Həssas qruplarla bağlı yeni sosial dəstək layihələri hazırlanır
Bizi izləyin

Qırmızı.az

Həssas qruplarla bağlı yeni sosial dəstək layihələri hazırlanır

Əhalinin həssas qrupları ilə bağlı sosial müdafiə tədbirləri ildən-ilə gücləndirilir. Bununla yanaşı, hazırda yeni sosial dəstək istiqamətlərini nəzərdə tutan layihələr də hazırlanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a bildirilib ki, bu barədə Nazirliyin keçirilən kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramına uyğun olaraq, həssas qrupların sosial təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımlar atıldığını vurğulayıb.

Nazir, eyni zamanda, həssas qruplarla, habelə şəhid ailələri ilə bağlı sosial dəstək mexanizmlərinin yeni istiqamətləri də əlavə olunmaqla daha da genişləndirilməsinin hədəflərdən olduğunu bildirib.

İclasda bu məqsədlə hazırlanmaqda olan layihələrdən bəhs olunub. Həmin layihələrin şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramlarına cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili, onların yeni bilik və bacarıqlara yiyələnməsi, “Məzun evi” sosial xidmət müəssisəsində yaşayanların cəmiyyətə çevik inteqrasiyası, onların şəxsi inkişaflarına dəstək göstərilməsi məqsədinə xidmət edəcəyi bildirilib.

Habelə ahıl və əlilliyi olan şəxslərə keyfiyyətli xidmət göstərən ixtisaslı kadr potensialının gücləndirilməsi, informal və qeyri-formal üsullarla bacarıq, səriştələr əldə etmiş əlilliyi olan şəxslərin ilkin mərhələdə bir qrupunun bacarıqlarının tanınması və bununla məşğulluq imkanlarının artırılması üçün layihələr hazırlanmaqda olduğu diqqətə çatdırılıb.

Nazirliyin tabeliyindəki DOST Agentliyinin fəaliyyətindən bəhs olunub. Agentliyin bu il Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 3 mükafatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) mükafatı ilə təltif edildiyi bildirilib.

Həmçinin Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun “iESE – The Public Sector Transformation” Təşkilatının (Böyük Britaniya), BPSFA-nın və BSTA-nın mükafatları ilə təltif edildiyi, ümumilikdə 2022-ci ilin ötən dövründə Nazirliyin hər iki qurumunun 8 beynəlxalq mükafatla təltif edildiyi vurğulanıb.

DOST Agentliyinin bu il dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görüldüyü, ötən il və cari ilin birinci rübü ərzində Nazirliyin fəaliyyət sahələri üzrə ümumən 12 ISO beynəlxalq sertifikatının əldə edildiyi diqqətə çatdırılıb.

Bu il Bakı şəhəri üzrə 5 saylı Bakı DOST Mərkəzinin, Şuşa şəhərində Şuşa DOST filialının açılmasının, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsinin fəaliyyətə başlamasının planlaşdırıldığı qeyd olunub. DOST mərkəzlərində xidmətlərin əldə olunması üçün onlayn növbə funksiyasının, eşitmə və nitq qabiliyyəti məhdud şəxslər üçün surdo-tərcümə xidmətinin yaradılmasının nəzərdə tutulduğu bildirilib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Artıq 200-ə yaxın şəxsin Mərkəzdə təlimlərə cəlb edildiyi, 20 nəfərin artıq təlimləri başa çatdırdığı qeyd olunub.

Cari ilin ilk rübündə daha 2400 işsiz şəxsin DOST İş Mərkəzi tərəfindən ödənişli ictimai işlər proqramına cəlb edildiyi, 5 qurumla yeni layihələrə başlanaraq həmin layihələr əsasında işsiz şəxslərin müvafiq sahələr üzrə işlə təmin edildikləri vurğulanıb.

İclasda yeni sosial dəstək layihələri, bölgələrdə yaradılacaq DOST filiallarının layihələndirilmə işləri, hazırlanmış yeni peşə və kvalifikasiya standartları və sair müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm