Qırmızı.az
Məktəbə qəbul zamanı verilən absurd suallar - NARAZILIQ
Uşağın saymaq, rəngləri ayırd eləmək, bir neçə şeir bilmək, hansısa hadisəni nəql eləmək bacarığı oldusa, bəs eləyir, qalanı öyrətməkçün məktəb məsuliyyət daşımalıdır. Ancaq məktəbə qəbul üçün keçirilən müsahibələrdə elə suallar verirlər ki, uşağın məktəbəqədər hazırlıq kursu, bağçada öyrəndikləri bəs eləmir. Mən başa düşmürəm, "Hansı bürcdənsən" "Vəhşi heyvanlar hansılardır" kimi suallara nə ehtiyac var? Uşaq imtahan vaxtı onsuz da psixoloji sıxıntıda olur, bu cür suallar verməklə onları daha da çaşdırırlar. Oğlumun bağça yoldaşı, hətta ikinci sinif proqramını mənimsəmişdi, çox sərrast cavablar verirdi, 25 şeir əzbərləmişdi, məntiqi reaksiyaları da əla idi. Yəni uşaq üçün vacib olan xüsusiyyətlər-əzbərləmək qabiliyyəti (yaddaş), fərqləri ayırd etmək, məntiqi reaksiyalar tam yerindəydi. Ancaq komissiyada yaşlı kişi müəllim uşağa necə yanaşıbsa, üçüncü sualdan sonra “kilidlənib”, danışmayıb. Valideyni nə edibsə, uşaq dinməyib. Beləcə, deyiblər ki, məktəbə götürə bilmərik”.
Bunu övladı bu il birinci sinfə gedəcək valideynlərdən biri Publika.az-a məktəbə qəbul prosesində təşkil olunan imtahanlardan şikayət edərkən deyib.
Valideyn imtahanların uşaqların yaş səviyyəsinə uyğun hazırlanmadığını iddia edir. Onun bu iddiasında nə qədər haqlı olmasına isə ekspertlərdən cavab öyrənəcəyik.
“Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi” Qaydalarına əsasən, 6 yaşı tamam olmuş uşaqların I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir. 6 yaşı tamam olmayanlar üçün isə müxtəlif məktəblərin müəllimlərindən ibarət imtahan təşkil edilir. Hər iki imtahan müsahibə şəklində keçir. Artıq 6 yaşı tamam olmuşlar üçün yanvar ayından imtahanlar keçirilir, yaşı tamam olmayanlar isə iyul ayında imtahan verəcək. Lakin bu imtahanların hər ikisinin təşkilinin valideynlərdə bir sıra narazılıqlar yaratması da bir gerçəklikdir.
Bəs onlar bu narazılıqlarında nə qədər haqlıdır?
Təhsil eksperti Məlahət Mürşüdlü hesab edir ki, bu proses sənəd qəbulu zamanı söhbət kimi olmalıdır. Yəni uşağın hər hansı sual ətrafında fikirləri öyrənilməlidir: “Təəssüf ki, bir çox məktəblərdə bilərəkdən çətin suallar verirlər. Əsasən, şəhər mərkəzindəki məktəblər bu üsula əl atırlar. Bu da səbəbsiz deyil, həmin məktəblərə o qədər müraciət olur ki, məcbur qalıb ixtisar aparmalıdırlar. Bəzi siniflərdə 40-a qədər şagird olur. Bu sıxlığın qarşısını almaq üçün bəzən məktəbə qəbulu imtahan səviyyəsinə gətirib çıxarırlar. Lakin bu yol doğru deyil, başqa üsul tapmaq lazımdır. Çünki imtahana qədər uşağı saatlarla gözlətmək, bir saata qədər ondan imtahan götürmək metodik nöqteyi nəzərdən yolverilməzdir”.
Ekspertin sözlərinə görə, imtahanda uşağa maksimum humanist yanaşmalı, onun yaşına uyğun, dünyagörüşü nəzərə alınaraq suallar verilməlidir: "Müəllimlər 6 yaşında uşağın nələri biləcəyini müəyyənləşdirib sualları ona uyğun qurmalıdır. Bu prosesdə xüsusi komissiyaya ehtiyac yoxdur, sinif müəllimi də bu söhbəti apara bilər. Çünki məktəb uşaqlar üçün yad bir məkandır. Çox zaman bu müsahibəyə gələndə ağlayır, valideynsiz girmək istəmirlər. Bir də çətin suallar verilsə, o zaman həmin uşaqların vəziyyəti necə olacaq? Uşağın yaş psixologiyasına uyğun davranmaq lazımdır. Suallar da çevrə, ailə mühiti, dünyagörüşünə uyğun olmalıdır. Uşaqların heç də hamısı məktəbəqədər təhsillə əhatə olunmur. Ona görə də müsahibələr zamanı da bu məsələyə fikir vermək lazımdır. Evdən gələn uşaqla, bağça və xüsusi hazırlıqdan gələn uşağa yanaşma fərqli olmalıdır. “Çətir nə üçündür”, “Atanın qardaşı sənin kimindir” kimi suallar normal olsa da, hansı bürcdən olduğu ilə bağlı uşağa verilən sual doğru deyil. İmtahan zamanı valideynlər də uşağın yanında olmalıdır. Uşağı düşdüyü psixoloji çətin mühitdən çıxaran suallar vermək lazımdır”.
Psixoloq Narınc Rüstəmova bildirir ki, imtahan prosesində uşağın psixoloji və fizioloji hazırlığına da diqqət ayrılmalıdır: “Bu müsahibələrdə valideynlər iştirak etməməlidir. Uşaq özü müstəqil şəkildə sualları cavablandırmalıdır. Düzdür, uşaq anasının yanında daha ürəkli olur və daha yaxşı cavab verə bilər. Lakin məktəbə qəbul zamanı uşağın psixoloji hazırlığı da yoxlanılır. Rəqəmləri, hərfləri bilmək, şeir demək hələ məktəbə hazır olmaq demək deyil. Bəzən valideynlər bu bacarıqları olan övladlarının məktəbə qəbul olunmasını istəyir, lakin uşağın psixoloji hazırlığı ilə maraqlanmır. Valideynlər bütün diqqətlərini imtahana kökləyir, bunu qürur məsələsinə çevirirlər. Lakin valideynlər bilməlidir ki, bu gün müsahibə prosesində anasını istəyən uşaq sabah məktəbdə auditoriya qarşısında danışmaq istəməyəcək, müəllim sual verəndə ağlayacaq”.
N.Rüstəmovanın sözlərinə görə, müsahibə götürən ekspertlərin seçiminə xüsusi fikir verilməlidir. Onlar da uşaqlara sual verərkən psixoloji məqamları nəzərə almalıdırlar: “Əvvəlcə psixoloji suallardan başlanmalı, suallar oyun şəklində keçirilməlidir. Uşaq rahat olmalıdır ki, suallara sərbəst cavab versin. Bayrağın rəngləri soruşularkən hər hansı şəkildən istifadə etməkdənsə, həmin vaxt bir bayraq ortaya qoyub, onun üzərində sual-cavab edilməlidir. Uşaqlar dünyanı oyun şəklində dərk etdikləri üçün özlərini oyun vaxtı daha yaxşı ifadə edirlər. Ekspertlər bu məsələyə diqqət ayırmalıdır. Çünki 3-5 nəfər müəllimin qarşısında uşaqların həyəcan keçirməsi istisna edilməz haldır. Uşağa daha mülayim və anlayışla yaxınlaşsalar, problemlər də yaşanmaz. Əlbəttə, bütün müsahibəni oyun şəklində qurmağa ehtiyac yoxdur. Çünki o uşaq məktəbdə oyun oynamayacaq. Uşaqla məsafəli davranmaq da lazımdır. Lakin 15 yaşlı uşaqdan müsahibə götürürmüş kimi davranmaq da doğru deyil. Son olaraq valideynlər bilməlidir ki, məktəbə hazırlığı yalnız fənlərə hazırlıq kimi qəbul etməməlidirlər. Uşaqlar həm də psixoloji dəstək almalıdırlar”.
Qeyd edək ki, ötən ildən məktəbə qəbul elektron qaydada həyata keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, aprelin 15-ə olan son məlumatda mektebeqebul.edu.az saytı vasitəsilə 35176 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib. 29617 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 25921 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 3696 nəfəri isə lisey və gimnaziyaları seçib (lisey və gimnaziyaların I sinfinə elektron qəbul yekunlaşıb).
Gülxar
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama











.jpg)

.jpg)





















