Bir-birinin çörəyinə bais olan azərbaycanlılar - Tələbat, yoxsa...
Bizi izləyin

Sosial

Bir-birinin çörəyinə bais olan azərbaycanlılar - Tələbat, yoxsa...

Demək olar ki, paytaxtın əksər yerlərində, məhəllələrdə yan-yana və ya üzbəüz meyvə-tərəvəz dükanları, böyük supermarketlər, əczaxanalar, ictimai iaşə obyektləri: dönərxanalar, kafelər və s. fəaliyyət göstərir. Bunların çoxu “qonşudan dala qalma” prinsipi ilə açılan eynixüsusiyyətli müəssisələrdir.

Mütəxəssislərin fikrincə Avropa ölkələrində buna bənzər mənzərə ilə qarşılaşmaq o qədər də asan deyil. Çünki orada hər kəs öz potensialını büruzə verə biləcəyi yerdə və sahədə çalışır. Bir sıra ölkələrdə, məsələn Türkiyədə isə “biznes halallığı” deyilən bir deyim var.

Əgər kimsə haradasa, meyvə satırsa, bir başqası orada eyni məhsulu satmağı özünə rəva görmür, başqa çeşidli məhsul satır. Bizdə isə vəziyyət bir qədər mürəkkəbdir. Ticarət və digər ictimai iaşə obyektlərini qoşa görəndə, adam qeyri-iradi olaraq düşünür: görəsən belə durum biznes maraqları baxımından əlverişlidir? Bunu tələbat adlandıraq, yoxsa azərbaycanlıların bir-birinin çörəyinə bais olmaq? Burada mentalitetin, yaxud da milli “kod”ların hər hansı bir təsiri varmı?

Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, kiməsə “burada meyvə və ərzaq dükanı, əczaxana açmaq olmaz” demək olmaz: “Sadəcə bizdə rəqabətli mühit, tənzimlənən bazar olmadığına görə, insanların qazanc, bizneslə məşğul olmaq imkanları məhduddur. Bizdə vəziyyət belədir : kimin bir az pulu varsa, kiçik ya da böyük dükan aça bilər. Düzdür, böyük supermarketlər şəbəkəsi daha böyük şirkətlərə məxsusdur. Amma onlar da, bir-birilərinin bazarına girməyə çalışırlar.

Baxırsan,1 kvadrat kilometr ərazidə 5-6 market var. Bir az obrazlı ifadə etsək, biri var bir dükanda beş çörək satasan, biri də var ki, beş dükanda beş çörək satasan. Sanki şirkət, müştərini başqa dükandan öz dükanına çəkib gətirməyə çalışır. Bu hal anlaşılan deyil. Çünki bir şeyi nəzərə almaq lazımdır ki, onsuz da orada yaşayan əhali sayının alıcılıq qabiliyyəti eynidir.

Bu da anlaşılandır ki, bizneslə məşğul olmaq üçün başqa sahələrdə imkanlar məhdud olduğundan, insanlar daha çox sözügedən sahələrə meyillənirlər”.

Həmçinin iqtisadçı vurğulayıb ki, bu mövzuda qanun çərçivəsində heç bir qadağa yoxdur.

Sosioloq Əhməd Qəşəmoğlu isə mövcud vəziyyətə nəzarətin vacib olduğunu vurğulayıb:

“İqtisadiyyatımız inkişaf edir, amma bir sıra adamların öz imkanlarından istifadə edərək mövqelərini nümayiş etdirmək istəyi müəyyən iqtisadi qanunları pozur. Sovet dönəmində bunlar dövlət standartlarına uyğun şəkildə həyata keçirilirdi. Bu gün isə tənzimləyici dövlət qurumları yoxdur.

Pulu çatan bir köşk alır, eyni məhsulun satıldığı yerdə dükan açır. Bir sözlə, kimin ürəyi nə istəyir, onu da edir. Bu məsələnin lazimi dövlət nəzarətinə ehtiyacı var. Ən pisi də odur ki, hər zaman xalqı günahlandırırıq”.

Sosioloq bildirdi ki, belə durumun yaranması mentalitetdən savayı, insan psixologiyası ilə də əlaqəlidir:

“Burada mühit də birbaşa rol oynayır. Nəzərə alsaq ki, hər bir xalqın və şəxsin davranışının formalaşmasında yer alan əsas dörd amildən biri, məhz mühit hesab olunur. Mühit dəyişəndə, xalqın xarakteri də dəyişir. Mühit elə ola bilər ki, yaxşı cəhəti inkişaf etdirər, pis tərəfi bloklayar, yaxud da tam əksinə. Bəzi ölkələrdə əhalinin xarakterini, mentalitetini müsbət parametrə dəyişmək üçün teleseriallar dövriyyəyə buraxıldı. Bizdə isə teleseriallar bu istiqamətlə və təyinatla getmir. Bu da, təbii ki, milli xüsusiyyətlərə təsir etmiş olur”.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm