Donuz kababı
Bizi izləyin

Qırmızı.az

Donuz kababı

Neçənci tikəni udduqdan, qaçıncı badəni boşaltdıqdan sonra ağlıma gəldiyini xatırlamıram, amma qəfildən maraq məni götürdü ki, madam həm donuz əti yeyir, həm də araq içirəm, görəsən, bu əməlimin cəzasını cəhənnəmin hansı güşəsində çəkəcəm?

Bir anlıq təsəvvür etdim: İsrafil ovurdunda hazır tutduğu suru çalır, yer-göy lərzəyə gəlir, qiyamət qopur. Çox keçmir ki, "nefha-i saniye"nin məqamı çatır, yəni, buynuz ikinci dəfə üfürülür, cəmi ölənlər dirilir, növbə ilə haqq-hesab verir...
Və... mənim əməl dəftərim soldan qoltuğuma verilir, donuz əti yediyimə, rus arağı içdiyimə görə mələklərdən Malik Silvester Stallone sayaq məni qahmarlayıb cəhənnəmin düz altıncı qatına vasil edir, niyə məhz ora, özüm bilirəm, amma "şəxsi informasiya" səciyyəsi daşıdığından Sizə demirəm.

Orada məni gözləyən əzablardan az-çox xəbəriniz var, amma həmin odun-alovun içində "Tur" surəsinin 16-cı ayəsi ilə desəm, "Səbr etsəm də birdir, səbr etməsəm də..."

İstədim Murad Köhnəqalaya zəng edim və ərz edim ki, şair, müşahidəçilərin fikrincə, donuz əti yeyib, rus arağı içənlər arasında Sən Allah-təalaya daha yaxın adamsan; de görüm, o uca və bağışlayan Yaradan Adəmin, Həvvanın suçunu niyə vaxtında əfv etmədi ki, biz də cənnətin qapılarından heç çölə çıxmayaq, problem nədir, günah nədir, əzab nədir bilməyək...

Bilmirəm, o anda mənə hidayət gəlmək istəyirdi, yoxsa beynimi yenə şeytan qurdalayırdı, amma, Muradın boğazımıza şərik çıxacağından qorxub (məni nəfsli adam zənn etməyəsiniz deyə,cəhhənəmə yoldaş axtarmamağım bəhanəsi ilə) telefonu cibimə qoydum...

Doğrusunu deyim ki, Xudavəndi-Aləmin dörd kitabla bəşəriyyətə verdiyi mesajların arasında ağlıma batmayan çox məsələ var, o məsələləri nə özüm həll edib bitirə bilirəm, nə də həll edib-bitirən bir insan tanıyıram.

Görünür, donuzun yağlılığından idi, qəfildən ağlıma gəldi ki, madam, cənnət hurilər və nemətlər məkanıdır, deməli, o gözəl məkanda YASAQ MEYVƏ olmamalı idi, çünki bir yerdə ki, YASAQ var, deməli, orada CƏZA da tətbiq edilir
(Adəmlə Həvva məhz cəza olaraq cənnətdən çıxarıldı); YASAQ VƏ CƏZA olan mühit isə haradan "cənnət" oldu?

Görünür, arağın təsirindən idi ki, yadıma şeytanın cənnətdən qovulmuş mələk olduğu düşdü və istədim tanış hacılardan birinə telefon açıb xəbər alam ki, "qovulmuş mələk" cənnətə təzədən necə girdi, niyə mələklər onun girişinə mane olmadılar ki, o da Adəm babamızla, Həvva nənəmizi yoldan çıxarıb, bizi zülmə sala?

Amma məclisin ovqatını korlamamaq üçün yenə fikrimdən vaz keçsəm də, məni rahat buraxmayan suallara ayılandan sonra internetdə cavab axtaranda qafam yenə qarışdı: "Sana gelince Adem! Sen ve eşin cennete yerleşiniz, istediğiniz her tarafından yiyip içip yararlanınız. Yalnız sakın şu ağaca yaklaşmayın! Böyle yaparsanız zalimlerden olursunuz. Fakat şeytan onlara, gözlerinden gizlenmiş olan edep yerlerini açığa çıkarmak için vesvese verdi. Onlara şöyle telkinde bulundu: "Rabbinizin size bu ağacın meyvesini yasaklamasının tek sebebi, sizin meleklerden veya ölümsüz hayata kavuşanlardan olmanızı önlemektir."diyerek, kendisinin onların iyiliğini istediğine dair yemin üstüne yemin etti"/ (Araf, 7/19-21)

Adəm və Həvva insan idilərsə necə insan idilər ki, cinsiyyət üzvləri yox idi? Mələk idilərsə, necə mələk idilər ki, Şeytan onları mələyə çevrilmək vədi ilə aldada bildi? Görəsən, Adəm və Həvva HARAda idi ki, Allah onları cənnətə yerləşdirirdi? Əgər Adəmlə Həvva cənnətə köçürülmüşdüsə, deməli, onların daha öncə yaşadığı bir məkan da vardı, o məkanın hara olması və cəhətləri barədə gərəkdir ölkənin din yazarları rəylərini açıqlasınlar, çünki normal mübahisə etməyi bacarmasalar da, özlərini elə aparırlar ki, guya, biz cahillərin başa düşmədiyi şeyləri, onlar anlayaraq mömin olublar.

Dinin təhsilin önünə keçməyə çalışdığı Azərbaycanda islam mövzusunda intellektual dartışmalara ehtiyac var.
Dediyim odur ki, içki içməmək, donuz əti yeməmək, ibadət etmək hələ dürüst insan olmaq demək deyil və fikrimcə, dürüst insan axirətə can atmaqdan qabaq, yer üzündə özündən sonra yaşayacaq nəsillər üçün daha ədalətli bir cəmiyyət qurmağa çalışmalıdır.

Elə buna görə də donuzlara "Napaleon" adının qoyulması qadağan edilmiş şərab diyarı Fransada donuz ətinin yeyilməsi haram buyrulmuş müsəlman aləmindən daha çox dürüst adam var.

Dediyim bir də odur ki, fikirləşənlərin çox olduğu cəmiyyət inananların yaşadığı toplumlardan daha azad, daha ədalətli olur və bu cür cəmiyyətlərdə ortaq dəyərlərin özəyini yasaqlar təşkil etmir.
İstər yaradılışın dini versiyasına inansın, istərsə də təkamül nəzəriyyəsinə, insan- yasaqlara qarşı çıxdığı qədər insandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm