İlham Əliyev fərman imzaladı
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Publika.az xəbər verir ki, fərmanda deyilir:

"Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin əsas prinsip və formaları, prioritet sahələri, dövlət dəstəyinin təmin olunmasının əsas vasitələri və digər konseptual məsələləri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” təsdiq edilmişdir.

Ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamış, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak etmişlər.

Qeyri-hökumət təşkilatlarına göstərilən dövlət dəstəyi ilə bağlı əldə olunan nəticələrin təhlili və ümumiləşdirilməsi bu sahədə fəaliyyətin daha təkmil əsaslar üzərində qurulmasını, habelə qeyri-hökumət təşkilatlarının potensialından daha səmərəli istifadə edilməklə dövlətin və cəmiyyətin həyatında onların aktiv fəaliyyəti üçün tənzimləyici mexanizmlərin təkmilləşdirilməsini zəruri edir.

Bununla belə, qeyri-hökumət təşkilatları ilə biznes qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin genişlənməsinə və onların cəmiyyət üçün ictimai aktual hesab olunan məsələlərin həllində iştirakına əlavə imkanlar yaradır, həmçinin biznes qurumlarının cəmiyyət qarşısında sosial məsuliyyətinin artırılmasına və cəmiyyətdə həmrəylik ruhunun daha da güclənməsinə öz töhfəsini verir".

Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb.

2. “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

4. Agentliyin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşır.

5. Müəyyən edilsin ki:

5.1. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 (on bir) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

5.2. Müşahidə Şurasının 8 (səkkiz) üzvü qeyri-hökumət təşkilatlarının, digər 3 (üç) üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir;

5.3. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Agentliyin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;

5.4. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

6. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

6.1. Azərbaycan Respublikasının Prezidentinə:

6.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

6.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması, Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

6.1.3. Agentliyin ləğvi və yenidən təşkili;

6.1.4. nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

6.1.5. Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

6.1.6. Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

6.2. Agentliyə:

6.2.1. Agentliyin strukturunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;

6.2.2. bu Fərmanın 6.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

7.3. qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

7.4. Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Agentlik dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.7. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etsin;

7.8. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

7.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Agentlik:

8.1. Agentliyin strukturu, işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

8.2. “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanı nəzərə alınmaqla, qeyri-hökumət təşkilatlarına və onların iştirakı ilə keçirilən layihələrə dair informasiya ehtiyatının formalaşdırılmasını “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təmin etsin;

8.3. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının işçilərinin Agentlikdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

8.4. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

8.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

9.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Nizamnamənin 5.1-ci bəndində və bu Fərmanın 5.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;

9.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

10. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1224; 2009, № 4, maddə 222, № 12, maddə 988; 2012, № 2, maddə 83, № 5, maddə 429; 2016, № 3, maddə 466; 2018, № 11, maddə 2269; 2019, № 7, maddə 1246, № 8, maddə 1036) ləğv edilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm