Tərcümə Mərkəzinin qərəzli monitorinqi - Qeyri-peşəkarlıq, yoxsa qaralama kampaniyası?
Bizi izləyin

Sosial

Tərcümə Mərkəzinin qərəzli monitorinqi - Qeyri-peşəkarlıq, yoxsa qaralama kampaniyası?

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Kütləvi İnformasiya Vasitələrində Azərbaycan dilinin mənzərəsi adlı monitorinqinin nəticəsini açıqlayıb. Açıqlayıb deyəndə, sadəcə saytında yerləşdirib. Gizlin aparılan monitorinqin nəticələri isə mediada birmənalı qarşılanmadı. İlk növbədə Tərcümə Mərkəzinin hansı ehtiyac və əsasla medianın dilinin monitorinqini aparması sualı qarşıya çıxır. Axı bu qurumun funksiyası adından da bəlli olduğu kimi tərcümə işidir. İkinci məqam Tərcümə Mərkəzi saytların monitorinqinə nə vaxt başlayıb, nə vaxt bitirib? Monitorinqlərdə saytlar hansı əsasla seçilib? Səhv kimi qeyd etdikləri nümunələrdə hansı dil qaydası pozulub?

Təəssüf ki, Mərkəzin saytında bu sualların heç birinə cavab tapmaq olmur. Yalnız saytların adı və seçilmiş cümlələr var. Üstəlik, saytlarda səhv kimi seçilən cümlələrin bir çoxu başqa saytlardan istinad edilən xəbərlərdəndir. Təbii ki, Tərcümə Mərkəzində bu cümlələri səhv kimi seçən şəxslərin istinad edilən həmin media orqanlarını da monitorinqə cəlb etmək ağlına gəlməyib. Bir müddət əvvəl Dilçilik İnstitutu ilə lüğət məsələsində qalmaqalları ilə gündəmə gələn Tərcümə Mərkəzi indi də saytları belə suallarla dolu monitorinqlərə cəlb etməklə nə istəyir?

Publika.az-ın bu suallarına monitorinqlərə cəlb edilən bəzi saytların baş redaktorları cavab verib.

Axar.az saytının baş redaktoru Anar Niftəliyev hesab edir ki, heç bir prinsipə əsaslanmayan bu monitorinqlərdə qərəzli yanaşma var:

"Dilçi olduğum üçün dil ilə bağlı bütün təşəbbüsləri dəstəkləmişəm. Medianın monitorinqə ehtiyacı var, çünki gənc nəsil ana dilini zəif bilir. Monitorinqlər saf niyyətlə keçirilərsə, mediaya dəstək ola bilər. Lakin bunun üçün bəzi şərtlər var. Monitorinq aparılmamışdan əvvəl elan edilməli, monitorinqin müddəti göstərilməlidir, rəsmi açıqlama verilməlidir. Yəni media monitorinqə cəlb edildiyindən xəbərdar olmalıdır. Həmçinin saytların monitorinqə cəlb edilməsi üçün müəyyən prinsip olmalıdır. Monitorinqi keçirən şəxslər məlum olmalıdır. Hər yoldan keçən medianın dilini monitorinqə cəlb edə bilməz. Lakin Tərcümə Mərkəzinin apardığı monitorinqlərdə bu sadaladığım heç bir qayda nəzərə alınmayıb. Heç bir media qurumunun monitorinqə cəlb edilməsindən xəbəri yoxdur, istədikləri vaxt sayta girib müəyyən cümlələri seçib Azərbaycan mediasının durumu kimi təqdim ediblər. Səhv kimi qeydə aldıqları cümlələrə heç bir şərh verilməyib. Aynur Camalqızı bu barədə status yazmasaydı, medianın bu monitorinq barədə xəbəri olmayacaqdı. Halbuki monitorinq həm başlayanda xəbər edilməli, həm də nəticəsi elan olunmalı idi. Saytların hansı prinsip əsasında monitorinqə cəlb edilməsi bəlli deyil. Hər kəsə bəllidir ki, Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsudun mediada bəzi dostları var və buna görə də həmin saytların monitorinqi aparılmayıb. Məsələn, “525-ci qəzet”, “Ədalət” qəzetləri, eləcə də Qafqazın ən böyük xəbər saytlarından musavat.com siyahıda yoxdur. Əgər monitorinq dost niyyəti ilə səhvləri üzə çıxarmaq üçün aparılıbsa, elə dostlarını həmin siyahıya sala bilərdi. Niyyət başqadırsa, bu, elan edilsin. Monitorinqi kimlərin keçirməsi bəlli deyil. Bizim saytda səhv kimi göstərilən nümunələrin biri axar.az-ın yazısı deyil, digəri isə bannerimizdəki başqa bir saytın xəbəri olub. Bu o deməkdir ki, monitorinqi aparan qeyri-peşəkardır. Bəlkə də dilçidir, amma media bilmir. Yəni banner və hiperlinklə verilən materialın sayta aid yazı olmadığını bilmir. Düzdür, bəzən başqa saytdan götürdüyümüz saytın yazısını redaktə edirik. Lakin bunu oxucu üçün edirik. Saytımıza qarşı olan iradlardan biri “Türkiyə teleserialları istehsal etdiyimiz ən yaxşı şeydir” cümləsidir. Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyevi oxumayan adam bu sözü nöqsan kimi görə bilər. Məhz “şeydir” sözünü saxladığına görə adminə təşəkkür etdim. Bu söz XX əsr ədəbiyyatını xatırlatdı mənə. Monitorinqə cəlb edilən səhvlərdən biri ilə razıyam”.

A.Niftəliyev bildirib ki, irad tutulan səhvlər savadsızlıq, dili bilməməkdən deyil, yorğunluqdan irəli gəlir. Bunlar da normal qarşılanmalıdır.

“Axar.az ölkənin böyük saytlarındandır, bir neçə dildə xəbər hazırlayırıq, bir çox saytlar kimi korrektorumuz yoxdur. Bu səbəblərdən səhvlərimiz ola bilər. Bu gün dilin qaydalarının tənzimlənməməsi səbəbindən mediada çoxlu sayda ciddi səhvlər gedir. Hələ də, xarici şəxs, yer adları hər saytda bir cür yazılır. Hətta nümunə kimi qəbul etdiyimiz AZƏRTAC-da belə bəzən eyni söz bir neçə variantda olur. Bu məsələlər üzərində düşünməliyik. Bu da onu göstərir ki, monitorinq qərəzli aparılıb və saytlara dəstək olası, öyrədiləsi heç nə yoxdur. Əksinə qərəz və qıcıqlandırma var. Üstəlik, saytların monitorinqini aparmaq Tərcümə Mərkəzinin işi deyil. Tərcümə sahəsində kifayət qədər qüsurlar var. Afaq xanımın tərcümədə çox böyük qüsurları var. Onun tərcümə etdiyi Markesin “Partiarxın payızı” əsəri rüsvayçı tərcümədir. Yaxşı olar ki, Afaq xanım saytların monitorinqinə ayırdığı vaxtı həmin əsərin təkrar redaktəsinə ayırsın. Tərcümə Mərkəzi dövlətdən dotasiya alan qurumdur. Gah Dilçilik İnstitutu ilə mübahisələrə gedir, gah da media ilə bağlı belə monitorinqlər açıqlayır. Tərcümə Mərkəzi dəstək olmaq istəyir, yoxsa qaşınmayan yerdən qan çıxartmaq? Bu işdə səmimiyyət yoxdur. Üstəlik, Tərcümə Mərkəzindəki vəziyyətdən məlumatlıyıq. Dilə aidiyyəti olmayan, xarici dildə bilməyənlər şöbə müdiri işləyir, zəngin dil bilgisi olanlar buna etiraz olaraq işdən çıxıb. Afaq xanım bu konfliktləri yoluna qoymalıdır. Sonra bizə kömək etmək istəyirsə, buyursun. Amma ortada səmimiyyət olmalıdır”.

Oxu.az saytının baş redaktoru Həmid Həmidov hesab edir ki, Tərcümə Mərkəzi ilk növbədə monitorinqi hansı əsasla keçirdiyini açıqlamalıdır.

“Əgər məqsəd səhvləri aşkarlamaq üçün dəstək olmaqdırsa, minnətdar olardıq. Səhvlərimizdən biz dərs çıxarmağa hazırıq. Səhvlərin hansı əsasla seçilməsi, konkret mətn göstərilmirsə, bununla razı ola bilmərik. Bəlkə həmin yazı heç bizim saytımıza aid deyil? Bundan başqa, monitorinqin hansı əsasla aparılması bəlli deyil. Monitorinqin aparılmasının məqsədi göstərilməlidir. Bizə köməklik göstərmək istəyirlərsə, təşəkkür edirik. Lakin niyyət başqadırsa, o zaman gərək açıq şəkildə dilə gətirsinlər. Düzünü deyim ki, monitorinqin hansı əsasla keçirilməsi mənə aydın olmadı”.

Teleqraf.com saytının baş redaktoru Zahid Nurəliyev Tərcümə Mərkəzinin fəaliyyət prinsipi ilə saytların monitorinqi prosesi arasında əlaqə olmadığını bildirib.

“Bu monitorinqlə tanış olan hər kəsin ilk ağlına gələn məqam budur, məncə. Medianın dili zaman-zaman monitorinqlərə cəlb edilib. Əvvəllər bu işi jurnalist təşkilatları da aparırdı. Kütləvi İnformasiya Vasitələrinin dilini monitorinq etmək üçün Dilçilik İnstitutu, Dil Komissiyası, Mətbuat Şurası var. Son vaxtlar tərcümə kitablarındakı qüsurlar məni məni məcbur etdi ki, xarici ədəbiyyatı ana dilində oxumaqdan imtina edib, rus dilində oxuyum. Yaxşı olar ki, Tərcümə Mərkəzi özünə aid olan bu işlə məşğul olsun, bu sahədə səliqə yaratsın. Bu həm oxucuların, həm də Tərcümə Mərkəzi əməkdaşlarının marağında olan məsələ olardı”.

Z.Nurəliyev monitorinqə cəlb edilən saytların hansı prinsip əsasında seçilməsinin də bəlli olmadığını deyir:

“Saytların hansı parametrlər əsasında seçilməsi aydın olmalıdır. Nəticələrlə tanış olarkən bu monitorinqlərdə bir qaralama kampaniyası, bir məqsəd olduğunu hiss etdim. Məqsəd müəyyən saytları seçib “qüsur”larını göstərməkdir”.

Artkaspi.az saytının baş redaktoru Fərid Hüseyn hesab edir ki, bu monitorinqlər yeni medianın trendindən geri qalmaqla bağlıdır:

“Yeni dünyada hərf səhvlərinin arxasınca düşmək yalançı dilşünasların işidir. Gün ərzində yüzlərlə informasiya hazırlanır. Hər hansı qurumun öz bildiyi dil norması ilə monitorinqlər aparmaq Don Kixotluqdur. Tərcümə Mərkəzi “dişləri batan” saytların üzərində monitorinq aparır. Halbuki, ciddi problem olan saytlar, qəzetlər var. Hətta Tərcümə Mərkəzinin orijinaldan etmədiyi tərcümələrdə saysız-hesabsız səhvlər var. Bu monitorinqin nəticəsini əhəmiyyətsiz hesab edirəm. Çünki ölkəmizdə Dilçilik İnstitutu var, onlar medianın dil monitorinqini aparır. Üstəlik, bir müddət əvvəl Tərcümə Mərkəzi orfoqrafiya məsələsində Dilçilik İnstitutu ilə mübahisə etdi. Cənab Prezidentin fərmanı ilə Dil Komissiyası yanında İşçi Qrup yaradıldı. Azərbaycan dilinin qorunması ilə bağlı dövlətin strategiyası var. Bu mənada bu məsələləri qabartmaq, hər hansı saytın adını hallandırmaq düzgün yanaşma deyil. Onun əvəzində orijinaldan tərcümələr edib, ədəbiyyatımızın dünyada təbliği istiqamətində işlər gücləndirilsə, Beynəlxalq ədəbiyyat festivalında Azərbaycan təmsil edilsə daha yaxşı olar. Bunlar Tərcümə Mərkəzinin fəaliyyətinə daha çox uyğundur, nəinki saytlarda səhv axtarmaq. Daha əhəmiyyətli işlər görməyə çalışsalar yaxşıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm