zoopark spesifik yerdir. Kənardan asan görünsə də, burada iş çox çətindir: "Bəzən olub ki, hansısa heyvan burdan qaçmağa çalışıb. Bir dəfə vəhşi pişik qəfəsin kənarını qazaraq çölə çıxdı. Bu, bizim diqqətimizdən yayınmışdı. Lakin onu tutub qəfəsə qaytardıq.

Ümumiyyətlə, zooparkdan qaçmağa yer yoxdur. Heyvanlar qaçsalar belə, parkın ərazisindən kənara çıxa bilməyəcəklər. Çünki hər tərəf bağlıdır. Həm də heyvanlar bura o qədər alışıblar ki, qəfəsdən çıxanda çaşbaş olurlar.

Yeri gəlmişkən, burdakı bəzi yırtıcılar, məsələn, canavarlar daha vəhşi təbiət qoynunda yaşaya bilməzlər. Çünki onlar qidanı insan vasitəsilə əldə etməyə öyrəniblər.

İki-üç ay əvvəl quşlardan biri qəfəsdən qaçmağa nail oldu. Lakin uzağa gedə bilmədi. Çünki qanadları kəsilib".

Heyvan baxıcısı vurğulayır ki, burada bütün heyvanlara peyvənd vurulur: "İldə bir dəfə həyata keçirilsə də, çətin prosesdir. Peyvənd prosesi bir aya-ay yarıma başa gəlir. Üç-dörd işçi heyvanları tutur, ayaqlarını bağlayır, bundan sonra iynə vururuq.

Proses bütün şöbələr üzrə həyata keçirilir. Bununla yanaşı, parazitləri, qurdları təmizləyirik. Bakı Zooparkındakı heyvanların xəstəliklərə yoluxma riski aşağıdır. Çünki onların hamısı peyvənd edilib. Amma xəstələnmə halları da olur. Parkda qoca heyvanlar, o cümlədən quşlar çox olduğundan xüsusən onlar tez tələf olur. Canlıların bir çoxu küləyə qarşı həssasdır. Düzdür, bacardığımız qədər bunun qarşısını almağa çalışırıq. Ancaq bir sıra hallarda quşları xilas etmək mümkün olmur.

Ölmüş heyvanların cəsədləri həkimlər tərəfindən yarılır və ölümün səbəbi araşdırılır..."

Elza Seyidcahan zooparkda...

S.Məmmədovun narazı olduğu məqamlar da var. Xüsusən də bəzi ziyarətçilərdən şikayətlənir. Deyir, elə bil ki, bir sıra insanlar bura ancaq heyvanları əsəbiləşdirmək üçün gəlirlər: "Heyvanların ölümlərinin əsas səbəbi də elə bununla bağlıdır. Buradakı canlıların kifayət qədər yeməyinin olmasına baxmayaraq, bəziləri heyvanlara zərərli qidalar, cips verir, qəfəslərə müxtəlif cür dəmir əşyalar, sellofan torbalar atırlar. Halbuki heyvana cips verəndə, onun qara ciyəri dağılır.

Həkimlər ölmüş heyvanların cəsədlərini yardıqda, onların qarnından sellofan torba, sap, ip, paketlər, qarğıdalı çıxır. Təsəvvür edin ki, yayda akvariumda saxladığımız balıqlara dondurma gətirirlər.

Neçə dəfə xəbərdarlıq edirik ki, heyvanları yemləməyin. Burda deyirik, gedib başqa qəfəsdə yemləyirlər. Elələri var, hətta heyvanlara daş, şüşə, plastik qablar atırlar. Qəfəslərin dəmirlərini qıranlar da olur.

Nə qədər xəbərdarlıq etsək də, faydası yoxdur. Uşaqlar qəfəslərə təpik vuraraq heyvanları əsəbiləşdirirlər, valideynlər isə övladlarını başa salmırlar...

Bəzən elə olub ki, uşaqlar burdakı heyvanları aparmaq istəyiblər. Bir də görürsən, azyaşlılar inadkarlıqla bildiriblər ki, filan quşun yumurtasını verin. Onlara buranın zoomağaza olmadığını başa salırıq.

Bəzən də qəfəsin içinə girib heyvanla foto çəkdirmək istəyiblər. Onlara çətinliklə də olsa başa salırıq ki, belə etmək olmaz.

Neçə dəfə xəbərdarlıq etmişik ki, qəfəsin içinə əl salmaq təhlükəlidir. Lakin reaksiya verməyiblər. Buna görə də bir neçə dəfə dəvəquşu uşaqların barmaqlarını dişləyib".

Samir deyir ki, meymunla yaxın təmasda olmamaq üçün xüsusi çəpər çəkilsə də, bəzi valideynlər uşaqlarını çəpərdən o biri üzə salırlar: "Buna görə də meymunlar dəfələrlə uşaqların əllərini dişləyib, paltarlarını cırıb. Hələ bir çoxları irad da bildirirlər ki, sizin heyvanlar əhliləşməyib. Sanki bura sirkdir, zoopark deyil.

Bəziləri hətta maneələri keçib yırtıcılarla yaxın təmasda olmağa cəhd göstərirlər. Düşünmürlər ki, yırtıcıları hirsləndirmək olmaz. Bu səbəbdən heyvanlar qəzəblənirlər. Bəzən ayını elə hirsləndirirlər ki, heyvan öz əlini dişləyir...

Meymunların qəfəsini təmizləyəndə oradan mobil telefon, kabab şişləri, bıçaq, ev açarı, qəpiklər, çətir, paltarlar tapırıq. Bir dəfə bir nəfər dedi ki, avtomobilinin açarı meymunun qəfəsinə düşüb. Axı bu necə ola bilər? Meymunların salındığı dəmir qəfəs ikiqatdır. Buna baxmayaraq, həmin şəxs əlindəki açarları qəfəsə uzadaraq meymunu hirsləndirib. Heyvan da qəfil tutub açarı əlindən alıb. Həmin şəxsə dedik ki, gözləyin heyvan yuvasına girsin, sonra...

Belə hallar əvvəllər də dəfələrlə baş verib".

Həmsöhbətim deyir ki, ziyarətçilər arasında özlərini qayda-qanuna uyğun aparanlar da az deyil. Hətta bura tez-tez məşhurlar da gəlir: "Yay fəslində bura tez-tez Murad Dadaşov uşaqları ilə, ATV-nin aparıcısı Zaur, Elza Seyidcahan gəlir.

Əcnəbilər də zooparkla maraqlanırlar. Nigeriyalılar, ərəblər, macarlar, hindistanlılar Bakı Zooloji Parkına tez-tez gələnlər arasındadır".

Anar Tağıyev

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm