Azərbaycan RƏŞT-ASTARA dəmir yoluna qoşulur - Ekspert ŞƏRHİ
Bizi izləyin

Region

Azərbaycan RƏŞT-ASTARA dəmir yoluna qoşulur - Ekspert ŞƏRHİ

Azərbaycan, İran və Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə uyğun gələn Rəşt-Astara dəmir yolunun tikintisinə birgə sərmayə ayırmaq niyyətində olduqlarını bəyan ediblər. İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib ki, rəsmi Tehran qonşu dövlətlərlə əlaqələri gücləndirmək üçün İran Çin və Rusiya ilə tranzit ticarətini genişləndirmək niyyətindədir.

Məsələ ilə bağlı fikirlərini Publika.az-a açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, İran ərazisində və Fars körfəzində yerləşən Bəndər-Abbas limanından şimala, yəni Baltik dənizinə qədər, ordan da əks istiqamətdə yüklərin daşınması dəmir yolu xəttindən çox asılıdır:

“İran ərazisindən keçən dəmir yolları çox geniş yayılmadığı üçün çoxlu problem yaşanmaqdadır. Azərbaycan üzərindən keçəcək və ölkəmiz üçün nəqliyyat xabı rolu oynayacaq “Şimal-Cənub” dəhlizinin aktiv işləməsi üçün dımir yolu xətlərinin işlək vəziyyətdə olması vacibdir. Bunun üçün ən vacib elementlərdən biri İran ərazisində Fars körfəzi limanları ilə digər dəmir yolu xətlərinin, o cümlədən, Azərbaycana qədər uzanan Rəşt-Astara dəmir yolunun birləşməsinə ehtiyac var. Bu məsələdə həm Rusiya ilə İran, həm də Azərbaycan maraqlıdırlar. Əgər rəsmi Bakı ölkəmizi gələcəkdə böyük nəqliyyat şəbəkəsinə çevirmək istəyirsə, həm “Şimal-Cənub”, həm də “Şərq-Qərb” xətləri vasitəsilə ölkəmiz üzərindən keçən tranzit yüklərinin hansı əhəmiyyətə malik olacağını hesablamalıdır. Çünki, bu zaman Azərbaycan əlavə iqtisadi və coğrafi üstünlüklərə malik olacaq və bunlardan istifadə etmək üçün əlavə imkanlar yaranacaq. Bu yolun bərpası və ya yenidən inşası təkcə Rusiya ilə İranın deyil, ora qoşulan dövlətlərin də ticarət dövriyyəsini artıracaq, eyni zamanda ölkəmizin qlobal nəqliyyat şəbəkəsinə çevrilməsinə səbəb olacaq”.

"Hazırda inşası davam edən Zəngəzur dəhlizi də gələcəkdə bu xəttə qoşula bilər"

“Onsuz da bu dəhliz inşası başa çatan kimi ölkənin dəmir yolu şəbəkəsinə birləşəcək. Rəşt-Astara dəmir yolu da Azərbaycan ərazisinə keçərsə, bu şəbəkə ilə qarşılıqlı şəkildə əlaqələndiriləcək” - deyən Natiq Cəfərli onu da qeyd etdi ki, adıçəkilən dəmir yoluna yatırılan sərmayədən Azərbaycan müəyyən zaman çərçivəsində iqtisadi və maddi gəlir əldə etməyə başlayacaq:

“İlk növbədə tranzit gəlirləri arta bilər. Azərbaycan rəqibləri ilə bu məsələdə daha çevik davranmalı, tranzit qiymətlərini ucuzlaşdırmalı və çevik hala salmalıdır. Bunun üçün də dərhal “Yaşıl kolidor” sisteminə keçilməli və tranzit keçidləri üçün əlverişli şərait yaradılmalıdır. Elə bir elektron portal yaradılmalıdır ki, bu prinsipə əsasən, yükün Azərbaycana tez keçməsi üçün həm tez icazə verilməli, həm də tariflər ucuzlaşmalıdır. Yükdaşıyanlar da zaman və qiymət kriteriyalarına uyğun olaraq, həm “Şimal-Cənub”, həm də “Şərq-Qərb” dəhlizlərindən biri ilə yük göndərəcəyini seçməlidir. Bu baxımdan ölkəmizin yüklərin daha sürətli daşınması baxımından coğrafi üstünlüyü çoxdur”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm