Sosial
İşdən çıxarılan şöbə müdiri DANIŞDI: "Mənə böhtan atıb işdən çıxartdı"
Son günlərdə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də xalq arasında “vərəm xəstəxanası” kimi tanınan Elmi-Tədqiqat Аğсiyər Xəstəlikləri İnstitutunda baş verən qalmaqallı olaylardır.
Məlumata görə, qalmaqal bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında vərəmlə mübarizə sahəsində görülən işlərin müzakirəsi zamanı baş verib. Direktor Həqiqət Qədirovanın çıxışına etiraz edən bir qrup həkim işdən çıxarılıb. Həqiqət Qədirova iddia edir ki, işdən çıxarılan uşaq vərəmi şöbəsinin həkimi Səbinə Məmmədova vəzifəsindən sui-istifadə edib:"S.Məmmədova vərəm xəstəsi olan tələbəyə saxta arayış verib. Tələbənin imtahanda iştirak etməsinə şərait yaratmaq məqsədilə arayışda onun vərəm xəstəsi olmadığını qeyd edib. Beləliklə də, digər tələbələrin və müəllimlərin yoluxma təhlükəsi yaranıb. Bir neçə dəfə xəbərdarlıq edilsə də, bu hallar davam etdiyi üçün S.Məmmədova işdən azad edilib."
Paylaşılan video görüntülərədə institutun direktoru Həqiqət Qədirovanın keçirdiyi iclas zamanı həkimlərdən Xatirə Əliyeva, Arif Qurbanov və Səbinə Məmmədova direktorun qəbul etdiyi bəzi qərarlara etiraz etdikləri yer alıb.
Sözügedən hadisədə adı hallanan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi, ağciyər xəstəlikləri üzrə tibb elmləri namizədi Səbinə Məmmədova Publika.az-a bütün iddiaların böhtan olduğunu deyib:
“Həqiqət Qədirova ötən ilin fevral ayından direktor vəzifəsinə gəlib. Bu xanım gələndən bütün həkimlərlə mübahisə edir, onları incidir. Məndən başqa bir neçə həmkarım da eyni vəziyyətdədir. Bizi məcbur edir ki, öz xoşumuzla ərizə yazaq çıxaq. Əks halda, bax belə böhtanlar atır, həkim adımıza ləkə yaxacağı ilə hədə-qorxu gəlir. Etiraz edən həkimləri də işdən çıxarır. Bu qadının kimdən xoşu gəlmirsə, onun haqqında araşdırma aparır ki, nə isə bir nöqsan tapsın və həmin həkimi işdən qovsun. Çıxarılan həkimin yerinə gələcək kadr isə əvvəlcədən hazırdır. Həqiqət Qədirova bütün həkimləri çıxarıb, əvəzinə pul müqabilində öz adamlarını instituta işə qəbul edir. 17 ildir şöbə müdiriyəm. 20 ildə neçə dəfə direktor dəyişilib. Necə olur ki, heç kimlə heç bir problem yaşanmadı, elə Həqiqət xanım gələndə bütün həkimlər yanlış işləməyə başaldı?”
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsində hazırda həkim yoxdur. Biyabırçılıqdır. Etiraz edən bütün həkimləri işdən kənarlaşdırıb:
“Bizdə reanimasiya şöbəsinin müdiri Vüqar Səfərov idi. Onu da haqsız yerə işindən çıxartdı, yerinə bir həkim gətirmişdilər, onu da azad etdilər. Vüqar Səfərov o qədər savadlı həkimdir ki, reanimasiya şöbəsində ən ağır xəstəni müalicə etmişdir. Biyabırçılıqdır, Respublikada Ağciyər İnstitutunun reanimasiya şöbəsi bu dəqiqə həkimsiz qalıb. Respublikanın tanınmış cərrahı, professor Kamal Əliyevi o qədər incitdi ki, məcbur olub ərizəsini yazıb işdən çıxdı. Məni və digər həmkarlarımı da bu cür işdən çıxartdı. İclasda yalançı məlumatlar verildiyi üçün etiraz etdim. Məlum mübahisədən sonra yanvar ayının 13-dən çıxarıldım. İddia edirlər ki, mən hansısa xəstəyə yanlış diaqnoz qoymuşam. Lakin, heç də elə deyil. Mənim əlimdə sənədlər var. O xəstənin diaqnozunu burada əmrsiz işləyən bir həkim qoymuşdu, daha sonra həkim çıxıb gedib. Xəstə ağır vəziyyətdə mənə müraciət etdi ki, həkimsiz qalmışam mənə kömək edin. Mən isə ona 1 həftə nəzarət etdim. Sağaldı və evinə yola salındı. Bu ittihamı irəli sürən adamın bu sahədən anlayışı yoxdur, qınamıram”.
S.Məmmədova iddia edir ki, Həqiqət Qədirova ağciyər xəstəlikləri üzrə mütəxəssis deyil:
“Bilirsiz, bu xanım ağciyər, vərəm həkimi deyil. O, sadəcə mikrobioloqdur. Onun bu sahədən dərin anlayışı olmadığı üçün, səriştəsizdir. Həkimlərdən etiraz qəbul etmir və ona nəyisə izah etməyə çalışanda həmin həkimlərlə qərəzli münasibətlərə başlayır. Prinsip yaradır. Bunu tək mən demirəm, digər həmkarlarım da qeyd edir. Səhiyyə Nazirliyinə müraciət etmişəm. Bundan başqa, haqqsız ittihamlarına görə, Nizami rayon məhkəməsinə məsələ ilə bağlı ərizə vermişəm. Bu məsələni məhkəmə yolu ilə həll edəcəm”.
Məsələyə aydınlıq gətirmək üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ilə əlaqə saxlamağa çalışdıq. Bütün cəhdlərimizə baxmayaraq, telefonlarımıza cavab vermədi.
Mövzu ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə əlaqə saxladıq. Telefonlarımıza cavab verilsə də, məsələ ilə bağlı məlumat vermək səlahiyyətlərinin olmadıqlarını deyib dəstəyi asdılar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov Publika.az-a məsələnin araşdırıldığını və araşdırma başa çatandan sonra məlumat veriləcəyini bildirib.
Könül Cəfərli
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var