390 ailənin yaşadığı vahiməli ərazidən REPORTAJ: Burada ölüm at oynadır - FOTOLAR
Bizi izləyin

Sosial

390 ailənin yaşadığı vahiməli ərazidən REPORTAJ: Burada ölüm at oynadır - FOTOLAR

Səbail rayonunun Bayıl qəsəbəsində, Bakı Televiziya Qülləsinin yaxınlığında davam etməkdə olan torpaq sürüşməsi onlarla evi qəzalı vəziyyətə salıb. Ən təhlükəli vəziyyət isə qəsəbənin "Cənub dərə" adlanan küçəsindəki yaşayış evlərindədir. 24 yanvarda 49 saylı orta məktəbə yerləşdirilən ailələr dünən 163 saylı məktəbə köçürülüb.

Publika.az olaraq hadisə yerinə yollandıq. Çətinliklə də olsa, “Teleqüllə”nin yaxınlığındakı sürüşmə zonasına gəldik. Yamacın yuxarı hissəsindən başlayaraq, aşağıdakı evlərə doğru uzanan iri şaxəli çatlar insanı vahiməyə salırdı. Sərt yamacların belə tap gətirmədiyi sürüşmə küçəni iki yerə bölmüşdü. İnsanların təhlükəsizliyini təmin etmək məqsədilə həmin çatlar torpaqla doldurulurdu. Torpağın sürüşmə istiqaməti dənizə doğru olduğu üçün həmin hissənin üzərində tikilən evlərə ciddi ziyan dəyib. Baxmayaraq ki, həmin bölgədə bundan öncə istinad divarları hörülüb. Son 1 ay ərzində sürüşmənin sürəti artdığından, aktivlik müşahidə edildiyindən istinad divarı 20-dən çox yerdən çatlayıb, daş kubiklər bir-birindən nəzərəçarpacaq dərəcədə aralanıb.

"Cənub dərə" dağın zirvəsinə doğru axırıncı küçə olduğundan buradakı evlər demək olar ki, yararsız hala düşüb. Yolları ucqar dağ kəndlərinin yollarını xatırladan bu ərazinin təmiz havası olsa da, artıq həyat üçün təhlükə mənbəyinə çevrilib. Ərazini daha yaxından görmək üçün dağın zirvəsinə qalxdıq. Torpaq ayağımızın altından qaçırdı. Bir neçə dəfə ayaq basdığımız yerin boşluq olduğunu gördük. İrəli getdikcə bir-birindən iri çatlar, yarğanlar vahiməli mənzərə yaradırdı.

Qəsəbə sakinləri qorxudan evlərinə yaxın gələ bimirdilər. Bir neçə vətəndaşa yaxınlaşaraq evlərini çəkmək istədiyimizi dedik. Onlar isə “qorxuram, ev uçar altında qalaram” deyib, kənarda durdular. Evi qəzalı halda olan Bayramova Əminə Seyran qızı deyir ki, son 1 ay ərzində hər gün bir neçə fəhlə dağa qalxıb ərazidəki çatları torpaqla doldursa da, əvəzində yeniləri və daha dərinləri yaranıb:

“25 ildir burada yaşayırıq. Ailədə 9 nəfərik. Kaş o vaxt bizə deyiləydi ki, bura təhlükəli ərazidi. Canımızdan bezməmişik ki, gələk burda xərc çəkib özümüzə ev tikək. Son 1 ay ərzində sürüşmələr artıb. Evimin damı çöküb aşağı. Evdə qalmağa qorxuruq. Özümüz də şəhid ailəsiyik. Gecəni küçədə qalmışıq. Axşam apardılar 49 nömrəli məktəbə. Orda şərait olmadığı üçün, çaydan-çörəkdən verdilər, sonra apardılar 163 nömrəli məktəbə. Pis-yaxşı yorğan-döşək verdilər, gecəni birtəhər ötüşdürdük. Səhər də gəldim evdən pal-paltar götürüm. O da 2 saatdır mən qapıya baxıram, qapı da mənə. Ürək eliyib içəri girə bilmirəm”.

Ə.Bayramova ilə birlikdə evə daxil olanda, gördük ki, evin divarları uçmaq üzrədir. Damı isə bir xeyli aşağı əyilib. İçəridə çox qalmağa ürək etmədən, evdən çıxdıq.

Sakinlər deyirlər ki, Bayılın torpağı onsuz da yumşaq, sürüşməyə meyillidir, bir tərəfdən də əraziyə axıdılan sular sürüşməni intensivləşdirir. Aslanov Telman Mirzə oğlu deyir ki, bir müddət əvvəl də sürüşmələr başlayıbmış, elə o vaxt evin qabağına 1800 ədəd daş düzüb ki, uçub tökülməsin:

“Neçə ildir burda yaşayıram. İmkanım yox idi evi təmir etməyə. Bir bu il yüngül düzəliş etdim ki, rahat gün görək, o da başımıza uçdu. 2 gündür küçədə yatıb-dururam. 3 uşağım var, qorxudan evdə saxlaya bilmədim. Aparıb qoymuşam qardaşımgilə. Hamı gəlir-gedir, hələ bir söz deyən yoxdur”.

Görünən o idi ki, sürüşmə bu aktivliklə davam etsə, dağın yamacaındakı 30 ailənin evi yerli-dibli yox olacaq. "Cənub dərə" küçəsində yaşayan ailələrin əksəriyyəti isə Cəbrayıl və Zəngilan rayonlarından olan məcburi köçkünlərdir. Digər sakinlər də deyir ki, 2-3 aydır burada vəziyyət gərgindir:

"Çöldə bir tıqqıltı səsi gələn kimi, ürəyimiz ağzımızda qaçırıq çölə. Elə bilirik ki, evin damı bu dəqiqə töküləcək başımıza.

Bu dağ uçsa, heç kim salamat çıxmayacaq. Görürsüz də, özünüz də o yolla gəldiz. Bax, o dağın yamacından keçən tək yoldur. Dağ uçub hara töküləcək? O yola.

Elə evlər var ki, pilləkənləri, divarları iki yerə parçalanıb. Divarlara əl vuranda qopub tökülür”.

Sakinlərlə söhbətləşdikdən sonra, yollandıq əhalinin köçürüldüyü 49 və 163 nömrəli məktəblərə.

49 nömrəli məktəbdən bildirdilər ki, əhalini 24 Yanvarda, axşam saatlarında bura gətiriblər. Lakin 40-50 ailənin yerləşdirilməsi üçün lazımı şərait və yer olmadığı üçün qərar veriblər ki, onları 163 nömrəli məktəbə aparsınlar.

Beləliklə, gəldik 163 nömrəli məktəbin həyətinə.

Ancaq məktəbin direktoru Sevil Cavadova heç bir səbəb göstərmədən qapının ağzında gözləyən jurnalistləri içəri buraxmadı.

Xatırladaq ki, Bayıl yamacında sonuncu dəfə 2000-ci ildə sürüşmə olmuşdu. Hadisə "Əbədi məşəl"in önündə 35 metr ərazidə qeydə alınmışdı.

Könül Cəfərli

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm