Şəhid ailələrinin sosial problemlərinin həllinə dair ictimai müzakirə - FOTO
Bizi izləyin

Sosial

Şəhid ailələrinin sosial problemlərinin həllinə dair ictimai müzakirə - FOTO

“Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” mövzusunda ictimai müzakirə təşkil edib.

Teleqraf.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin sədri, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı Füzuli və Cəbrayıl rayonlarının işğalının ildönümü xatırladaraq tədbir iştirakçılarından Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsini bir dəqiqə sükutla yad olunmasını xahiş edib.

Daha sonra Aynur Camalqızı bildirib ki, Azərbaycan dövlətinin şəhid ailələri, müharibə veteranlarının problemlərinin həllinə yönəlik fəalliyəti mövcuddur.

Onun sözlərinə görə, bu fəaliyyət nəticəsində şəhid ailələrinə və onların varislərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin məlum sərəncamı oldu: “Düşündük ki, bu yöndə dövlətimizin atdığı addımları, birdəfəlik ödəmələri almalı olan ailələrin problemləri ilə bağlı məsələləri həm mediada işıqlandırmaq, həm də onlara hüquqi yardımlar göstərmək üçün belə layihənin həyata keçirilməsi çox yaxşı olardı: “Bildiyimiz kimi, Azərbaycan dövləti Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirib.

Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyev həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 19 aprel 2018-ci ildə fərman verib. Fərmanda 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub. Layihə çərçivəsində birdəfəlik ödəmə almaq hüququ olan ailələrə hüquqi yardımlar göstərilib, onların problemləri internet informasiya resurslarında işıqlandırılıb. Həmçinin layihə çərçivəsində bukletlər çap olunub, şəhid ailələri üçün Xocali.ws saytında xüsusi bölmə yaradılıb, şəhid ailələrindən reportajlar hazırlanıb, müsahibələr hazırlanıb. Reportaj və müsahibələr Xocali.ws saytı ilə yanaşı, Teleqraf.com, Publika.az və Axar.az saytlarında işıqlandırılıb”.

Aynur Camalqızı bu günlərdə şəhid olmuş Rəşad Atakişiyev barədə sosial şəbəkələrdə aktiv müzakirələr getdiyini xatırladıb: “İnsanlar bu məsələyə həssaslıq göstərir. Bu, başadüşüləndir. Azərbaycanda dövlətə və dövlətçiliyə münasibət əsgərə olan münasibətdən qaynaqlanır. Xalqın Qarabağa, öz n ordusuna münasibəti birmənalı, dəyişməz və həssasdır. Məmurlara və digər məsələlərdə münasibətdə insanların bu cür münasibətini görmək mümkün deyil.

Əsgərə, şəhidə münasibətin sosial şəbəkələrdəki müzakirələrdə bariz nümunəsini görürük. Bu, da sözün açığı, məni çox qürurlandırır. İstər media, istərsə də sosial şəbəkələrdə Qarabağla bağlı vəziyyətlə barışması, Qarabağ probleminin həllindən uzaqlaşması kimi bəzən fikirlər ortaya atılır və bu günlərdə gedən müzakirələr, ordumuza, şəhidimizə olan münasibət göstərir ki, bu, belə deyil.

İnsanlar üçün Qarabağ məsələsi, onun həlli birinci yerdədir, bizim həyat tərzimizə, taleyimizə çevrilib. Azərbaycanda elə bir insan tapmaq mümkün deyil ki, dövlətimzi Qarabağsız təsəvvür edə bilsin və Qarabağ problemi ola-ola özünü xoşbəxt hiss edə bilsin”.

Aprel müharibəsində şəhid olan Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı oğlunun adının əbədiləşməsi üçün medianın və QHT sektorunun dəstəyinə ehtiyac olduğunu vurğulayıb: “Yaşadığım küçə Mədən küçəsidir, oğlumun adı verilsə, bizim üçün də bir təskinlik olar. Oğlum universitet tarixində ən yüksək təqaüd alıb. Həmişə deyirdi ki, Qarabağ Zəngəzurdur. Sosial şəbəkədə sonuncu statusunda da yazmışdı ki, getdiyim istiqamət doğma Qarabağdır, biz geri qaytarmalıyıq ki, gələcək nəsil bizi ittiham eləməsin.

Şəhid ailələrinin mənəvi diqqətə ehtiyacı var. Kimsə qapını açıb girirsə, elə bilirəm, Fəxrəddin yaşayır, kimsə onu anıb gəlir”.

Publisist Qurban Yaquboğlu qeyd edib ki, medianın toplumla əlaqəsi həm də bu cür müzakirələrdə gedir: “Ən inkişaf etmiş ölkələrdə də hüquqi yardıma ehtiyac olur, problemlər araşdırılır, yardım göstərilir. Şəhidlik statusunun mənəvi tərəfi medianın üzərinə yeni vəzifələr qoyur”.

Qurban Yaquboğlu hesab edir ki, Azərbaycanda şəhidlik statusu öz həqiqi yerinə qoyulmalı, dəyər həddinə çatdırılmalıdır: “Şəhidlik mənəvi status olaraq yüksəlməli, insanlar başa düşməlidir ki, Vətən uğrunda həlak olursa, balalarını yetim qoyursa, ayrıca status var, sonrakı insanlar da bu yoldan çəkinməməlidir. Şəhidlərin ailə üzvlərinin problemlərini qabartmalı, həllinə çalışmalıyıq. “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi silsilə olaraq bu prosesi davam etdirsə, çox yaxşı olar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm