Qırmızı.az
Sumqayıtda sələfilər arasında davanın TƏFƏRRÜATI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar həbs olunanların məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, ötən il dekabr ayının 11-də, saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Soltan” çay evində odlu silah və bıçaq işə düşüb. İki qruplaşma arasında dini baxışlarında olan fikir ayrılığı cinayətlə nəticələnib. Hadisə zamanı Sumqayıt şəhər sakinləri Elmar Məmmədli və Anar Rəhimov bıçaq xəsarətləri, Təzə Corat qəsəbə sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Elçin Əkbərov, Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elşən Musayev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar. Keçirilən baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.
“Qıldığım namaz sünni təriqətinə məxsusdur”
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd), 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddələri ilə ittiham ediliblər.
Məhkəmədə ifadə verən xəvariclərin əmiri, “Mamed” ləqəbli Elçin Əkbərov və sələfilərin lideri, “Hamza” ləqəbli Elşən Musayev elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Xəvariclərin əmiri Elçin Əkbərov 2005-ci ildən ibadətlə məşğul olduğunu deyib: “Qıldığım namaz sünni təriqətinə məxsusdur, məzhəbin rəsmi adı “əhli sünnə vəl cəmaə” adlanır. Sumqayıt şəhərində yaşayan əqidə qardaşlarımla münasibətim həmişə yaxşı olub, aramızda ayrı-seçkilik olmayıb. Onlara hər hansı bir formada rəhbərlik etməmişəm, göstərişlər verməmişəm. Dostlarım və əqidə qardaşlarım arasında hər hansı vəzifə, yəni dində nəzərdə tutulan hər hansı bir camaatın əmiri və rəhbəri olmamışam. Elşən Musayevi tanısam da düşmənçiliyim olmayıb. Elşən də mənim kimi eyni əqidənin davamçısıdır, əhli sünnə kimi namaz qılır. O, Sumqayıt şəhərində reklam işləri ilə məşğul olur. Dini ləqəbi “Hamza”dır”.
“Hər şeyi sülh yolu ilə həll edəcəyik”
Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 11-də, günorta saatlarında ət məmulatları mağazasında olarkən dostu Elmar Məmmədli “Hamza” ləqəbli Elşən Musayevlə aralarında dini mövzu ilə bağlı mübahisənin düşdüyünü, sonradan zəng vuraraq ona hədə-qorxu gəldiyini deyib: “Elşənin hərəkəti Elmana çox pis təsir etdiyindən qəzəblənmişdi. Başa düşdüm ki, bunun axırı pis qurtaracaq, ona görə də bu məsələyə aydınlıq gətirmək və onları barışdırmaq istədim. Elmara dedim ki, sən çəkil kənara, əqidə qardaşlarımızla söhbət edib və hər şeyi sülh yolu ilə həll edəcəyik. Elşənin təklifi ilə çay evinə görüş təyin etdik. Bu barədə Zaur və Elnurla da söhbət etdim. Elnur çay evində çoxlu adam olduğunu, ora getməməyi məsləhət gördü. Amma Zaur israrla gedəcəyini dedi, mənə qulaq asmadı. Bundan sonra Zaur Paşayev, Elmar Məmmədli, Maqsud, Anar Rəhimov və Elçin Mirzəyev çay evinə tərəf getdilər. Hava qaranlıq idi. Bir müddət sonra mənimlə yanaşı Əhməd Salmanov, Amil Tağıyev, Vüqar Abdullayev və Firudin Musayev piyada onların arxasinca çay evinə getdik. Ora çatarkən atəş səsləri eşitdim. Dərhal oradan uzaqlaşdıq. Atəşin kim tərəfindən açıldığını görmədim. Atəşdən sonra çay evindən çıxdım və oradan qaçan Anar Rəhimovu gördüm. Digər əqidə qardaşlarımdan heç kimi görmədim. Nə məndə, nə də dostlarımda hər hansı bir silah olmayıb. Hadisə zamanı Elmar Məmmədli və Anar Rəhimova bıçaq xəsarətlərini kimlərin yetirdiyini bilmirəm. Axtarış zamanı yaşadığım mənzildən aşkar edilən iki ədəd qumbara mənə məxsus deyil. Ora hansı yolla düşməsi barədə heç nə deyə bilmərəm”.
“Hər qrupda da təxminən 7-10 nəfər üzv olub”
Elçin Əkbərov daha sonra bildirib ki, Sumqayıt şəhərində yaşayan din əqidə qardaşları birləşərək toplum yaradıblar və buna İslam dininə uyğun olaraq “camaat” deyilir. Onun sözlərinə görə, camaatın təxminən 100 nəfərə yaxın üzvü var və üzvlər yığışaraq təxminən 2009-2010-cu illərdə onu rəhbər seçiblər. O, əlavə edib ki rəhbəri olduğu camaatda təxminən 3-4 qrup var: “Həmin qrupun birinə Yusif, birinə Amil, birinə Radik, birinə isə “İxlas” ləqəbli Zaur başçılıq edib. Hər qrupda da təxminən 7-10 nəfər üzv olub”.
Digər təqsirləndirilən Əhməd Salmanov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində camaatın əmirinin əvvəllər Azər Misirxanov olduğunu, lakin sonralar cihadda iştirak etmək üçün Əfqanıstana getdiyindən öz yerinə Elçin Əkbərovu təyin etdiyini deyib: “Elmarla “Hamza”nın aralarındakı dini fikir ayrılığına səbəb müqəddəs Qurani-Kərimin “ən-Nisa” surəsinin 60-cı ayəsi ilə bağlı olub. Sumqayıt şəhərində olan hər iki camaatın arasında bu dini fikir ayrılığının olduğunu bir neçə ay əvvəl bilirdim. “Ən-Nisa” surəsinin 60-cı ayəsinə görə, hökm yalnız Allaha məxsusdur. Elşən Musayevin camaatının üzvləri isə bu fikri qəbul etmir, qeyd olunan ayəyə başqa cür şərh verirdilər”.
Qeyd edək ki, məhkəmə iclası davam edir.
Hacı Zeynalov
-
Hadisə23:12
Ölənlər gəlinin bibiləri imiş - Toy təxirə salındı / FOTO
-
Magazin222:36
Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı
-
Magazin222:24
Çakar Hadiseni təhqir etdi - VİDEO
-
Hadisə21:24
Xırdalanda mənzildə PARTLAYIŞ: yaralılar var - VİDEO
-
Magazin120:48
Zümrüd 21 il əvvəl belə görünürdü - FOTO
-
Sosial18:24
Bakıda iş adamının MÜƏMMALI ÖLÜMÜ - Meyiti tapılanda qolunda şpris qalıbmış
-
Hadisə18:12
Bakıda DƏHŞƏTLİ QƏZA - Bir ailənin üç üzvü öldü
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var