"Avropa Türkiyəyə qarşı B planına keçir, Ankara isə..." - TƏFƏRRÜAT
Bizi izləyin

Region

"Avropa Türkiyəyə qarşı B planına keçir, Ankara isə..." - TƏFƏRRÜAT

Şərqi Aralıq dənizində müşahidə olunan Türkiyə-Yunanıstan gərginliyi səngimək istiqamətində irəliləyir. Müharibəyə hazır olmadıqları üçün yenidən Türkiyə ilə bir masa ətrafında oturub danışmağa məcbur qaldılar. Artıq Afina və Ankara mövqe ziddiyyətlərini dialoq vasitəsilə həllinə razılaşıb və tərəflərin texniki qrupu NATO çərçivəsində beşinci görüşünü keçirib.

Teleqraf.com mövzu ətrafında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə söhbətləşib.

Həmin müsahibəni təqdim edirik:

- Sülhəddin bəy, Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında müşahidə olunan hərbi-siyasi gərginliyin diplomatik danışıqlar mərhələsinə keçidinə səbəb nədir?

-Təbii ki, səbəblər çoxdur. Birincisi, yeni dünya nizamı quruculuğu və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması ilə bağlıdır. Burada bir tərəfdən oyun quran ölkələr yeni qurulacaq nizamda özlərinə daha layiqli yer tutmaq uğrunda mübarizə aparırlar, digər tərəfdən də yeni oyun pozanların maraqlarını nəzərə almaq məcburiyyətində qalırlar. Bu baxımdan biz bir tərəfdən köhnə ittifaq daxilində gərginliyin yaranmasının şahidi oluruq, bir müddətdən sonra proseslərin əks istiqamətdə inkişaf etdiyini müşahidə edirik. Bu mənada NATO ittifaqı daxilində müəyyən gərginliklər yaşanır, elə Avropa Birliyi daxilində də mövqe fərqlərinin olduğu bəzən ortaya çıxır. Əslində bunların hamısı yeni dünya düzəni quruculuğu, bu prosesin həlledici mərhələyə daxil olması ilə bağlıdır. Hansı oyun qurucu dövlət nə qədər geniş nüfuz və təsir əldə edəcəksə, bu onilliklər ərzində davam edəcək. Odur ki, həm köhnə, həm yeni oyun qurucular, həm də oyun pozucu ölkələr bir ittifaqda olsalar da, bəzən onlar arasında gərginliklər yüksəlir, bəzən kəskinləşir. Belə vəziyyətdə kiçik toqquşmaların ola biləcəyi də istisna deyil. Müəyyən müddətdən sonra onlar artıq razılığa gəlirlər. Başqa sözlə, tərəflər öz güclərinin sərhədlərini gördükdən sonra qarşı tərəfin də maraqlarını tam olmasa da, müəyyən mənada nəzərə almaq məcburiyyətində qalırlar.

Hazırda bizim Şərqi Aralıq dənizində müşahidə etdiyimiz proses bundan ibarətdir. Yeni dünya nizamı qurulur, Türkiyə bu prosesdə əvvəl oyun pozan qüvvə kimi ortaya çıxdı, son dövrlər isə oyun qurmağa çalışan dövlət kimi öz maraq və təsir zonasını genişləndirməyə başlayıb. Sözsüz ki, bu köhnə oyun quran ölkələri ciddi şəkildə narahat edirdi, amma onlar basqı və təzyiqlər göstərsə də, bunun nəticə vermədiyini gördülər, habelə böyük müharibəyə hazır olmadıqları üçün yenidən Türkiyə ilə bir masa ətrafında oturub danışmağa məcbur qaldılar. Beləcə basqı və təzyiq yolu ilə əldə edə bilmədiklərini bundan sonra siyasi-diplomatik yolla əldə etməyə çalışacaqlar. Amma nəzərə almaq lazımdır ki, Türkiyə artıq əvvəlki dövlət deyil ki, müharibədə qazandığını danışıqlar masası ətrafında itirsin ya da güzəştə getsin.

- 24-25 sentyabrda Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə bağlı planlaşdırılan görüşün təxirə salınmasını Ankaranın qarşısından geri çəkilmək kimi qiymətləndirmək olarmı?

- Mən bunu geriçəkilmə deyil, razılaşma əlaməti kimi qəbul edərdim. Çünki Türkiyə beynəlxalq konfransın keçirilməsinə razılıq verib. Digər tərəfdən, əgər deyilənlər doğrudursa, zirvə toplantısının təxirə salınmasında COVİD-19-un təsiri olub. Daha dəqiq desək, Avropa Birliyi Komissiyasının sədrinin yaxın köməkçilərindən birinin testi pozitiv çıxıb. Bu doğrudursa, deməli təxirə salmanın obyektiv səbəbi var. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, artıq yeni şərait yaranıb. Çünki Türkiyənin beynəlxalq konfransa razılıq verməsi, habelə Avropa Birliyinin çoxlu üzvü olduğu üçün bu konfransa vahid mövqe ilə getmək üçün məsləhətləşmə dövrü lazımdır. Ona görə də, burada bir həftəlik gecikmə əsasən Avropa Birliyinə üzv dövlətlər arasında məsləhətləşmələr üçün bir fürsətdir. Mən bunu güzəşt kimi deyil, yeni yaranan şəraitə hazırlıq kimi qiymətləndirərdim.

- Bəzi analitiklər Ankaranın “Oruc Rəis” seysmik gəmisini Meis adası yaxınlığından Antalya limanına çəkməsini Türkiyənin güzəştə getməsi kimi təqdim edirlər. Doğurdanmı ilk olaraq güzəşt addımı Ankara tərəfindən atıldı?

- Əslində Türkiyə Prezidenti Ərdoğanın açıq qeyd ediyi kimi Ankara bu addımla diplomatiyaya şans tanıyır. Qeyd edim ki, Yunanıstan da müəyyən addımlar atdı, Meis adasından hərbi gəmilərini geri çəkdi və s. Bu üçüncü tərəflərin təklifi ilə olan addımlardır. Təbii ki, Türkiyədə məsələnin hərbi və ya müharibə yolu ilə həllinin tərəfdarı deyil. Problemin dinc yolla həlli şansı varsa, bundan yararlanmağa çalışılır. Mənə elə gəlir ki, Türkiyənin bu addımı doğrudur, Ankara gərginlik yaradan deyil, məsələnin diplomatik yolla həllinə çalışan tərəf kimi hərəkət edir. Odur ki, bu addımın siyasi-diplomatik dillə geri çəkilmək kimi qiymətləndirmək doğru olmazdı.

- Şərqi Aralıq dənizində gərgin hərbi-siyasi vəziyyətin mümkün müharibə ssenarisindən geri döndüyünü demək olarmı?

- Maraqlar toqquşdu. Avropanın əsas güclərinin Yunanıstanı irəli verərək birləşməsinə, Türkiyəyə qarşı geniş cəbhə qurmasına baxmayaraq qardaş ölkənin geri çəkilmədiyini gördülər. Türkiyənin hətta hərbi vasitələrlə öz maraqlarını qorumağa hazır olduğunu da müşahidə etdilər. Və həm də müharibəyə hazır olmadıqlarına görə geri çəkildilər. Əslində biz burada Fransa başda olmaqla, Avropanın geri çəkildiyinin şahidi oluruq. Çünki ABŞ-ın arxa planda müəyyən gedişləri, eləcə də Böyük Britaniya və Almaniyanın addımları var. Halbuki bu gedişlər hər zaman Fransanın maraqları ilə üst-üstə düşmür. Bu baxımdan bəzən Almaniya ikibaşlı hərəkət edir. O ayrı məsələdir ki, Fransanın təkbaşına hərəkət etməsində, maraqlarını gücləndirməsində nə Avropanın ikinci iqtisadi gücü olan Almaniya, nə İngiltərə, nə də ABŞ maraqlı deyil. Sözsüz ki, Türkiyədə bu güc balansındakı daxili dinamikadan öz maraqları üçün istifadə edir.

Düşünürəm ki, buna qədər Şərqi Aralıq dənizində baş verənlər ilkin toqquşma idi. Buna kəşfiyyat yoxlama hücumu kimi baxmaq da olar. Fransa belə bir kəşfiyyat apardı, Türkiyənin hər şeyə hazır olduğunu gördü. İndi Fransa başda olmaqla, Avropa Türkiyəyə qarşı B planına keçir. İstədiklərinə masa ətrafında nail olmağa çalışacaqlar. Türk diplomatiyasının son zamanlar çevik və aktiv fəaliyyət göstərdiyinin şahidi oluruq. Türkiyənin bu prosesə də hazır olduğunu düşünürəm və mənə elə gəlir ki, masa arxasında da öz maraqlarını qoruya biləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm