Yeni yaranan ştamlar daha təhlükəli olur - Həkimdən XƏBƏRDARLIQ
Bizi izləyin

Səhiyyə

Yeni yaranan ştamlar daha təhlükəli olur - Həkimdən XƏBƏRDARLIQ

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Süleyman Kamilovun sözlərinə görə, koronavirusun “delta” ştamının alt növü olan AY.4.2 virusu daha yüksək yoluxma qabiliyyəti ilə xarakterizə olunur və bir daşıyıcı eyni anda 9 insanı yoluxdura bilər.

Publika.az bu mövzuda həkimin müsahibəsini təqdim edir:

- 2019-cu ilin dekabrında Çində ortaya çıxan və o vaxtdan bəri dünyada 4,9 milyon insanın ölümünə səbəb olan koronavirusun yeni variantları çaxnaşmaya səbəb olmağa davam edir. Son günlərdə virusun yeni AY.4.2 mutasiyası gündəmdədir. Yeni variantın xüsusiyyətləri nədir və “delta”dan nə ilə seçilir?

- Koronavirusun AY.4.2 mutasiyası yeni növ ştam deyil. “Delta” ştamının başqa bir variantıdır və iyul ayında identifikasiya olunub. Bəzi məqalələrdə ona “delta plyus” da deyilir. Digər ştamlardan əsas fərqi odur ki, yoluxma sürəti nisbətən daha yüksəkdir. Amma xəstəliyin bu ştamda gedişatı, hansı fəsadlara səbəb olması və neçə faiz kliniki ölüm təşkil etməsi haqqında əlimizdə dəqiq məlumat yoxdur. Bilinən odur ki, AY.4.2 İngiltərədə aşkarlanıb, amma Britaniya səhiyyəsi onun xüsusiyyətləri barədə geniş məlumat təqdim etməyib. Sadəcə yoluxmanın daha sürətli olduğu bildirilir. Ekspertlər bu yöndə araşdırmaları davam etdirirlər. Alimlər koronavirusda baş verən genetik dəyişiklikləri mütəmadi şəkildə izləyirlər.

Qorunma yollarına gəldikdə, bütün ştamlarda dəyişməz olaraq qalır. Yenə də maskadan istifadə etməyə, sosial məsafəni qorumağa və gigiyenik qaydalara əməl etməyə davam etməliyik.

Başlıcası, peyvəndləmədə aktiv iştirak etmək lazımdır. Çünki vaksinasiya müddəti uzandıqca və ya insanlar peyvənddən qaçdıqca virus tez-tez mutasiyaya uğrayır. Bir orqanizmdən digərinə keçdikcə virusun yeni ştamlar qazanma özəlliyi artır. Ən azı əhalinin 70 faizindən çoxunun peyvənd olunması həm ştamların yaranmasının, həm də xəstəliklərin qarşısını alar.

- Yeni ştamların ortaya çıxması qorxuludurmu?

- Əlbəttə ki, qorxuludur. Burada iki versiya var: birincisi, hər hansı özəlliyini, yoluxma və ya yoluxduğu zaman xəstəlik törətmə qabiliyyətini itirir. İkincisi, yeni bir özəllik qazanır, daha sürətlə yoluxdurur, kliniki ölümlərin baş verməsi sürətlənir. Hazırda koronavirus məsələsində biz hələ ki, virusun zəifləməsini müşahidə etmirik, yeni yaranan ştamlar daha təhlükəli olur. Məsələn, COVID-19-un ənənəvi ştamlarından fərqli olaraq “delta” ştamı daha çox insan yoluxdurdu, müalicəyə daha ciddi yanaşıldı, xəstələrdə daha sürətli klinik ağırlaşmalar müşahidə edildi. AY.4.2-də də gedişat bu formada baş verib və ya verməyəcəyini demək hələ tezdir.

- Həkim, yeni mutasiyalar ortaya çıxdıqca müalicə protokollarında hər hansı dəyişiklik olur? Ümumiyyətlə, mutasiyaların dərmanlara müqavimətinin gücləndiyini müşahidə edirsiniz?

- Müalicə protokolları dəyişmir, dərmanlar eyni olaraq qalır. Bazara yeni bir dərman çıxmayıb. Sadəcə istifadə olunan dərman maddələri fərqli dozalarda təyin oluna bilər. Xəstəxana şəraitində müalicə apardığımız xəstələr üzərində onu müşahidə edirik ki, hər bir halda yeni yaranan ştamlar daha davamlı olurlar. Məsələn, əvvəllər xəstələr müalicəyə daha tez tabe olurdular, yeni ştamlarda isə müalicəyə tabeçilik azalıb.

- Bu, vaksinin effektivliyini zəiflədə bilər?

- Buna görə də biz üçüncü doza vaksinin icra edilməsini tövsiyə etdik. Əgər hər hansı bir şəxs əvvəlcədən 2 doza “Sinovac” vaksinindən istifadə edibsə, üçüncü dozanın fərqli vaksin - xüsusilə “Pfizer” olması məqsədəuyğundur. Bu, onun ştamlara qarşı qoruyuculuğunu daha da artırır.

- Qarşıda bizi soyuq aylar gözləyir. Proqnozlarınız nələrdir, sərt karantin rejimi yenidən qüvvəyə minə bilər?

- Karantin və qapanmalar barədə bütün qərarları Operativ Qərargah verir. Proqnoza gəldikdə, məlumdur ki, qış aylarında zökəm, pnevmoniya, qrip və s. kimi mövsümi xəstəliklər artır. Sözsüz ki, COVID-19-la yanaşı, bu xəstəliklərin yayılması işləri daha da qəlizləşdirir. Bunun üçün maksimal dərəcədə sağlam qidalanaq, maye miqdarına nəzarət edək və digər ənənəvi qorunma qaydalarına əməl edək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm