Çingiz Mustafayevin təxliyəsi necə həyata keçirilib? - DETALLAR
Bizi izləyin

Sosial

Çingiz Mustafayevin təxliyəsi necə həyata keçirilib? - DETALLAR

Bu gün Azərbaycanın telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin şəhid olduğu gündür. O, 1993-cü il 15 iyun tarixində Xocalı rayonu Naxçıvanlı kəndi istiqamətində aldığı güllə yarasından şəhid olub. Hərbi jurnalist tibb xidmət əməkdaşları tərəfindən döyüş meydanından təxliyə edilərək, o dövr üçün Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitala çatdırılıb.

Publika.az xəbər verir ki, Bizim.Media-ya danışan hərbi hospitalın sabiq, ehtiyatda olan hərbi həkimi Ali Qurbanlı həmin günlə bağlı xatirələrini bölüşüb:

"Naxçıvanlı yüksəkliyi uğrunda ağır döyüşlər gedirdi. Həmin gün hospitala həddindən artıq çox yaralı gətirilirdi. Təxminən 150-200 nəfər yaralı gətirilmişdi. Çingiz Mustafayev hospitala gətiriləndə biz bütün hazırlıq işlərini görmüşdük. Ancaq o, bizim yanımıza çatdırılana qədər aldığı güllə yarasından həyatını itirmişdi - şəhid olmuşdu".

Milli Qəhrəman həlak olduqdan sonra onun ölüm səbəbləri haqqında bir çox fikirlər səsləndirilib. Kimisi düşmənin atdığı minaatan mərmisinin qəlpəsindən, kimisi isə güllə yarasından aldığı xəsarətlərdən şəhid olduğunu iddia edirdi.

Həkim Ali Qurbanlı bu nüansa da münasibət bildirib:

"İlkin baxışdan güllə yarasına oxşayırdı. Ancaq biz onu həm artıq həyatın itirdiyi üçün, həm də yaralılar çox olduğu üçün tam müayinə edə bilmədik. Böyük ehtimalla Çingiz Mustafayev qanaxmadan həyatını itirmişdi. Çünki onun yarası qarnının aşağı ətrafının üçdə bir hissəsində idi. Mənim yaddaşımda qalan bir güllə yarası almışdı".

Həmin dövrdə hospitalın mühafizə tağımının komandiri vəzifəsində xidmət etmiş, Birinci Qarabağ müharibəsi iştirakçısı İntiqam Əsədov Çingiz Mustafayevin təxliyə edilməsi əməliyyatının çox ağır şəraitdə baş tutduğunu qeyd edib. Çünki sözügedən Naxçıvanlı kəndinin strateji əhəmiyyətinin böyük olması, ağır döyüş toqquşmasına əsas yaradırdı.

"Vəziyyət gərgin olsa da biz təxliyə əməliyyatlarını dayandırmırdıq. Çingiz çox ağır şəraitdə - atəş pərdəsi altında götürüldü. Məsafə və yaranın güclü qanaxma yaşama ehtimalını sıfıra endirirdi. Mən sonradan Çingizin gətirildiyi qanlı xərəyi götürüb kənd ərazisində yerləşən Rahib Məmmədov adına döyüş şöhrəti muzeyində eksponat kimi saxladım. Çingiz Mustafayevi tibb xidmət mənsubları Elmidar Vəliyev və Gültəkin Əsgərova təxliyə etmişdilər", - deyə İntiqam Əsədov xatırlayıb.

Bildirilib ki, Elmidar Vəliyev və Gültəkin Əsgərova isə cəmi bir gün sonra, elə Naxçıvanlı kəndində düşmənin atdığı minaatan mərmisinin partlayışı nəticəsində həlak olublar.

Xatırladaq ki, Çingiz Mustafayevi qanlı döyüş meydanından çıxaran Gültəkin Əsgərova ölümündən sonra göstərdiyi xüsusi şücaətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına, Elmidar Vəliyev isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunublar.

Əminliklə qeyd etmək olar ki, artıq hər bir şəhid kimi onların da ruhu şaddır...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm