“Bakı Venetsiyası“ nə hala gətirilib?- REPORTAJ
Bizi izləyin

Qırmızı.az

“Bakı Venetsiyası“ nə hala gətirilib?- REPORTAJ

Sakinlər: "Kiçik Venetsiya həmişə Bakının ən unikal məkanlarından olub, lakin yenidənqurmadan sonra tamamilə tanınmaz vəziyyətə gətirilib"

QISA ARAYIŞ: "Kiçik Venesiya şəhərciyi" 1960-cı ildə istifadə verilib. Bura Bakı sakinlərinin və qonaqların ən sevdiyi məkanlardan olub. Lakin, son vaxtlar bu məkan baxımsızlıqdan bərbad vəziyyətə düşmüşdü, yenidənqurulmasına, genişləndirilməsinə ehtiyac var idi. 2011-ci il martın 30-da Prezident İlham Əliyev "Kiçik Venesiya şəhərciyi"nin yenidən qurulması ilə bağlı göstəriş verib.

"Kiçik Venetsiya şəhərciyi"ndə nələr gördük, nələr eşitdik?

Dənizkənarı Milli Parkda "Kiçik Venetsiya şəhərciyi" adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma və bərpa işləri sürətlə davam edir. 1 ildir ki, burda davam edən işlər başa çatmaq üzrədir.

Əraziyə baş çəkdiyimiz zaman işlər davam edirdi. Əslində, şəhərcik ümumən hazırdır, son tamamlanma işləri aparılır. 2 ayrı yerdə qayıqlar düzülmüşdü. Hərəsində 5 qayıq olmaqla, 10 qayıq var idi. İşçilərlə söhbətimizdə öyrəndik ki, bura gətirilən müasir qayıqlar həm motorla, həm də avarla işləyəcək.

Venetsiyadakı 3 adanın yerində qalıb. Adalarda sakinlərin istirahət etməsi üçün olan yerlər də daha müasir formada bərpa olunur. Kanallarda suyun dibi və təmizliyi aydın görünürdü.

Əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilib, yeni qayıqlar gətirilib, əlavə körpülər və 2 restoran inşa edilib. Restoranlardan biri Qərb, digəri isə Şərq mətbəxinin ləziz nümunələrini müştərilərə təqdim edəcək.

Fəhlələr dedi ki, yenidənqurma işini "Azimport" şirkəti aparır. Bir xanım işçi bildirdi ki, şəhərcikdə əsas işləri "Avroviziya" müsabiqəsinə qədər başa çatdırmaq üçün gecə-gündüz işləyiblər. Bundan sonra isə ancaq tamamlama işləri aparılır və yaxın vaxtlarda "Bakı Venetsiyası" istifadəyə veriləcək.

"Kiçik Venetsiya" öz gözəlliyi ilə paytaxta xüsusi yaraşıq verəcək"

Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə ötən ilin iyununda başlanıb. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunub. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıq zolağı salınıb.

N.Məcidov bildirdi ki, şəhərcikdəki su kanalları daha da genişləndirilib:

"Kanallarda, fəvvarələrdə, körpülərdə və tuneldə qurulacaq işıqlandırma sistemi axşam saatlarında şəhərciyi ən sevimli istirahət guşələrindən birinə çevirəcək. Əsl Venetsiyanı xatırladacaq "Kiçik Venetsiya şəhərciyi" öz gözəlliyi ilə paytaxta xüsusi yaraşıq verəcək".

Rəis müavinin sözlərinə görə, kanalın əvvəlkindən daha bir fərqi isə onun suyunda olacaq. Belə ki, sutəmizləyici qurğular sayəsində onun suyu daima təmizlənəcək və həmişə təmiz, şəffaf olacaq.

"Yaşıllığın arasında qayıqla yarım saat gəzməkdən gözəl istirahət yoxdur"

"Kiçik Venetsiya"nın yeni görünüşünün şəhər sakinlərində necə təəəssürat oyatdığını da öyrəndik. Gənclər buranın əvvəlkində daha gözəl və geniş olduğunu bildirdilər və qeyd etdilər ki, bu paytaxtın ən maraqlı yerlərindən birinə çevrilib. Şəhərcikdə gedən işləri seyr edən Sevil və Mənzərə bacılarının münasibətini öyrəndikdə bildirdilər ki, bura heytəmaiz dərəcədə dəyişib:

"Tələbəlik vaxtı, bir neçə dəfə bura gəlmişik, bu yaxınlaradək bura bərbad vəziyyətdə idi, amma indi tanınmaz hala düşüb. Bir vaxt belə mənzərələri xarici şəhərlərdə, kinolarda görürük, indi bizdə də adiləşir. Yaşıllığın arasında qayıqla yarım saat gəzməkdən gözəl istrirahət yoxdur, adamın əsəblərini sakitləşdirir".

Sevil xanım dedi ki, yaxşı olar ki, burda qiymətlər çox da baha olmasın ki, hamı istifadə edə bilsin. Müsahibimiz, ümumiyyətlə, bulvarın son illərdə tamamilə dəyişdiyini, müasirləşdiyini deyərək qeyd etdi ki, burda əsas məsələ kafelərdə qiymətlərin həddən artıq baha olmasıdır.

"Moskvadan dostum qonaq gəlmişdi, onları bura gətirdim, çox bəyəndilər"

Yaşlı nəsli təmsil edənlər isə, əsasən köhnə şəhərciyin daha təbii və sadə olduğunu bildirdilər. Sabir Əliyev adlı bir pensiyaçı burada gənclik xatirələrinin olduğunu və o mənzərələrin dəyişməməsini istədiyini bildirdi, lakin qeyd etdi ki, zaman sürətlə dəyişir, müasirləşir, gənclər üçün bura daha maraqlı olar. Müsahibimiz buranın açılışının bakılıların necə marağına səbəb olduğunu xatırlayır.

Sabir dayı düşünür ki, bura qayıq gəzintisi üçün Bakıda yeganə yer olduğundan həmişə çox unikal məkan sayılıb:

"Yadıma gəlir, 1981-ci ildə Moskvadan yaxın dostum ailəsi ilə Bakıya gəlmişdi, onları bura gətirdim, çox bəyəndilər, o vaxt SSRİ-nin paytaxt şəhərlərində belə məkan demək olar ki, yox idi. Ondan sonra bir neçə dəfə Bakıya gəliblər, amma bura bərbad olduğundan gətirməmişəm, 1 ay qabaq Avroviziya ucun gəlmişdilər, buranı görəndə tanımadılar, mən güclə yadlarına saldım".

Ümumiyyətlə, Dənizkənarı Milli Parkı gəzdikcə, möhtəşəm mənzərələr bir-birini əvəz edir. Bulvarın ən unikal yeri isə təbii "Kiçik Venetsiya"dır. Həm sakinlər, həm də qonaqlar üçün...

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm