Könlü balıq istəyən... Təzə balığı necə tanımalı? - MADDƏ 586
Bizi izləyin

Qırmızı.az

Könlü balıq istəyən... Təzə balığı necə tanımalı? - MADDƏ 586

Könlü balıq istəyən... Təzə balığı necə tanımalı? - MADDƏ 586

- Bu gün könlü balıq istəyən Keşlə bazarına üz tutur. Ən yaxşı, ən təzə balıq bizdədir.

Bunu Keşlə bazarında 10 ildir balıq satan Rübabə xala deyir. Biz də elə ondanca öyrənirik ki, bazarda kütümün kiloqramı 11, sudak 9-16, sazan 8, xan balığı 6, belamor 6,50 manata satılır.

O ki qaldı balığın keyfiyyətinə, Rübabə xala deyir, balığın başına barmağını batır, içəri batdısa, deməli, balıq köhnədi.

Bunu da hər gün azı 20-30 kiloqram balıq satan Rübabə xala deyir. Bəs, əslində, təzə, keyfiyyətli balığı köhnə balıqdan necə ayırmalı? Ümumilikdə, balıq və balıq məhsullarına tələb, bu sahədə dövlət standartı necədir?

Oxucularımıza bu işdə Publika.az-ın "Maddə 586" layihəsi yardımçı olacaq.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, vətəndaşlar balıq alarkən diqqətli olmalıdırlar. İlk növbədə nəzərə alınmalıdır ki, təzə balığın:

- dərisinin səthi təmiz, az miqdarda şəffaf seliklə örtülü olur;

- pulcuqları hamar və parlaq olur;

- dərisi ətinə möhkəm yapışmış olur;

- təzə balığın gözləri şəffaf, parlaq olur;

- təzə balığın qəlsəməsi tünd qırmızı, köhnə balıqda isə boz rəngə çalır;

- qəlsəmələrin arasını iylədikdə, spesifik təzə balıq iyi hiss edilir;

- əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır;

- basıldıqda əmələ gələn batıq tez hamarlanır;

- təzəlik dərəcəsinin itməsi ilə əlaqədar olaraq balıq ətinin ağ rəngi də itir, çəhrayı, qırmızı, qonur rənglər yaranır.

Balıq məhsulları alarkən istehlakçıların üzləşdiyi başlıca problem balığın saxlanma müddəti ilə bağlıdır. Təzə balıqdan spesifik çürümə iyi gəlməməlidir. Balıq köhnəldikcə, selik şəffaflığını itirir, ağ, sarı, boz və s. rənglərə çalır. Xarabolma dərəcəsindən asılı olaraq qəlsəmələrin rəngi qırmızı-qəhvəyi, çəhrayı və s. dəyişə bilər. Qəlsəmələrin üzərindəki selik qatı təzə balıqlarda şəffaf və rəngsiz olur. Saxlama müddətinin ötməsi nəticəsində balığın gözünün rəngi bulanıqlaşır.

Bundan başqa, balıq məhsullarının növündən asılı olaraq onların saxlanma müddəti, şəraiti və temperaturu da müxtəlifdir. Belə ki, ilin isti vaхtlarında müvafiq şəraitdə təzə balığı mağazada 24 saat, soyuq vaхtlarda 48 saat saхlamaq olar.

Duzlu balıq çəlləklərdə duzlanma səviyyəsindən asılı olaraq 4-9 ay, yeşiklərdə 4 aya qədər, xüsusi paketlərdə vakuum şəraitdə 20-35 sutka, vakuumsuz şəraitdə 10-15 sutka, hisə verilmiş və qaxac edilmiş balıqlar 2 aya qədər müddətdə saxlanıla bilər. Qurudulmuş balıq mənfi 8-10 dərəcədə 8-10 ay saxlanıla bilər.

Dövlət Xidməti onu da bildirir ki, keyfiyyətsiz balıq və balıq məhsullarının istehlakı insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir.

Balıq konservləri

Mağazalarda balıq konservləri alanda, hər kəsi eyni sual düşündürür: "görəsən, zəhərlənmərəm, görəsən, necə çıxacaq?"

Rəsmi açıqlamalara görə, balıq konservləri sterilizə olunmuş, hermetik qabda yerləşdirilən, istifadəyə hazır və müəyyənləşdirilmiş müddətədək saxlanılarkən keyfiyyətini itirməyən məhsuldur. Konservlər ticarət şəbəkəsində müxtəlif müddətlərdə 20ºC-dək olan temperaturda 75 faizdən çox olmayan nisbi rütubətdə saxlanılmalıdır. Konservlərin optimal temperaturda saxlanma müddəti onların növündən asılıdır. Məsələn, yağda hazırlanan balıq konservləri tomatlı konservlərdən daha yaxşı saxlanıldığına görə onları 20º temperaturda 2 ilə qədər saxlamaq olar. Tomatda olan balıq konservləri isə 0-5º temperaturda 18 aydan artıq olmayaraq saxlanıla bilər.

Ümumilikdə isə qida üçün hazır olan və hermetik qablarda daha çox saxlanıla bilən məhsullardan olan balıq konservlərinin saxlanma müddəti məhsulun növündən, qablaşdırılmasından, saxlama şəraitindən asılı olaraq 6 aydan 3 ilədək müəyyən edilir.

Qeyd: balığın konservləşdirildiyi metal qablarda əziklər, batıqlar və pas olduqda, onları almaq olmaz.

Balığın faydaları

Nəzərə çatdıraq ki, keyfiyyətsiz balıq nə qədər insan orqanizmi üçün təhlükəlidirsə, keyfiyyətli balıq bir o qədər faydalıdır. Xüsusilə göz üçün. Çünki balıq ətində zülal, yağ, minerallar, vitaminlər və digər bioloji fəal maddələr var. Fizioloji normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq istehlaк etməlidir.

Statistikaya görə, Azərbaycanda 2014-cü ildə adambaşına illik balıq istehlakı 7,15 kq təşkil edib. Hansı ki, 2001-ci ildə bu rəqəm 4,5 kq idi.

Onu da bildirək ki, 2015-ci il üzrə minimum istehlak səbətinin tərkibində əmək qabiliyyətli əhali üçün balıq və balıq məhsullarının istehlakı 7,7 kq, pensiyaçılar üçün 6,8 kq, uşaqlar üçün 8 kq nəzərdə tutulub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm