Ərdoğanın andiçmə mərasiminə qatılan Paşinyanı Rusiya mediası niyə təhqir edir?
Bizi izləyin

Region

Ərdoğanın andiçmə mərasiminə qatılan Paşinyanı Rusiya mediası niyə təhqir edir?

Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılması soydaşları və diaspordan çox Rusiya cəmiyyətində, mediasında mənfi reaksiya doğurub. Rusiyanın dövlət mediası səfərlə bağlı yazılarda baş naziri hər vəchlə aşağılamağa çalışır. Təhqir kampaniyası neçə gündür ki, davam edir. Rus mediası baş nazirin Ankarada hörmətsiz formada qarşılandığını vurğulayır. Rusiyanın əksər dövlət nəşrləri erməni baş naziri aşağılayan fotolar və məlumatlar dərc edib.

“Türkiyə Ermənistanla həmişə güclü mövqedən danışacaq”

Rus mediasında yer alan bir sıra məlumatlara diqqət yetirək. Məsələn, “Nezavisimaya qazeta” yazır ki, Ərdoğanın andiçmə mərasiminə gələn mötəbər qonaqları sadalayarkən Paşinyanın adını çəkməməsi Ankaraya səfəri rüsvayçılıq kimi qiymətləndirənləri daha da qəzəbləndirib: “Bu təbəqə Qarabağda 44 günlük müharibədəki məğlubiyyətdə Türkiyənin əvəzsiz roluna görə bu hərəkəti qəbuledilməz hesab edir. Onların fikrincə, Ərdoğanın sonrakı sərt bəyanatları, Türkiyənin Ermənistanla güclü mövqedən danışmağa meyilli olması münasibətlərin yaxşılaşması istiqamətində yaxşı heç nə vəd etmir”. Rusiya mətbu orqanları səfərlə bağlı əks fikirlər paylaşan şəxslərin mövqelərini də dərc etməyə çalışır. Bura “Alternativ layihələr” qrupunun üzvü, politoloq Vahe Ovannisyanın sosial şəbəkə səhifəsində yazdığı fikirlər də daxildir. Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətləri ilə bağlı vəziyyət orta əsr ənənələrini xatırladır: “O zaman qalib öz xalqına uduzan tərəfin əsir götürülmüş liderini nümayiş etdirərək hərbi uğurlarını qeyd edirdi”.

Erməni politoloq Armen Xanbabyan isə əks fikirdədir. Onun sözlərinə görə, Türkiyə Ermənistanla həmişə güclü mövqedən danışacaq, çünki daha güclüdür. Ankara üçün İrəvanla münasibətlərin normallaşması arzuolunandır, lakin o qədər də əhəmiyyətli amil deyil. “Ermənistan hakimiyyətinin əleyhdarları Paşinyanın səfərindən onu ittiham etmək üçün bəhanə kimi yararlanıblar. Onların fikrincə, İrəvan belə addımlar atmamalıdır. Paşinyanın əleyhdarları üçün hakimiyyətin istənilən hərəkəti sərt və çox vaxt əsassız tənqid üçün bəhanəyə çevrilir”, – A.Xanbabyan deyib. Onun sözlərinə görə, bu dəfə Paşinyanın rəqibləri onun son 30 ildə Türkiyə paytaxtına səfər edən ilk erməni lideri olmadığını xatırlamamağa üstünlük verirlər: “Hələ 1993-cü ildə, birinci Qarabağ müharibəsinin qızğın vaxtında o vaxtkı prezident Levon Ter-Petrosyan mərhum həmkarı Turqut Özalın dəfn mərasimində iştirak edib. Heç kim bunun xəyanət olduğunu düşünmürdü”. Yeri gəlmişkən, baş nazirin Türkiyə prezidentinə andiçmə mərasimi münasibətilə xalça hədiyyə etdiyi bəlli olub. Xalçanın üzərində türkcə naxışlı yazı var.

“Səfər heç bir nəticə verməyəcək”

Rus mediası yazır ki, Paşinyanın səfəri Ərdoğanla münasibətləri normallaşdırmağa əsas olmayacaq. Xanbabyan da vurğulayıb ki, Paşinyanın səfərinin İrəvanla Ankara arasında münasibətlərin normallaşmasında ciddi rol oynayacağına inanmağa dəyməz. “Ermənistan-Türkiyə münasibətlərinin səviyyəsi bundan sonra da Ermənistan-Azərbaycan dialoqunun gedişindən asılı olacaq. Lakin ola bilsin ki, üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı sazişi həyata keçirmək mümkün olsun. Bu, Rusiya pasportuna malik ermənilərin üçüncü ölkələrdən yan keçərək Türkiyəyə daxil ola bilməsi deməkdir”, - deyə rus mediası Xanbabyanın sözlərini sitat gətirib.

Paşinyan Oskanyanı da qəzəbləndirib

Paşinyan səfəri ilə keçmiş diplomatları da qəzəbləndirib. Keçmiş XİN rəhbəri Vardan Oskanyan hesab edir ki, Ankarada Paşinyan erməni xalqını deyil, özünü təmsil edib. “Əgər Paşinyanın minimal diplomatik bacarığı olsaydı, o zaman erməni tərəfi heç olmasa müharibədən yayınardı. Paşinyan başa düşmədi ki, zəlzələdən sonra Türkiyəyə yardım göstərməklə və Ərdoğanın andiçmə mərasimində iştirak etməklə Ermənistan-Türkiyə münasibətlərinin həlli baxımından Türkiyənin rəğbətini qazana bilməz”, - deyə Oskanyan əlavə edib.

"Türklər savaşmağı bildiyi qədər barışı da bilən bir millətdir"

Türk mediası isə Paşinyanın Ankaraya səfərini müsbət qiymətləndirib. “Bu səfərlə bütün dünyaya "Türklər savaşmağı bildiyi qədər barışı da bilən bir millətdir" mesajı verildi", - deyə türk mediası yazır. “Paşinyanın Ankaraya gəlişi onun ölkəsi üçün sülh və ləyaqətli yaşam axtarışında olduğunu göstərir. Ermənistandakı kəskin qruplaşmalara baxmayaraq, onun bu cəhddə uğur qazanıb-qazanmayacağını bilmirik. Amma bacararsa, tarixi nifrətin əsiri olan Ermənistanın da taleyini dəyişə bilər”, - deyə türk mediası yazır.

“Qarşıdakı dövrdə Türkiyənin xarici siyasətinin kritik məsələlərindən biri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması olacaq”, - deyə “Milliyet” yazır. “Nikol Paşinyan andiçmə mərasimində iştirak etməklə iki xalq üçün çox böyük əhəmiyyət kəsb edən addım atıb. Bu addımların atılması həm ermənilər, həm Azərbaycan, həm də türk milləti üçün yaxşı şeylərin xəbərçisidir”, – məqalədə bildirilir. ("Kaspi" qzəeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm