Sosial
Azərbaycanlıların dəhşətlər yaşadığı Şuşa həbsxanası sökülsünmü? - SƏRT SÖZLƏR
“Şuşa həbsxanası köçürülməlidir”
Bunu biz demirik, bu sözləri Azərbaycanın bəzi ictimai fikir adamları səsləndirir, insanlar müzakirə edir, indi də sosial şəbəkələri “sökək”, “sökməyək” savaşı cənginə alıb.
Son günlər sosial medianın gündəmini, xəbər saytlarının manşetini bəzəyən bu başlıq təkcə bir həbsxananın köçürülməsini özündə ehtiva etmir. Bu fikir həm də bir tarixin sökülüb kənara atılmasına şərait yaradır. Şuşa həbsxanası bizim üçün sadəcə cinayətkarların saxlanıldığı sıradan bir cəzaçəkmə müəssisəsi deyil.
Mədəniyyət paytaxtımıza həbsxananı yaraşdırmayanlar bu mövzunu mövzusuzluqdan və ya hansısa başqa səbəblərdən gündəmdə saxladıqları kimi, Şuşa uğrunda əsir düşən neçə-neçə Azərbaycan oğullarının orada “Qarabağ Azərbaycanındır” deyərək can verdiklərini də gərək ki, unutmasınlar.
Məqsəd kiminsə vətənpərvərliyini və ya ümumi tutumu 350 nəfərdən də az olan bir həbsxananı niyə bu qədər qabartdıqlarını sorğulamaq deyil. Haçalanan fikirlərə başqa bir bucaq altında baxışı formalaşdırmaq da bizim vəzifə borcumuzdur. Məsələyə birtərəfli yanaşmaq olmaz, “sökək” deyib tarixin özünü tarixin dərinliyinə atmaq çox asandır. Digər tərəfdən, hərtərəfli yanaşma ortaya qoymaq da çətin deyil. Görünən və görünməyən tərəflərini incələyib görmək istədiyimizi deyil, labüd olanı seçmək lazımdır.
Bu həbsxananın divarları 30 illik işğal dövründə ermənilərin orada saxladıqları azərbaycanlı əsirlərə işgəncələr vermələrinə şahidlik edib. O divarlar lal, kar, kor “oyunu” oynayan dünyanın görməzdən gəldiyi erməni vandalizmini izləyib. 30 ildir vətən həsrəti ilə tutuşan igidlərin fəryadına qulaq şahidliyi edib. Orada yurd nisgilindən yol çəkən gözlərini ərənlərimiz əbədi yumub... Orada öz doğma torpağını ziyarət etdikləri üçün Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülən Dilqəm Əsgərova və Şahbaz Quliyevə olmazın işgəncələri verilib... Bu faktların sayını artırmaq olar.
Mövzuya ekspertlərin münasibətini öyrənməyə çalışdıq.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Şuşa həbsxanasının cəzaçəkmə müəssisəsi kimi deyil, açıq muzey kimi fəaliyyət göstərməsinin tərəfdarıdır: “İctimai rəydə, xəbər saytlarında bəzi fikir adamları Şuşa həbsxanasının tarixi, Azərbaycan insanlarının ruhlarının paytaxtı olan qədim Şuşadan köçürülməsini israrla istəyirlər. Birmənalı olaraq 90-cı illərdən bu günə qədər bu proseslərin içərisində olan bir şəxs kimi bildirmək istəyirəm ki, Şuşa həbsxanası cəzaçəkmə müəssisəsi kimi deyil, açıq muzey kimi fəaliyyət göstərməlidir. Dünya tarixinin xalqlarında bu praktika var, mən bunu şəxsən görmüşəm. Mən bilirəm ki, bizim onlarla vətənsevərlərimiz bu həbsxanada “Qarabağ Azərbaycandır” dedikləri üçün, bu ifadəni hayqırdıqlarına görə onlara orada dəhşətli işgəncələr verilib. Mən bildiyim faktlara dayanaraq tam məsuliyyətimlə deyirəm ki, Şuşada “Qarabağı Ali Baş Komandan xilas edəcək, siz bunu görəcəksiniz” dediyinə görə ermənilər əl-qolu bağlı əsirlərin üzərinə qaynar su tökərək gediblər, bu sözlərə görə onlar orada qətlə yetiriliblər. Onlara amansız işgəncələr verilib”.
C.Əzimbəyli bildirdi ki, dünya təcrübəsinə dayanaraq oranı açıq muzey kimi öz əzəli və əbədi torpağımızda erməni işğalçılarının bizə etdikləri zülmü nümayiş etdirmək üçün istifadə etmək mümkündür. Onun sözlərinə görə, Şuşa həbsxanasının qorunub saxlanması orada vətən həsrətindən can verən azərbaycanlıların da ruhunu şad edəcək: “Biz həbsxananın orada qalması ilə Şuşanı Şərqin və Avropanın bərabər dəyəri kimi topluma tanıtmağa çalışsaq da, orada nə qədər müqəddəs şəhid ruhlarının olduğunu da unutmamalıyıq. Məhz Şuşa türməsindən boylanan, sevinən, Qarabağın fatehi İlham Əliyevin rəhbərliyi altında qanları ilə tarix yazan ərənlərimizin də ruhları oradadır. Dünya xalqlarının tarixi mədəniyyətinə nəzər saldıqda, xaricdə səfərlərdə olanda da görmüşəm ki, Qərbdə şəhərin əsas mərkəzi hissəsində həbsxanalar var, onlar açıq muzey kimi fəaliyyət göstərir. Oradan həm dövlətin maddi rifahı üçün qazanc götürülür, digər tərəfdən də tarixi hadisələri, həmin xalqın işğalçılar tərəfindən hansı işgəncələrə məruz qalmasını nümayiş etdirən tarixi abidə kimi qorunur. Prezident Şuşadan verdiyi mesajlarla sanki bütün dünyaya gözdağı verir və bu, bizim qəlbimizi fərəhlə doldurur. İnanıram ki, Prezidentin oraya hər ziyarətindən sonra şəhid ruhları da sevinir.
Düşünürəm ki, Şuşa həbsxanasında əzab-əziyyətlərə, min cür zillətlərə dözərək 30 ilə yaxın bir müddətdir ki, orada “Qarabağ Azərbaycandır” deyərək hayqıran şəhid ruhlarına ehtiram əlaməti olaraq oranın muzey kimi fəaliyyət göstərməsi həm də gələcək nəsillərə örnəkdir. Erməni işğalçılarının Şuşa həbsxanasında xalqın irəlidə gedən ərənlərinə, qəhrəman oğullarına edilən məşəqqətləri şəxsən bilirəm, ancaq eləsi var məlum deyil. Bu həbsxana onların ruhlarına hörmət və gələcək nəsillər üçün maarifləndirmə baxımından canlı tarixdir. Bu səbəbdən də Şuşa həbsxanasının qorunub saxlanması zəruridir”.
Müstəqil Memarlar Assosiasiyasının (MMA) rəhbəri, memar Zenfira Budaqova Publika.az-a açıqlamasında bildirdi ki, Şuşa həbsxanası şəhər landşaftını korlamırsa, tarixi abidə kimi saxlana bilər: “Şuşa həbsxanası 1848-ci ildə inşa olunub, bura qədim tarixə malikdir. Yeni tikilmiş olsaydı, onu ləğv etmək olardı. Ancaq qədim abidədirsə, saxlamaq lazımdır. Çünki köhnə tikilini tarixi abidə kimi qorumaq vacibdir. Əgər onun heç bir faydası yoxdursa və landşafta yaraşmırsa, o zaman ləğv etmək olar. Qədim abidə kimi landşafta da uyğundursa, qoruyub saxlamaq lazımdır”.
Z.Budaqova həbsxananın muzey kimi istifadə olunmasını təklif edir: “Bu həbsxanada istifadə olunduğu vaxtdan bu günə qədər olan hadisələri fotoşəkillərlə və ya digər vasitələrlə, heykəllər formasında təqdim etmək olar. Eyni zamanda yaşlı insanların orada vaxtilə baş verən hadisələr, edilən işgəncələr barəsində təsvirlərini rəsm əsərinə köçürüb nümayiş etdirmək də mümkündür. İnsanlar oraya turist kimi ziyarət edə bilərlər. Xarici qonaqlara göstərmək olar. Bu zaman isə onlar Şuşa həbsxanasında insanların başına gələn hadisələrə bilavasitə şahidlik etmiş olacaqlar. Bu səbəbdən də sözügedən həbsxananın qədim abidə və ya muzey kimi saxlanması daha məqsədəuyğundur”.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov hesab edir ki, tarixən bütün qədim şəhərlərdə həbsxanalar inşa olunub və onlar sonradan sökülməyib. Tarixçi-alim qeyd etdi ki, bu baxımdan Şuşa həbsxanası da köçürülməməli, əksinə, erməni faşizminin ifşası üçün istifadə olunmalıdır:
“Tarixən qədim şəhərlərin hər birində həbsxana olub. Şuşa həbsxanasında 30 illik işğal zamanı xeyli azərbaycanlını saxlayıb, ən ağır işgəncələri veriblər. Onun köçürülməsinin deyil, muzey kimi saxlanmasının tərəfdarıyam. Necə ki, indi Bakıda Siyasi Repressiya Qurbanları Muzeyi var. Fövqəladə Komissiyanın, Daxili İşlər Xalq Komissarlığı və Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyət göstərdiyi binada açılıb, hazırda muzey kimi nümayiş olunur. Şuşa həbsxanasını da muzeyə çevirib, erməni faşistlərinin törətdiyi əməlləri nümayiş etdirmək lazımdır. Xaricdən gələnlər də görsünlər ki, bu həbsxanada erməni vandalları xalqımıza qarşı hansı qəddar cinayətləri törədiblər”.
C.Bəhramovun fikrincə, ermənilərin bütün vandal əməllərini təsdiq edən foto və başqa sənədlər, işgəncələrin verilməsi mexanizminin qurulmasını əks etdirən görüntülər həbsxanada yerləşidirilməlidir: “Bu, Siyasi Repressiya Qurbanları Muzeyində də var. Şuşa həbsxanasını bu formada istifadə edərlərsə, böyük nəticələri olacaq. Pənahəli xan tərəfindən tikilən qalada təbii ki, bunlar var idi. Ancaq bu, o zamanlar cinayət törədənlərə cəza verilməsi üçün üçün idi. Lakin indi tamam başqa dövrdür, xüsusilə də 30 il ərzindəki dövr. Təklif edirəm ki, oranın erməni faşizmini ifşa etmək üçün muzey kompleksinə çevrilməsi daha məqsədəuyğundur”.
Kiçik xatırlatma: Siyasi Repressiya Qurbanları Muzeyi binanın zirzəmisində yerləşir, orada saxlama kameraları, istintaq otaqları, ölüm cəzasına məhkum edilənlərin güllələndiyi yerlər mövcud olub. Muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acınacaqlı səhifələrindən, 1920-1950-ci illərdə SSRİ-nin yüz minlərlə ictimai xadim və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndəsinin, sıravi vətəndaşın siyasi repressiyalara məruz qoyulması ilə nəticələnən repressiv siyasətindən bəhs edir. 1920-1950-ci illərdə repressiyaya məruz qalmış vətəndaşların ümumi sayı 400 min nəfərdən artıq olub. Vaxtilə o zirzəmidə 1920-ci il aprelin 9-dan 1921-ci il avqustun 1-dək 128 min nəfərə işgəncə verilib, onların 48 min nəfərini öldürüblər. 1937-ci ildə orada təxminən 80 min nəfəri işgəncə ilə məhv ediblər.
Dünyada da məşhur həbsxana muzeyləri nümunəsi var ki, böyük əksəriyyəti inkişaf etmiş ölkələrdə yerləşir.
Məsələn, İngiltərənin mərkəzində, Londonda yerləşən “Clink” Həbsxana Muzeyi. 1144-cü ildə tikilən bu həbsxana İngiltərənin ən qədim və ən məşhur cəzaçəkmə müəssisələrindən biridir. Muzeydə məhbusların yaşam həqiqətləri, işgəncə formaları təqdim edilir. İnsanların burada arxeoloji materiallara baxmaq, qorxulu səsləri və qoxuları canlı hiss etmək, işgəncə cihazları ilə tanış olmaq, məhbusların əzab nağıllarını və bir çox işgəncələri görmək, eşitmək imkanları var.
“Colorado” Həbsxana Muzeyi. ABŞ-ın Kolorado ştatında yerləşir. 1871-ci ildən bəri fasiləsiz istismarda olan bir həbsxanadır. Orada qadınlara aid hücrələr də mövcuddur. Burada ziyarətçilər 140 ildən çox müddətə aid eksponatlarla tanış ola bilərlər. Həbsxana muzey kimi 18 iyun 1988-ci il tarixində qapılarını ictimaiyyətə açıb. O vaxtdan bəri ABŞ-ın hər əyalətindən, ərazilərindən və 50-dən çox xarici ölkədən qonaqlar da daxil olmaqla 200 mindən çox ziyarətçi muzeyə gəlib. Muzeyin missiyası, “Colorado” həbsxana sisteminin tarixini təqdim etmək, onu qorumaq, nümayiş etdirmək və bu sahələrdə tarixi araşdırma, elmi nəşrləri təşviq etmək və dəstəkləməkdən ibarətdir. Bununla yanaşı, ictimaiyyətə həbsxananın cinayətin son nəticəsi olduğu xatırladılır.
ABŞ-ın demək olar ki, bütün ştatlarında belə muzeylər var.
Qardaş Türkiyədə də həbsxana muzeyləri mövcuddur. Məsələn, “Ulucanlar” Həbsxana Muzeyi. Paytaxt Ankarada yerləşir, 1925-ci ildə inşa edilib. Bura keçmiş dövlət həbsxanasıdır. Altındağ Bələdiyyəsi tərəfindən bərpa edildikdən sonra həbsxana muzeyinə çevrilib. 2011-ci ildən bəri muzey kimi fəaliyyət göstərir.
İndi siz deyin, Şuşa həbsxanasını sökək? Yoxsa, Xocalının, Qarabağın səsini eşitməyən, erməni vandalizminə göz yuman dünyanın “görməyən” gözünü açaq?
Akqabay Mıradov
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”