Ölkə rəhbərliyi Azərbaycan gəncliyinə xüsusi diqqət göstərir - Rəy
Bizi izləyin

Qırmızı.az

Ölkə rəhbərliyi Azərbaycan gəncliyinə xüsusi diqqət göstərir - Rəy

“Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması mənsub olduğumuz xalqımızın rifahının, ölkəmizin çiçəklənməsinin bir növ rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalarımızdan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub saxlayır və yaşadır”.

Bu fikirləri Publika.az-a açıqlamasında YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, 1993-cü il iyun ayının 15-də Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə yenidən qayıtması ilə ölkəni xaos və anarxiyanın caynağından xilas etməsi tarixi faktdır: “Ulu öndər o qədər işlərin, gərgin fəaliyyətin arasında vaxt tapıb Azərbaycanın gələcəyi olan gənclərlə maraqlanıb, onların sabaha tam layiqli vətəndaş kimi yetişməsi üçün öz qüvvəsini bu istiqamətdə səfərbər edib. 1996-ci il fevralın 2-də Ulu öndər Heydər Əliyev Azərbaycanda gənclərlə bağlı yeni bir dövrün əsasını qoydu. Məhz həmin gün baş tutan Azərbaycan Gənclərinin I Forumu da bunun əyani göstəricisi idi. Daha sonrakı dönəmlərdə də ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinə olan diqqət və qayğı əsla azalmadı, əksinə, yüksələn xətt üzrə davam etdi. Partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyev həmin ənənəni layiqincə davam etdirməsi nəticəsində ölkəmizin gənclər siyasətində çox ciddi uğurlara imza atıldı. Cəmiyyətin bütün sferalarında gənclər irəli çəkildilər, xaricdə təhsil almağa göndərildilər, mədəniyyətdən sosial həyata, iqtisadiyyatdan idarəetməyə bütün sahələrdə həyata keçirilən gəncləşmə siyasəti uğurlu islahatların əsas tərkib hissəsinə çevrildi. Xüsusilə qeyd etməliyəm ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi həkk olundu. 2016-cı ildə Aprel döyüşləri zamanı və 2020-ci ilin iyulunda baş verən Tovuz hadisələrində artıq gənclərimizin vətənpərvərlik əzmi özünü bir daha büruzə verirdi. Çünki bütün xalqımız fərqində idi ki, məhz bu gənclik işğal altında olan torpaqlara üçrəngli bayrağımızı sancacaq”.

Raqif Əliyev vurğulayıb ki, 27 sentyabr 2020-ci tarixindən etibarən başlayan Vətən müharibəsində ordumuz bütün dünyaya sübut etdi ki, məhz Ulu öndər Heydər Əliyev məktəbinin davamçıları olan, müasir, müstəqil Azərbaycan Respublikasının dövründə bütün yönləri ilə tam diqqət və qayğı ilə əhatə olunan bu gənclər torpaqları işğaldan azad etməyə qadirdir: “Nəticə etibarilə Vətən yolunda qanından, canından keçən bu gənclər işğal altında olan torpaqlarımızı xilas etdilər. Ümummili liderimiz Heydər Əliyevin siyasi irsinə, azərbaycançılıq məfkurəsinə sadiq olaraq Azərbaycan gəncliyinə ən ali dəyər bu gün də məhz partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilir. “Gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm”. Bu cümlələr Azərbaycan gəncliyinə verilən ən yüksək dəyərin və xüsusi diqqətin bariz nümunəsidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm