Sosial
Son dövrlər qadınlara qarşı zorakılıqların sayı hansı səbəbdən artıb? - Ekspertlər AÇIQLADI
Bir tərəfdə hər gün övladlarının gözü önündə həyat yoldaşı tərəfindən döyülən qadın, digər tərəfdə isə qayını tərəfindən bıçaqlanan hamilə qadın. Səslənməsi belə qan dondurur!
"Sevib ailə qurmamışam, görüb tanış olduq. Valideynlərimin razılığı olmadan qoşulub qaçdım”, deyən 36 yaşlı qadın hər gün 2 övladının gözü önündə həyat yoldaşı tərəfindən döyülüb, ən ağır işgəncələr verilib və hətta zəncirlə itin yerinə bağlanıb. Bütün bunlara dözüb, ancaq “səbrin də bir həddi var” deyərək uşaqları ilə birlikdə sığınacağa üz tutub.
Digər hadisə isə Kürdəmirdə baş verib. Qayın qısqanclıq zəminində qardaşının hamilə həyat yoldaşı Könül Mövlayeva ilə mübahisə edib və onu bıçaqlayıb. Həm də bunu dünyaya gələcək olan qardaşının övladını düşünmədən edib!
Bunlar bir neçə gündə baş verən ailə-məişət zorakılığı faktının kiçik xülasəsidir. Onlarla bu cür faktlar sadalamaq olar. Son günlər qadın zorakılığı ilə bağlı xəbərlər sosial mediada işıq sürətilə yayılır.
Publika.az yaxın dövr ərzində artan qadın şiddətini, onun pixoloji və sosioloji tərəflərini araşdırıb, məsələ ilə bağlı ekspertlərin rəyini öyrənib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib ki, hər iki faktla bağlı araşdırma aparılıb və məsələ nəzarətə götürülüb. Qurum rəsmisi qeyd edib ki, bunun üçün rayon icra hakimiyyətlərinin tərkibində monitorinq qrupları fəaliyyət göstərir və onlarla birgə məsələlər araşdırılır. Eyni zamanda bu faktlar cinayət tərkibli olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən də istintaq araşdırmaları başladılıb və yaxın günlərdə tam təfərrüatlı məlumat veriləcək:
“Bu gün ölkəmizdə zorakılıqla bağlı hallar pandemiya ilə əlaqədar artıb. Bu bütün dünyada belədir. BMT-nin Baş katibi Antonio Quterreş bəyanat verdi ki, bu gün qadınlar ən çox etibar etdikləri yerdə - öz evlərində yaxınları tərəfindən zorakılığa məruz qalırlar. Komitə rəhbərliyi bundan çox narahatdır. Hətta komitə sədri Bahar Muradovanın pandemiya dövründə bununla bağlı vətəndaşlara müraciəti oldu. Ailə üzvləri bu çətin vəziyyətdə bir-birinin dəyərini bilməli və qarşılıqlı hörmət olmalıdır. Çalışmalıdırlar ki, ailələrdə sülh və əmin-amanlığı qorusunlar. Çünki bilməlidirlər ki, qadına qarşı olan zorakılıq bütün ictimaiyyəti bir araya gətirən haldır. Bu zorakılığın mühüm nəsillərarası fəsadları da var ki, buraya uşaqların hansısa problemlərlə dünyaya gəlməsi, zorakılığa məruz qalması və yaxud yetkinlik dövründə zorakılıq törətməsi kimi hallar daxildir. Biz bütün insanları zorakılığa qarşı mübarizə aparmağa çağırırıq”.
Aynur Veysəlova vurğulayıb ki, komitənin rayon şöbələrində psixoloq və sosial işçilər tərəfindən “ailələrə zəng” kampaniyası həyata keçirilir. Onların telefon vasitəsilə problemləri dinlənilir, psixoloji xidmətlər göstərilir. Eyni zamanda hər hansı ailədə ziddiyyət, çətin situasiya olduğu halda onlara dəstək olunur. Bu dəstək həmçinin, hüquqi istiqamətdə də göstərilir.
Bundan əlavə komitədən bildirilib ki, bu işlər xüsusi monitorinq qrupları, yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi komissiyası ilə, qəyyumluq və himayə orqanları, müvafiq hüquq-mühafizə orqanları, eyni zamanda zorakılığa məruz qalan qadın və uşaqlara sığınacaq verən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq şəklində həyata keçirilir:
“Faktlar üzrə operativ iş aparılır. Zorakılığa məruz qalan xeyli sayda qadını “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirmişik. Zorakılığın amansızcazına, xüsusilə azyaşlı uşaqların gözü qarşısında törədilməsi daha ağır fəsadlar törədən hallardır. Bu gün hər bir insan məsuliyyətli olmalıdır. Ailədaxili münasibətlərdə hər hansısa problemlər varsa bunu sivil, mədəni yollarla, dinc şəkildə həll etmək mümkündür. Zorakılıq halları cəmiyyətdə yaxşı qarşılanmır və təqdir olunan hal deyil. Bizim çağırışımız odur ki, insanlar sosial və mənəvi məsuliyyətlərini dərk edərək ailə həyatı qurmalı, uşaq dünyaya gətirməli və hər zaman məsuliyyət hissini öndə götürməlidirlər. Bu gün zorakılığa məruz qalan və sağlamlığını itirən qadınlar sağlam uşaq dünyaya gətirə, normal əmək fəaliyyəti ilə məşğul ola bilməzlər. Hələ o qadın qətlə yetirilirsə onun övladı həyatın axışına buraxılır və dövlətin himayəsinə verilir. Bu gün cəmiyyətimizdə qadına olan münasibət patriarxallıqdan kənara çıxmalıdır. Qadın da insandır, hissi, emosiyaları və arzuları var. Biz bir neçə istiqamətdə iş aparırıq. Təkcə zərərçəkənin reabilitasiya olunması deyil, həm də maarifləndirmə, məsələnin ictimailəşdirilməsi və insanlara düzgün çatdırılması istiqamətində fəaliyyət aparırıq. Bu istiqamətdə KİV-lərin çox əhəmiyyətli rolu var.
Məsələnin psixoloji tərəflərinə gəlincə, psixoloq Vəfa Əkbər hesab edir ki, qadına olan şiddət və aqressiya tərbiyədən irəli gəlir. O bildirib ki, ailədə əgər uşaq ata arxiotipindən anaya qarşı olan şiddəti görürsə və ana bunu heç nə olmamış kimi ört-basdır etməyə çalışırsa, sonradan belə problemlər ortaya çıxır:
“Əgər ana övladına “bu bütün ailələrdə olur”, “atan bilər mən bilərəm” kimi yanlış informasiyalar verirsə, artıq o ailədə böyüyən oğlan belə düşünür ki, bu normaldır və bütün ailələrdə baş verir. Yəni, körpə yaşlarından qadın sanki bu cür şiddətə layiqdir kimi ismarış alır və onun şüuruna yazılır. Böyüyəndə bunun nə qədər səhv olduğunu anlayanlar da çoxdur. Amma “kişi qadının üzərində öz gücünü göstərməz” deyə şablon ifadələrdən istifadə etsə də, qadın ona qarşı aqressiya yaratdıqda özünü saxlaya bilmir və o şiddəti ona tətbiq edir. Çünki onun şüurunda qalıb ki, qadın dözəcək, susacaq və ona yalnız bu şəkildə mesaj vermək lazımdır. Əfsuslar olsun ki, uşaqlıqdan bunu görə-görə böyüyən belə ailələr cəmiyyətimizdə çoxdur”.
Vəfa Əkbərin fikrincə yaxşı olardı ki, insanlar danışa-danışa bir-birlərini anlasınlar. Gəlinin qayını tərəfindən bıçaqlanması məsələsinə gəlincə psixoloq qeyd edib ki, bir çox ailələrdə gəlin stereotipinə qarşı sərt aqressiya mövcuddur və bu kimi hallar oxşar səbəbdən qaynaqlanır:
“Qayın, qayınata və hətta qayınananın gəlinə şiddət tətbiq etməsinin səbəbi gəlin obrazının sanki “çiy insan obrazı” kimi hesab olunmasıdır. Ailələrdə “gəlini gətirəcəyik, tərbiyələndirəcəyik, tərbiyələnməsə əhilləşdirəcəyik, bu da olmasa döyəcəyik”, bu kimi düşüncələr mövcuddur. Bunu ən çox qayınana edir. Çünki onun özü bu davranışları görüb, artıq onda əzginlik kompleksi var və “mənə olunubsa buna niyə olunmasın”, deyə fikirləşir.
Psixoloq son günlərdə qadınlara qarşı zorakılıq hallarının artmasını karantin müddətində insanların daha çox aqressivləşməsi, hövsələsiz və səbirsiz olmaları ilə izah edib: “Səbəb isə insanların izolyasiya müddətindən əvvəl çölə çıxıb danışmaq, ünsiyyət qurmaq, içində yığılan aqressiyanı başqa şeylərə yönəltmək istəməsidir. İzolyasiya dövründə isə bu neqativliklər heç bir yerə yönəlmir və bundan zərif cinsin nümayəndələri zərər görür. Bu cür hallar daha çox bölgələrdə baş verir. Şəhərdə ictimai qınaq var və insana bunu qüsur tuturlar. Rayonda bir çox insanlar, xüsusən də yaşlı nəsil bu stereotiplə böyüdüyü üçün onlara irad bildirən yoxdur. Məsələn, bəzi ailələrdə qayınatanın gözünün önündə oğul gəlini təhqir edirsə, bu onun üçün fəxrdir. Oğul bununla atasının gözünün önündə öz kişiliyini sübut etdiyini düşünür. Şəhərdə isə sosial mühit, çevrə, ictimai qınaq var. Bölgələrdə toplumun çoxunda bu cür davranış varsa, şəhərdə toplumun az hissəsində qalıb. Hətta bunu dilə gətirməyə utanırlar”.
Sosioloq Əhməd Qəşəmoğlu məsələnin sosioloji tərəflərinə aydınlıq gətirib. O bildirib ki, Azərbaycan ailəsi heç bir vaxt tarixdə belə bir gərgin vəziyyətdə olmayıb. Əvvəlki ailə modelinə nəzər salan sosioloq keçmişlə indiki ailələr arasında paralellər aparıb:
“Tarix boyu stereotiplər və normalar var idi. Evlənənlər ailədə kişinin və qadının borcunun nə olduğunu bilirdilər və bunu bir norma kimi qəbul edirdilər. Ailə qurandan sonra da yüz illər boyu formalaşmış normanı yerinə yetirirlər. İctimai qınaq və rəy də buna nəzarət edirdi. Yəni, kişi normal hərəkət etməyəndə el qınağına məruz qalırdı. İnsanların beynində hazır bir model var idi. Əvvəllər ailələrdə indikindən fərqli olaraq isti münasibət var idi. Düzdür, o dövrdə də xoşagəlməz hallar olub, amma bu qədər olmayıb. Son onillikdə cəmiyyətdə xaotik vəziyyət yarandı, qloballaşma sürətləndi və bununla da cəmiyyət mürəkkəbləşdi. Cəmiyyət mürəkəb olanda isə ailə normaları pozulur. İndiki evlənən cütlüklərlə əvvəlkilərin ailə haqqında təsəvvürləri eyni deyil”.
Əhməd Qəşəmoğlu qeyd edib ki, insanın davranışına təsir edən 4 mühüm amil var. Birincisi insanın öz daxili aləmi, ikinci mühit, üçüncü aldığı informasiyalar və dördüncü isə üstünlük verdiyi dəyərlərdir. Sosioloq hesab edir ki, əvvəl ailəni möhkəm saxlayan amil mənəvi dəyərlərə üstünlük verilməsi idi:
“Bir rayonda oğul ataya sərt cavab verəndə bütün rayon bunu bilirdi. Artıq bu gün mənəvi dəyərlər arxa plana keçib. Öndə olan isə maddi dəyərlərdir. Bu ailələrə çox böyük zərbə vurdu. İkinci tərəfdən isə insanlar müxtəlif informasiyalar aldılar. Teleseriallar, sosial şəbəkələr və mühit buna təsir göstərdi. Evlərdə qarşıdırma yarananda qadınlar sözləri ilə həyat yoldaşlarına təsir edirlər. Kişinin gücü isə qolundadır və fiziki gücündən istifadə edir. Nəticədə belə hallar baş verir”.
Sosioloqun fikrincə, ailə ilə bağlı xüsusi işləmək lazımdır, bunun çoxlu elmləri var:
“Avropada sosiologiya, sosial psixologiya, sosial idarəetmə, pedaqogika, psixologiya kimi elmlər ailə münasibətlərini tənzimləməyə kömək edən sahələrdir. Təklif edərdim ki, sosial işçilərin sayı artırılsın. Hər ərazidə sahə üzrə polis işçiləri olduğu kimi sosial işçilər də olsun. Çünki onlar ailələrlə maraqlanıb vaxtında bəzi şeylərin qarşısını ala bilərlər. İndiki dövrdə cəmiyyətdə stress halı xeyli artıb. Bu halda olan insanlar üçün xeyli sayda psixoloji yardım mərkəzləri olmalıdır. Xaricdə bu çoxdur. Bizdə əhali psixoloji yardım mərkəzinə getməyə qorxur. Bu istiqamətdə boşluqlar var”.
Hüquq müdəfiəçisi Novella Cəfəroğlu isə hesab edir ki, koronavirus pandemiyası dövründə evdə qalmağımız çox böyük fəsadlar yaradıb:
“İndiki zamanda biz doğrudan da bir yerdə qalmağa hazır deyilik. Eyni zamanda karantin göstərdi ki, bir-birimizin sözünə qulaq asmağı, dinləməyi bacarmırıq və belə hadisələr baş verir. Buna həm iqtisadi durum, həm də hər gün yaşanan problemlər, tez-tez küçəyə, parka və s. yerlərə çıxmamaq, çıxanda da tez qayıtmaq kimi hallar səbəb olur. Bu müddət ərzində ailələrlə işləmək lazımdır. Pandemiya göstərdi ki, bizdə nə qədər ailələr zəifdir və hər gün bir yerdə olanda bir-birlərinin sözünü götürə bilmirlər. Qadına qarşı şiddət bizim zəif nöqtəmizdir. Psixoloqlar, həkimlər bu müddət ərzində evləri gəzməlidirlər. Bunun üçün böyük bir proqram hazırlanmalıdır. Koronavirusdan başqa fəlakətlər də ola bilər. Gələcəkdə biz bunlara hazır olmalıyıq”.
Akqabay Mıradov
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...