“Həkim evdə bütün günü xəstənin yanında...” - Koronalı xəstələrin evdə müalicəsi necə aparılacaq?
Bizi izləyin

Səhiyyə

“Həkim evdə bütün günü xəstənin yanında...” - Koronalı xəstələrin evdə müalicəsi necə aparılacaq?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində artıq poliklinika həkimlərinin simptomları zəif olan xəstələrin müalicəsi ilə məşğul olacağını söyləyib. O qeyd edib ki, bunun üçün beynəlxalq təcrübə əsasında hazırlanan mobil tətbiq əlavəsindən istifadə ediləcək. “E-təbib” adlanan bu mobil tətbiq əlavəsi vasitəsilə evdə müalicə alan xəstələr müşahidə altında saxlanılacaq.

TƏBİB-in məlumatında qeyd olunur ki, onların evi tərk etməməsi üçün müvafiq qurumlar tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək. Burada 14 günlük karantinin olması, belə xəstələrin təlimatlara əməl etməsi vacibdir. Poliklinikada çalışan həkimlər 12 saatdan bir ev telefonu vasitəsilə xəstələrin səhhəti ilə bağlı sorğular göndərəcək və bu məlumat elektron sistemə daxil ediləcək. Bunun əsasında pasiyentin müalicəsini evdə və ya xəstəxanada davam etdirməsi barədə qərar qəbul ediləcək.

Bu gün isə COVID-19-a yoluxan simptomsuz xəstələrin ev şəraitində müalicəsinə başlanılıb. Bu barədə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini qeyd edib ki, xəstələrə ərazi poliklinikaları tərəfindən nəzarət edilir və 12 saatdan bir telefonla sorğular göndərilir.

Məsələ ilə bağlı Publika.az-a danışan Baş infeksionist Cəlal İsayev bildirib ki, virusa yoluxanların sayının artması xəstəxanalarda çarpayı fonduna təsir etdiyinə görə vəziyyəti yüngül olan xəstələrin, eləcə də ambulator xəstələrin ev şəraitində müşahidəsi və müalicəsi nəzərdə tutulub:

“Bu müalicəni xəstə özbaşına apara bilməz. Həkim pasiyentə baxaraq və onun vəziyyətini qiymətləndirərək təyin etdikdən sonra qərar qəbul edə bilər. Əgər evdə xəstə özünü təcrid etsə, başqalarını yoluxdurma ehtimalını minimuma endirsə, bu müalicə üsulu effektiv olacaq. Xəstəxanada qəbul etdiyi həmin dərmanı evdə də qəbul edəcək. Sadəcə olaraq burada o, ev şəraitində təcrid olunur. Onlar evdə bir şeyi nəzərə almalıdırlar ki, başqaları da virusa yoluxmasın. Evdə xəstəliyi yüngül keçirən asimptomatik xəstələr küçəyə çıxmamalıdırlar. Təkrar müayinədən keçdikdən sonra həkim son qərarı xəstəyə özü deyəcək. Əgər xəstə sağalarsa, onun normal həyata qayıtmasına imkan veriləcək”.

Baş infeksionist vəziyyəti pisləşən xəstələrin dərhal xəstəxanaya köçürüləcəyini deyib. Onun sözlərinə görə, xəstəlik əlamətləri az hiss olunan və virusu yüngül keçirən xəstələrdə ağırlaşma halları adətən olmur:

“Bu xəstələr müşahidə altında olurlar. Hər halda xəstəyə hər şey başa salınacaq. Müəyyən simptomlar ortaya çıxarsa, o, həkimə müraciət edəcək və onlar da baxaraq müvafiq qərar qəbul edəcəklər. Burada ciddi və çox maliyyə tələb edən dərmanlar olmur. Əsasən immun sistemini gücləndirən dərman preparatları olur. Ambulator şəraitdə qalan xəstə dərmanı özü almalıdır. Xəstə hətta özünü gözləsə, heç bir əlamət hiss etməsə və xəstəliyi yüngül keçirsə, ona heç dərman verməyə də ehtiyac yoxdur”.

Professor, həkim-cərrah Adil Qeybulla isə bildirib ki, koronaviruslu xəstələrin evdə müalicə olunması üçün xüsusi mexanizm hazırlanmalıdır:

“Həkim xəstənin yanında bütün günü dayana bilməz. Sadəcə olaraq bu müalicə üsuluna xüsusi nəzarət təşkil olunmalıdır. Ambulator müalicə sosial şəbəkələrlə, Feysbuk və digər bu kimi vasitələrlə həyata keçirilə bilər. Evdə müalicə çox ciddi məsələdir. Bu o demək deyil ki, hamı üçün ümumi bir resept var və hamı onu icra etməlidir. Belə yanaşma olmaz. İmmun sistemi müxtəlif, fərqli xəstəliyi, xroniki xəstəliyi olanlar var və xəstələrin bu müxtəlif durumları nəzərə alınmalıdır. Bunların hamısı eyni qayda ilə və TƏBİB-in tərtib etdiyi sistemlə müalicə ala bilməz”.

Professor qeyd edib ki, xəstəlik üzrə patogenetik yanaşma olmalıdır. Onun sözlərinə görə, bu baxımdan da hər bir xəstəyə individual yanaşılmalıdır:

“Ona görə də xəstəxanaların sahə həkimləri və ya başqa strukturların həkimləri bura cəlb olunmalı, onların vəziyyətləri müəyyənləşdirilməlidir. Tibb bacıları həmin xəstələrə nəzarət etmək üçün cəlb olunmalıdır. Bu mexanizm ya poliklinikalarda, ya da başqa strukturlarda hazırlanır və nəzarət vasitəsilə həyata keçirilir. Çünki xəstələrin vəziyyəti müalicənin gedişində ağırlaşa bilər. O zaman onlara olunacaq xüsusi yardım məsələsinə həkim qərar verməlidir. Evdə müalicə üsulu, gedin aptekdən dərman alın, özbaşına da qəbul edin demək deyil. Elə bir şey ola bilməz. Evdə müalicə odur ki, xəstə stasionarın əvəzinə evdə yata və həmin dərmanları qəbul edə bilər. Fakt odur ki, istər ambulator, istərsə də stasionar müalicə nəzarət altında olmalıdır. Bu mexanizmin bütün detalları açıqlanmalıdır. Hara deyək, kimə zəng edək, hara gedək sualları ilə bizə hər gün xeyli insan müraciət edir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm