Qırmızı.az
AzTV xarici əlaqələrini necə qurur? - Elnar Məmmədli açıqladı
Azərbaycan Televiziyasının əsas hədəfi regionun bir nömrəli televiziyası olmaqdır. Bu yolda inamla addımlayan AzTV xarici əlaqələrini necə qurur? 1996-cı ildən ailəm saydığım AzTV-yə ilk gəldiyim günü və mənə ustad jurnalistlərin, məşhur televizyonçuların dedikləri bu kəlamı çox gözəl xatırlayıram: “Unutma, bura bir növ məbəddir, yəni, müqəddəs ocaqdır. Ona sadəcə çörək qazandığın yer kimi baxma, dəyər ver, qiymətini bil, burada vətən üçün, dövlət maraqlarımız naminə çalışdığımızı əsla yaddan çıxartma!”
Publika.az xəbər verir ki, bunu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq əlaqələr departamentinin rəisi Elnar Məmmədli qeyd edib.
“Mənim onlardan bir televiziya jurnalisti olaraq yetişməyim üçün əxz etdiyim ilkin dəyərlər məhz bu idi. Bu müddət ərzində peşəkar həyatımın xeyli hissəsi ölkədən xaricdə keçdi. Düz 14 il. AzTV-nin hazırkı sədri Rövşən Məmmədovla o, İctimai-siyasi proqramlar studiyasının direktoru olduğu zaman ilk tanışlığımız yarandı. Bir müddət sonra rəhbərliyin qərarı ilə həmin studiyaya direktor müavini vəzifəsinə təyin olundum. Rövşən müəllimlə birlikdə işlədik. Onun AzTV-yə sədr təyin edilməsindən sonra belə qərar verildi ki, Beynəlxalq əlaqələr departamentinə rəhbərlik edim. Yeni sədrdən mənə və bütün kollektivə ilk tapşırıq bu idi: “Biz AzTV-ni ən azı regionun bir nömrəli televiziyası etməliyik. Bunun üçün əl-ələ verib, var gücümüzlə çalışacağıq. Beynəlxalq əlaqələr xüsusi önəm kəsb edir. Bu bizim televiziyanın bilavasitə işi olmaqla bərabər xarici kanallarla quracağımız səmərəli münasibətlər həm də bizə imkan verəcək ki, bu vasitə ilə biz də öz tərəfimizdən Azərbaycanı dünyaya tanıtdıraq. Onlarla ortaq layihələr, xüsusi ilə də tele-körpu formatında verilişlər edə bilərik. Mübadilə əsasında proqramlarımızı oralara da yönləndirə bilərik və sairə. Beləliklə, işə başladıq. Son iki ildə pandemiyanın ağır şərtlərinə rəğmən nəticəmiz necə oldu? Bu müddət ərzində ilk növbədə qardaş Türkiyənin TRT, qardaş Pakistanın “Bol Media” qrupu ilə sıx əlaqələr quruldu. TRT-AzTV işbirliyi indi elə bir səviyyəyə gəlib çatıb ki, artıq ortaq layihələr həyata keçirilir. Ən yaxın gələcəkdə tamaşaçılar bu əməkdaşlığın çox gözəl yeni nəticələrini görəcəklər. Sadəcə detallara getmək peşəkarlıq nöqteyi-nəzərdən doğru olmadığı üçün hələlik yeni planlarımızı açıqlamırıq” - E.Məmmədli bildirib.
Departament rəisinin sözlərinə görə, ancaq çox yaxında necə ki, hazırda bütün reytinqlərdə birinci olan “Diriliş Ərtoğrul” bu əməkdaşlığın nəticəsində ölkəmizdə yayımlanırsa, yeni planlar daha da produktiv və hətta ortaq istehsal mahiyyəti daşıyacaq: “Pakistanın “Bol media” korporasiyası isə dünyaya yayım həyata keçirir. Nəhəng beynəlxalq strukturla AzTV hazırda sıx əməkdaşlıq edir. İlk tele-körpü “Əsas məsələ”də həyata keçirilib. Bu müddət ərzində Çinin CCTV kanalı AzTV ilə mübadilə əsasında əməkdaşlıq etməyə başlayıb. Çoxlu filmlər, konsertlər, proqramlar mübadiləsi edilib və proses bu gün də davam etməkdədir. AzTV rəhbərliyi bütün Türk dövlətlərinin televiziyaları ilə əməkdaşlığa böyük önəm və əhəmiyyət verir. Artıq bu əməkdaşlığın xüsusi mərhələyə qədəm qoyduğunu deyə bilərik. "Türk dünyası" layihəsi AzTV, TRT, Qazaxstan Tv, Qırğızıstan Tv, Türkmənistan Tv və Özbəkistan Tv-nin ortaq verilişidir. Bu gün tamaşaçılar bütün türk dövlətlərində həmin verilişi böyük maraqla izləyirlər. Macarıstanın Duna Tv-si ilə faydalı əməkdaşlıq edilir. Proqram, konsert, sənədli film mübadilələri həyata keçirilir. Rusiya, Ukrayna, Belorus TV-ləri ilə münasibətlər qurulub. Avropa və Amerikanın nüfuzlu TV-ləri ilə əlaqələrin qurulması və inkişafı üçün müəyyən məsafə qət olunub. Hətta AzTV Cənubi Amerikanın, Asiyanın müxtəlif kanalları ilə də partnyorluq etmək üçün səylər göstərməkdədir. Dünyanın bir sıra TV kanalları ilə AzTV-nin imzaladığı əməkdaşlıq müqavilərləri real nəticələrini verir və bundan sonra da verəcək”.
E.Məmmədli televiziyanın hədəflərini də qeyd edib: “Hədəfimiz bəllidir: Qafqazın bir nömrəli televiziyası olmaq əsas məqsəddirsə, onun beynəlxalq əlaqələri də bu tələbə cavab verməlidir. Yəni, daha çox faydalı əməkdaşlıq və Azərbaycanı daha çox tanıtmaq! Bir məqamı da xüsusi ilə vurğulamaq istərdim. Vətən müharibəsinin getdiyi günlərdə bütün AzTV kollektivi, redaksiyalar müharibə şəraitinə uyğun gecə-günduz demədən çalışdı. Xarici partnyor televiziya kanalları, o cümlədən də nüfuzlu informasiya agentlikləri məhz AzTV vasitəsi ilə erməni vandalizmi haqqında xəbərləri, video görüntüləri əldə etdilər, yayımladılar. Ən başlıcası Müzəffər Ali baş Komandanımız, Prezident İlham Əliyevin çıxışları həmin beynəlxalq informasiya agentlikləri vasitəsi ilə birbaşa yayımlanırdı. Bununla paralel olaraq AzTV rəhbərliyinin bilavasitə əsas tapşırığı Qarabağ barəsində tarixi həqiqətlərin ingilis dilinə çevrilərək partnyor əcnəbi TV kanallarına operativ şəkildə göndərilməsi idi. Bu iş də müvəffəqiyyətlə icra edilmişdir. O günlərdə bütün bunlar AzTV-nin xüsusi həssaslıq göstərdiyi istiqamətlər idi. Hər an yeni tapşırıqlar, göstərişlər, tövsiyələr analiz edilib, xaricə partnyor TV-lərin həqiqətlərimiz barədə dolğun məlumatlandırılması üçün operativ qaydada göndərilirdi. Bu gün də bu proses davam etdirilir. Bir məqamı da xüsusi qeyd edim ki, müharibədən sonra məhz bu faktlardan istifadə edilərək, hətta bəzi əcnəbi həmkarlarımız maraqlı kitablar da yazdılar.
Yəni, əsas hədəfimiz dövlətimizə və millətimizə qüsursuz xidmət etməkdir”.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı