Azərbaycanda hemodializ xəstələri hansı bölgədə daha çoxdur?
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda hemodializ xəstələri hansı bölgədə daha çoxdur?

Ölkənin şimalında hemodializ xəstələrinin sayı durmadan artır. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən sakinlərin sayı ötən ilə nisbətən daha çoxdur. Gəncədə isə vəziyyət daha acınacaqlıdır. Xaçmaz Hemodializ Şöbəsinin müdiri Rafiq Xankişiyev Regional TV-yə bu barədə açıqlama verib.

M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev Publika.az-a açıqlamasında şimal yox, qərb bölgəsində xəstələrin sayının daha çox olduğunu dedi.

“Əksinə, şimal bölgəsində bəzi rayonlarda hemodializ mərkəzlərində boş yer var. Gəncə, Ağstafa, Şəmkir,Tovuzda xəstələrin sayı daha çoxdur. Bu da həmin bölgələrdə əhalinin sayının çox olması ilə əlaqədardır. Digər bölgələrdən fərqli olaraq, həmin rayonlarda hər bir milyon nəfərə 274 böyrək xəstəsi düşür”.

F.Babayevin sözlərinə görə, Yaponiyada hər bir milyon nəfərin 2 mini, ABŞ-da 700-800-ü, Rusiyada 165-i Azərbaycanda isə 254-ü böyrək xəstəsidir.

“Hemodializ xroniki böyrək çatışmazlığının son mərhələsində aparılır. 5 mərhələdən ibarət olan bu xəstəliyin son 4-5-ci mərhələsində hemodializ müalicəsi alır. İlk üç mərhələdə xəstəlik dərmanla müalicə edilir.

Ölkədə 2602 nəfər hemodializ xəstəsi var. Onlar ölkədə 33 hemodializ mərkəzində müalicə olunurlar. Mərkəzlərin 7-si Bakı, digərləri müvafiq bölgələr üzrə yerləşir. Bakıda 1012, bölgələrdə 1600 xəstə müalicə alır. Hər il hemodializ xəstələrinin sayı 220-250 nəfər artır. Bu artımın əsas səbəbi insanların maariflənməsi və müraciət etməsidir”.

Onun sözlərinə görə, heç də bütün hemodializ xəstələrə böyrək köçürmək məsləhət görülmür.

“Bu xəstələrə böyrək köçürülməsi üçün ilk növbədə uyğun donor tapılmalıdır. Hazırda ölkədə yalnız yaxın qohumlar donor olur. Lakin ailə üzvlərinin heç də hamısının böyrəyi uyğun gəlmir. Bundan başqa, həkim həm də xəstənin böyrək əməliyyatından sonrakı vəziyyətini təhlil edir. Çünki xəstə üçün hemodializ böyrək köçürülməsindən daha yaxşı ola bilər. Bu gün dünyada 2 milyona qədər hemodializ xəstəsi var. Onların böyrək köçürülməsində heç bir maddi problemləri yoxdur. Lakin həmin xəstələrin yalnız 12%-nə böyrək köçürülür. Bəzən xəstələrin hemodializ alması əməliyyatdan daha yaxşıdır. Əməliyyatdan əvvəl xəstənin digər orqanlarında problem olmamalıdır, əks halda, əməliyyat nəticəsində xəstə həyatını itirə bilər. Bizim xəstəxanada ildə iki dəfə böyrəkköçürmə əməliyyatı aparılır. Hər dəfə 20-25 xəstə müraciət edir, onların 7-8-nə böyrək köçürülür. Bu vaxta qədər 512 nəfərə böyrək köçürülüb, təxminən 400-nün böyrəyi İran və Türkiyədə köçürülüb”.

Ümumi xəstələrin neçə faizinin əməliyyata ehtiyac olduğuna gəlincə, F.Babayev bu barədə dünyanın heç bir ölkəsində statistika aparılmadığını dedi:

“Lakin biz müraciət edənlərə əsasən deyə bilərik ki, təxminən xəstələrin 8-10% xəstəyə böyrək köçürülür, dünya praktikasında bu rəqəm 20%-ə qədərdir. Bu xəstələrin hansı səviyyədə müalicəyə başlamasından asılıdır. Bizdə xəstələr əsasən, ağır vəziyyətdə müraciət edirlər. Xüsusən rayonlarda böyrək xəstəliyi digər sahə həkimləri tərəfindən müalicə edilir. Xəstənin vəziyyəti ağırlaşanda bizə müraciət edirlər”.

Onun sözlərinə görə, hemodializli xəstələrin 9-u 15 yaşa qədərdir. Bu uşaqlara əməliyyat məsləhət görülmür.

“Bir müddət əvvəl Heydər Əliyev fondunun dəstəyi ilə azyaşlı uşağa böyrək köçürüldü. Bu uşaqlar inkişafdan qaldıqlarına görə, onlara böyrək köçürülməsi məsləhət görülmür. Digər orqanlarının fəaliyyəti tam formalaşmadığına görə, əməliyyat uğurla nəticələnməyə bilər”.

Şöbə müdiri hemodializ xəstələrinin qarşılaşdıqları problemlərə də toxundu.

“Böyrək çatışmazlığı ilə bağlı xüsusi proqram qəbul edilib.2006-2011-ci illəri əhatə edən birinci mərhələ başa çatıb, 2011-2015-ci illər üçün nəzərdə tutulan işlər həyata keçirilir.7-8 il əvvələ qədər təxminən 700 xəstə hemodializ növbəsində idi, indi isə heç bir xəstə növbədə deyil. Özəl xəstəxanalarda da dializ alanlar var. Onlar əsasən imkanlı, sığortası olan və ya xüsusi sponsor yardımı olanlardır. Həmin xəstəxanalarda bir hemodializin qiyməti 80 manatdır, bu da ayda təxminən 800 manata qədər vəsait tələb edir. Bizim xəstəxanada isə bu, pulsuz həyata keçirilir”.

F.Babayev dializli xəstələrin nazirliyin “Qaynar xətt” xidməti və digər qurumlara hemodializ mərkəzlərində yer tapa bilməmələri ilə bağlı şikayətlərinə də aydınlıq gətirdi.

“Bu şikayətlər barədə bizdə məlumatlar var. Müraciətlər əsasən xəstələrin ən yaxın mərkəzdə dializ almaq istəyi ilə bağlı olur. Onların bu istəkləri normaldır. Lakin bəzən istədikləri mərkəzdə yer olmur, onları çox da uzaq olmayan digər mərkəzlərə yönləndirik. Orada müalicə alırlar. Beynəlxalq standarta əsasən, bu mərkəzə gələnlər 100 km-dən artıq yol qət etməməlidirlər. Azərbaycanda bu məsafə çox qısadır”.

Hemodializin xəstənin ömrünü nə qədər uzatmasına gəldikdə isə, F.Babayev son on ilin statistikasına əsasən hər 10 xəstədən beşinin 5 ildən çox yaşadığını bildirib:

“Bu xəstələrin yaşama ili 5 illik göstərici ilə hesablanır, Azərbaycanda bu göstərici 50%-dən çoxdur. Bu rəqəm dünya statistikasına uyğun gəlir. Lakin 20 ilə qədər hemodializ alan xəstələrimiz var. Bir nəfər xəstəmiz 26 ilə qədər hemodializ alıb. 2000-ci ildən dializə başlayan xəstələrdən 30%-i sağdır. Xəstə 4 saat aparata bağlı olduğu üçün ürək-qan-damar sistemində ciddi dəyişikliklər əmələ gələ bilir. Bu zaman xəstənin qan təzyiqi enib-qalxır. Kimdə nə vaxt fəsad baş verə biləcəyini deyə bilmərik. Uşaqlar bu xəstəliyə qarşı daha dözümsüz olur və onlar daha fəsadlı keçirir. Çünki onların inkişafı başa çatmayıb. Böyrək çatışmazlığı onların normal inkişafının qarşısını alır. Qanda azotun miqdarının çox olması sümük sistemi, qaraciyər, beyin və bir sıra orqanların fəaliyyətinə təsir edir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm