Fəxri ad vermirlər deyə efirlərdən imtina edib - Azərbaycanlı aktyor
Bizi izləyin

Sosial

Fəxri ad vermirlər deyə efirlərdən imtina edib - Azərbaycanlı aktyor

Çoxdandır efirlərdə görünməyən aktyorlardan biri də hamının Ovçu Pirim kimi tanıdığı Allahverdi Yolçuyevdir. Həmçinin mahir dublyaj sənətçisi olan A.Yolçuyev bizimlə həmsöhbət oldu.

Publika.az-a danışan aktyor rejissorlardan, teatr rəhbərlərindən bolluca şikayət etdi. Sənətkardan aldığımız müsahibəni təqdim edirik:

- İllərdir hər səhər tamaşaçıların görüşünə gələn bir "Ovçu Pirim" var idi. Amma son vaxtlar onu gördüm deyən yoxdur. Haralardasınız Allahverdi müəllim, niyə görsənmirsiniz?

- Efirlərdən imtina edirəm, çünki nə həvəsim, nə də marağım qalıb. Qoy o adamlar çıxsın ki, onlar fəxri ad alıblar, tanınırlar. Çıxım özümü şən göstərim? Hərçənd ki, mənim başqa heç bir gəlir yerim yoxdur. Nəyə görə çıxmalıyam ki? İşləmirəm, heç əlavə gəlir yerim də yoxdur. Nə fəxri adım var, nə maaş verilir. Demək olar həftə ərzində mənə zənglər edilir ki, efirə çıxım. Düzdür, hamısını qəbul etməsəm də, bəzi efirlərə ödəniş qarşılığında çıxıram.

- Ölkədə fəaliyyət göstərən telekanallarda bir çox filmlər, seriallar nümayiş olunur. Amma nədənsə sizi o seriallarda görmürük. Səbəb nədir?

- Artıq rejissorlar bizi unudublar. Yeni nəsilə daha çox üstünlük verirlər. Yəqin məsləhət bilsəydilər çağırardılar. Halbuki mən özümdə o potensialı görürəm. Mənə verilən hər hansı bir obrazın öhdəsindən layiqincə gələrəm. Lakin təklif etmirlər, etsələr təbii ki, məmuniyyətlə qəbul edərəm. Mənim də gəlir yerim olar. 40 il səhnələrdə, qastrollarda tamaşalarda rol almağıma baxmayaraq indi teatrlardan da təklif almıram. Ən acınacaqlısı isə odur ki, teatr rəhbərlərinin çoxu mənim qrup yoldaşlarımdır. Yəni, əvvəllər çörək verdiklərim, indi mənə çörək vermək istəmir. Səbəb göstərirlər ki, mən artıq qocalmışam. 64 yaş nədir ki? Onlar bu sözü mənə deyirlərsə, mənim sözüm yoxdur.

- Bu dediklərinizdən belə nəticə çıxarmaq olar ki, çox bədbinləşmisiniz. Tamaşaçılar isə sizi şən əhval-ruhiyyəli biri kimi tanıyır.

- Elə bilərsiz çox bədbinliyə qapılmışam, hamıdan hər kəsdən küsmüşəm. Yox, qətiyyən elə deyil. Allaha şükür ağlayıb, sızlamıram. Media həmişə məni dəstəkləyib, axtarırlar hal-əhvalımı soruşurlar. Sağ olsunlar. Övladlarım və nəvələrim var. Sadəcə olaraq, unudulmaq adama pis təsir edir, çünki sənət adamları çox həssas olur. Xırda bir saymamazlıq onları uçuruma aparır.

- Bizdə olan məlumata görə, səhhətinizdə problem də var. Hazırda vəziyyətiniz necədir?

- Parkinson elə bir xəstəlikdir ki, bu ömürlükdür, yəni sağalmayan bir xəstəlikdir. 4 ildir ki, artıq mən bu xəstəlikdən əziyyət çəkirəm. Savadlı həkimlərimiz çox sağ olsun, məni öz hesablarına müalicə edirlər. Sənətkar olduğuma görə məndən pul götürmürlər. Əlim əsir. Həyəcanlananda, özümü narahat hiss edəndə bu hal daha da kəskinləşir. Elə sizinlə danışanda da, yəqin hiss edirsiniz səsim titrməyə başlayıb.

- Mən qətiyyən sizi həyəcanlandırmaq istəməzdim...

- Yox mən bilirəm. Sadəcə sizin suallarınız mənə edilən haqsızlıqları yadıma salır, ona görə pis oluram.

- Teatr, film, dublyaj - Allahverdi Yolçuyev hansını daha çox sevir?

- Bunlar bizim sənətmizin ayrı-ayrı hissələridir. Mədəniyyət elə bir sahədir ki, onun hissələrini bir-birindən ayırmaq olmaz. Əsl aktyor mahnı oxumağı, at çapmağı, maşın sürməyi, rəqs etməyi, üzməyi bacarmalıdır. Çünki elə bir obraz ola bilər ki, sən bunları etməlisən. Ona görə də onlar bir- birindən ayrılmır, ya da ayırmaq olmaz. Mən hamısını sevirəm. Mən ümumiyyətlə aktyorluq sənətini sevirəm. Çünki aktyor səhnədə doğulur, sənədə də ölür. Səhnə qeyri-adi bir məkandır ki, insan özünü orada daha çox xoşbəxt hiss edir. İnsan sanki ora gələndə cavanlaşır, ruhlanır.

- Elə bir obraz olubmu canlandırmaq istəmisiniz, amma alınmayıb?

- İstər mən olum, istərsə də başqa bir aktyor, mümkün deyil ki, hansısa bir obraza baxanda öz ürəyində "mən bunu daha fərqli oynayardım" deməsin. Məsələn, Şah Qacarı başqa cür oynayardım, hər hansı bir komediya və ya hər hansı bir rolu yenidən oynayardım, oynamaq istəyərdim. Çünki aktyor üçün ampula yoxdur. Aktyor dram komediya və.s. janrlara fərq qoymadan oynamağı bacarmalıdır. Və onda nə dərəcədə alınırsa onun üzərində çalışmaq lazımdır. İncəsənət elə bir sahədir ki, onun zirvəsi yoxdur. Heç kəs öyünə bilməz ki, mən öz sözümü dedim. Məsələn, Ağasadıq Gəraybəyli 90 yaşında “Natəvan” tamaşasında qoca knyazı oynayırdı, tamaşaçı onu 5-10 dəqiqə ayaq üstə alqışlamışdı. Baxmayaraq ki, o yaşlı idi, ancaq o səhnə ilə nəfəs alırdı. Həmişə demişəm, yenə də deyirəm aktyoru təqaüdə göndərmək olmaz. Sənətçinin ömrü səhnədən başlayır və orda bitərək tamaşaçı alqışı ilə də son mənzilə yol salınır.

- İncəsənət insanlarının çoxu bu yolda nələrisə qurban verdiklərini deyirlər. Bəs siz necə bu yolda nələrdən keçdiniz?

- Bu incəsənət aləmində, daha çox bizim aktyorluq sahəsində belə şeylər olur. O qədər insan var ki, sırf teatra, o səhnəyə ailəsini qurban verib. Hətta bəziləri ailə də qurmaqdan imtina edib. Mən isə onlardan olmadım. Ailəmi də qurdum. Teatrdan ayrıldım ki, ev şənliklərinə gedim. Çünki mənim dörd qızım var, ailəmi saxlamaq lazım idi. Qurban verməyi mən bacarmadım.

- İctimai yerlərdə xalq öz artistini tanıyırmı?

- İnanın mənə tez-tez bu hallarla rastlaşıram. İctimai nəqliyyatda olarkən yaxınlaşıb mənimlə şəkil çəkdirirlər. Hətta yol pulumu belə verirlər. Mənim hal-əhvalımı da soruşurlar ki, sənətkar əlin niyə əsir, nə olub, ehtiyaclarımı soruşurlar. Bunlar adama ruh verir. Yəni hiss edirəm ki, camaat, xalq məni sevir və sənətimə hörmət edir.

- Bir zamanlar canlandırdığınız obrazlara məxsus aksesuarlardan evinizdə saxlayırsınızmı? Xəyallara dalarkən, onlar köməyinizə çatırmı?

- “Ovçu Pirim” düşünürəm ki, ən yadda qalan və sevilən obrazlarımdan biridir. Ona görə o obrazın fotosunu evimdə iki divardan asılıb. Obrazları bir-birindən fərqləndirmirəm. Hər birini sevərək oynamışam. Hər biri mənim xatirələrimdə sonsuzadək yaşayacaq.

Söhbətləşdi Samira Sərkər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm