İntiharların səbəbi nədir? - Psixoloq ŞOK DETALLARI açdı
Bizi izləyin

Sosial

İntiharların səbəbi nədir? - Psixoloq ŞOK DETALLARI açdı

Xəbər verdiyimiz kimi, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini, Azərbaycan Tibb Universitetinin tələbəsi 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü dənizə ataraq intihar edib. Yaxınlarının bildirdiyinə görə, 22 yaşlı Nəzakətlə həmkəndlisi, 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu bir-birlərini seviblər. Lakin qızın ailəsi onun Babahüseynlə ailə qurmasına qarşı çıxıb. Ötən gecə Nəzakət Rzazadə Bulvar ərazisinə gələrək valideynlərinə zəng edib. O, həyatdan bezdiyini, özünü öldürəcəyini deyib. Atası gənc qızı fikrindən daşındırmağa çalışsa da o, özünü dənizə atıb. Qızın ardınca əraziyə gələn 25 yaşlı Babahüseyn Məmmədov özünü suya ataraq Nəzakəti çıxarmağa cəhd etsə də, onu tapa bilməyib. Mühafizəçilərin köməkliyi ilə B.Məmmədov sudan çıxarılıb.

Psixoloq Azad İsazadə hadisənin psixoloji tərəflərini və son vaxtlar artan intiharların baş vermə səbəblərini Publika.az-a açıqlayıb.



Psixoloq bildirib ki, valideynlər övladlarının seçimi məsələsində ehtiyatlı davranmalıdır: “Sevgi uğrunda intihar faktları əzəldən mövcuddur. Söhbət burada təkcə valideynlərin təzyiqindən getmir. Bəzən cütlüklər arasında anlaşmazlıq da intihara səbəb olur. İntiharlar xüsusilə yeniyetmə və gənclərə xasdır. Çünki biz ilk sevgini gənc yaşlarda yaşayırıq. Psixoloji olaraq tam formalaşmamış, praktiki olaraq ilk dəfə ciddi problemlə qarşılaşanda, təcrübə olmadığına görə bəzən gənclər bu tip üsullara əl atırlar. Səbəb isə həmin ana qədər olan problemlərlə mübarizəyə valideynlərin dəstək verməməsidir. Birmənalı yox demək insana birbaşa zərbə vurmaq və stress yükləməkdir”.



A.İsazadə vurğulayıb ki, böyüklərin məsləhəti əmr xarakteri daşımamalıdır: “Bizim cəmiyyət daha çox patriarxaldır. Bu, nə pisdir, nə yaxşı. Sadəcə reallıqdır. Böyük-kiçik anlayışının mövcudluğu və böyüklərlə məsləhətləşmək yaxşı etika modelidir. Ancaq böyüklər bəzən əmr və məsləhəti qarışdırır.Valideynin danışıq tərzindən də çox şey asılıdır. Məsləhətin funksiyası ondan ibarətdir ki, mən məsləhət verirəm, qərarı özün qəbul et. Yəni mən məsləhət görmürəm ki, sən filankəslə ailə qurasan, amma qərar sənin olmalıdır. Ona qarışa bilmərəm. Çünki bu, sənin həyatındır. Bəzi valideynlər bu nüansı anlamaqda çətinlik çəkir. Niyə valideynlər yox deyir? Mən demirəm ki, haqlıdırlar və ya yox. Bu məsələdə ailədən-ailəyə fərq var. Elə hadisələr var ki, valideynlərin qərarlarının əsaslı olmadığını görürük. Böyükləri dinləmək də lazımdır. Ancaq qərarı şəxsin özü verməlidir. Bəzi valideynlər ailə qurmaqla yanaşı, övladlarının bir çox seçimlərinə müdaxilə edir: universitet seçimi, iş seçimi və s. Gənclərə sərbəstlik verilməlidir. Əsas məsələ budur ki, hər bir məsləhət öz funksiyasından kənara çıxmalı deyil. Başqa xarakter daşıyanda bəzi yeniyetmələrdə etiraz formaları özünü göstərir”.



Psixoloq intihar edən şəxsin şüuraltında gizlənən və cəmiyyətə çatdırmaq istədiyi mesajı belə izah edib: “İntihar amillərində təfəkkür amilindən daha çox emosiyalar ön plana çıxır. Nəzərə alsaq ki, intihar edən qız yüksək bal yığmışdı, deməli, hisslərinə və emosiyalarına hakim ola bilməyib. Bu kimi hallarda qaynar xəttlərə, psixoloqlara, mütəxəssislərə, dinləmə və istiqamətvermə bacarığı yaxşı olan şəxslərə müraciət etmək olar. Valideynlər övladlarını anlamağa çalışmalıdır. Radikal mövqedən çıxış edərək edilən təzyiqin fəsadları çox olur. İntihar olmasa da, bu təzyiq bəzən müəyyən travmalarla özünü göstərir. Qadağa qoyub, övladına “get nə istəyirsən et” demək onu intihara sürükləməkdir. İntihar edən şəxs demək istəyir ki, mən cəmiyyətə öz ağrımı, etirazımı göstərirəm. Bu dünyada, sizin aranızda yaşamaq istəmirəm. Yəni içimdəki ağrıya dözə bilmirəm və hamıya nümayiş etdirirəm ki, baxın, özümü öldürüb rahatlaşdım. Ağrısını isə siz çəkəcəksiniz. Yəni şüuraltı prosesdir”.



Azad İsazadə intiharların psixoloji yoluxuculuq effekti barədə bunları deyib: “Periodik intihar cəhdi yayıla bilir. Məsələn, bir müddət özünü yandıranlar çox idi. Özünü körpüdən atanlar da var idi. Hətta Koroğlu stansiyasının yaxınlığındakı körpünün adını “intihar körpüsü” qoymuşdular. Depressiv vəziyyətdə olan və intiharı düşünən insan intihar xəbəri ilə rastlaşanda, həmin yolu özünə istiqamət kimi götürə bilir. Düşünür ki, mən də bu üsulla çıxış yolu tapa bilərəm”.



Psixoloq intihar etmək istəyi olan şəxsə yardım modelini və valideynlərin düzgün davranış metodunu seçmələri barədə öz tövsiyələrini verib: “Emosional insanla oturub, hadisəni yavaş-yavaş emosiyadan məntiqə keçirəndə, intihardan xilas etmək mümkün olur. Ancaq burada əsas məqam zamanın düzgün seçilməsidir. Hesab edirəm ki, öz fikrimizi gənclərə bildirməliyik. Onlara problemdən çıxış variantlarını da təklif etməliyik. Nəticələri təhlil edib, göstərməliyik. Ancaq son qərarı onların seçiminə buraxmalıyıq. Çünki 18 yaşına çatmış şəxs müstəqil fərddir və öz seçimləri var. Valideynin həmin seçimləri çeynəməsi zorakılığın başqa təzahür formasıdır. Söhbət təkcə ailə həyatından getmir. Ümumiyyətlə, uşaqlara qoyulan hər bir qadağanın məntiqi izahı olmalıdır. “Mən belə istəyirəm deyə övladım da belə olmalıdır” yanaşması uşağa travmadan başqa heç nə vermir”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm