"Böyük Ermənistan" mifinin tarixi gerçəklik qarşısında ifşası
Bizi izləyin

Tarix

"Böyük Ermənistan" mifinin tarixi gerçəklik qarşısında ifşası

"Böyük Ermənistan" mifinin tarixi gerçəklik qarşısında ifşası

Erməni tarixşünaslığında və ermənipərəst tarixçilərin əsərlərində guya tarixdə nə vaxtsa “Böyük Ermənistan” adlı dövlətin mövcud olması iddia edilir və bu uydurma dövlətin ərazisi Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları hesabına kağız üzərində şişirdilərək fantastik həddə çatdırılıb.

AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovun “Real tarix və “böyük Ermənistan” uydurması” əsərində ermənilərin mənşəyi ilə bağlı ilk məlumat verən yunan tarixçisi Herodota (e.ə. 480-424), onlarla qədim Roma, Bizans, yunan, erməni, suriya, rus, ingilis və digər dillərdəki ilk mənbələrə, elmi ədəbiyyata istinad edilərək ermənilərin Asiya qitəsinin yerli əhalisi olmadığı, bu etnosun ulu babaları güman olunan friqlərin Kiçik Asiyaya Avropadan (Balkan yarımadasından) köçüb gəldiyi kifayət qədər işıqlandırılmışdır. Kitabda bu etnosun necə “erməni” adlanması; I Daranın (e.ə. 522-486) Bisütun kitabəsində adı çəkilən “Armeniya”nın Əhəməni imperiyasının tərkibinə daxil olan, Dəclə çayının mənbəyindən cənubda yerləşən Arme vilayətinin adı ilə bağlı olması; “Armeniya” coğrafi termininin özünə “vətən” axtaran köçəri etnosla – indiki etnik ermənilərlə heç bir bağlılığının olmaması zəngin faktlar əsasında sübuta yetirilmişdir.

Erməni saxtakarları uydurduqları üç dəniz – Aralıq, Qara və Xəzər dənizləri arasında yerləşən “Böyük Ermənistan”ı dünyaya təkcə coğrafi anlayış deyil, həm də bir siyasi anlayış kimi – “dövlət” kimi təqdim edirlər. Guya “Velikaya Armeniya” siyasi anlayış kimi I Artaşes (Selevki sərkərdəsi Artaksi nəzərdə tutulur) və II Tiqranın çarlıq dövrləri olan e.ə. II-I əsrlər üçün səciyyəvidir.

E.ə. 223-cü ildən e.ə. 187-ci ilədək “Armeniya” adlanan ərazi Selevkilər dövlətinin tərkibində olmuş və Selevki hökmdarı Böyük Antiox tərəfindən idarə olunmuşdur. E.ə. 187-ci ildə Böyük Antioxun ölümündən sonra isə həmin ərazi yenə Selevki sərkərdələri Artaksi (Artaşes?) və Zariadri (Zarex) tərəfindən idarə olunurdu. Mənbələrin məlumatına görə Artaksi mənşəcə Midiya-Atropatenalı idi. E.ə. 165-ci ildə Artaksinin (Artaşesin?) Selevki hökmdarı IV Antiox tərəfindən məğlub edilməsi ilə “Armeniya” ərazisi yenidən birbaşa Selevkilərin idarəsi altına keçmişdir. Parfiya mənşəli II Tiqrana (e.ə. 95-55) gəldikdə isə o, e.ə. 66-cı ildə Roma sərkərdəsi Pompey tərəfindən məğlub edildikdən sonra ancaq “ata yurdu olan Armeniyanın” idarəsi ilə məşğul olmuşdur.

E.ə. 60-cı illərin sonunda Roma imperiyasının hakimiyyəti altına düşən bütün etnoslar kimi Kiçik Asiyada – Dəclə və Fərat çaylarının yuxarılarında yaşayan ermənilər də Romanın vassalına çevrilmişdi. Eramızın I əsrində Roma imperiyasının şərq vilayətlərində xristianlıq yayılmağa başlamışdı. Ermənilər də rəsmən IV əsrdə xristianlığı qəbul etmiş, kilsə Qriqorinin adı ilə erməni-qriqoryan kilsəsi adlandırılmışdı. Armeniya bölgəsi əvvəlcə Roma-Sasani, daha sonra isə Bizans-Sasani arasında mübarizə obyekti olmuşdur. 387-ci ildə Armeniya adlandırılan ərazi Roma və Sasani imperiyaları arasında bölüşdürülmüşdü. Həmin vaxtdan da ermənilər dövlətçiliyini itirmişdilər.

629-cu ildə Armeniya vilayətini Bizans bütünlüklə ələ keçirmişdi. Lakin bu işğal uzun sürməmiş, 639-642-ci illərdə Xilafət ordusunun Bizans üzərinə yürüşləri nəticəsində erməni əhalisinin yaşadığı ərazilərin xeyli hissəsi ərəblərin əlinə keçmişdi. Beləliklə, tarixdə “Armeniya” adı “Ərməniyyə” termini ilə əvəz olunmuşdu.

Ərəb xilafəti Qafqazda özünün əsas rəqibi olan Bizansla mübarizədə ideoloji fərqlərdən istifadə edirdi. Xilafət Bizans kilsəsindən diofizitliyi qəbul etmiş Albaniya və digər dövlətlərə amansız münasibət bəsləyirdi. Ərəblər yalnız monofizit xristianlara münasibətdə loyal siyasət yeridərək onlardan Bizans əleyhinə mübarizədə istifadə etməyə çalışırdı. 705-ci ildə ərəblər Azərbaycan Albaniya dövlətinin suverenliyinə son qoymuş və Alban kilsəsi VIII əsrin əvvəllərində hüquqi cəhətdən erməni kilsəsinə tabe edilmişdi.

Lakin sonralar Abbasilər xilafətinin (750-1258) zəifləməsindən istifadə edən Bizans imperiyası təkrar Ərməniyyə vilayətini zəbt etmişdi. Ermənilər vaxtilə Xilafətin onlara verdiyi bütün azadlıqları itirmiş və Bizansın feodal istismarı ilə yanaşı, amansız dini zülmlərinə də məruz qalmışdılar. Türkiyə tarixçisi S.Koçbaşın yazdığına görə, Malazgird döyüşündə (1071) yunanlardan ayrılan erməni hərbi dəstələri Səlcuq türklərinin tərəfində vuruşmuşdular.

Məhz Malazgird savaşından sonra ermənilər Səlcuq türklərinin sayəsində Bizans zülmündən xilas olaraq yarımasılı Kilikiya çarlığını (1080-1375) yaratmağa nail olmuşdular. Lakin monqol yürüşləri zamanı ermənilər monqollarla əlaqə yaradaraq Səlcuqlara arxadan zərbə vurmuşlar. Monqollar Kiçik Asiyanın və Qafqazın digər knyazlıqlarını tabe etmək üçün ermənilərdən istifadə edirdilər. Bunu XIII əsr alban müəllifi Gəncəli Kirakosun əsərində də izləmək mümkündür. Məlumata görə, başçıları Konstantin Hetumun (1226-1270) iştirakı ilə monqollarla daha sıx əlaqə quran ermənilər Səlcuqlara qarşı çıxmışdılar. Onlar səlib yürüşləri zamanı isə səlibçilərə yardım etmişdilər.

Misir məmlükləri tərəfindən 1375-ci ildə Kilikiya knyazlığına son qoyulmuşdu. Müxtəlif ərazilərə səpələnən ermənilər bundan sonra türk-müsəlman dövlətlərinin himayəsinə sığınmışdılar. Erməni-qriqoryan kilsəsi Osmanlı dövləti (1299-1922), Azərbaycanın Qaraqoyunlu (1410-1468), Ağqoyunlu (1468-1501) və Səfəvi (1501-1736) dövlətləri tərəfindən hərtərəfli himayə olunmuşdu.

Gətirdiyimiz faktlardan bəlli olur ki, tarixdə mövcud olan erməni dövləti Bizans və Səlcuqlardan asılı, yarımmüstəqil kiçik knyazlıqlar şəklində təzahür etmişdi. Bu yarımasılı dövlət qurumlarının isə Cənubi Qafqaz bölgəsinə nə ərazi, nə də hüquqi-siyasi varislik baxımından qətiyyən aidiyyatı yoxdur. Kilikiya knyazlığına son qoyulduqdan XX əsrin əvvəlinə – 1918-ci ilə kimi tarixdə erməni dövləti olmamışdır. Ermənilər Qafqazda, o cümlədən Şimali Azərbaycanda gəlmə xalqdır. Bu fakt antropoloji, yazılı və digər qrup qaynaqlarla təkzibedilməz şəkildə sübut olunmuşdur.

Güntəkin Nəcəfli,

AMEA-nın Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, Dövlət Mükafatı laureatı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm