Regionlarda Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTO
Bizi izləyin

Sosial

Regionlarda Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTO

Azərbaycan xalqının yenilməzliyini və məğrurluğunu dünyaya nümayiş etdirən tarixi Zəfərimizin beşinci ili tamam olur. Hər zaman olduğu kimi bu il də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ölkə ərazisində o cümlədən, işğaldan azad olunmuş torpaqlarda dərin ehtiramla yad edilib.

Publika.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsində də Anım Gününə həsr olunmuş silsilə fəaliyyətlər həyata keçirilib. Region gənclərinin iştirakı ilə keçirilən tədbirlərdə ilk olaraq Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb.

Anım Gününə həsr olunmuş dəyirmi masa və görüşlərdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Şəhid ailələri, qazilər və dövlət rəsmilərinin iştirak etdiyi tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışılıb. Bildirilib ki, bu zəfər Azərbaycan dövlətinin gücünün və xalqımızın birliyinin təzahürüdür.

Eyni zamanda Anım Günü ilə əlaqədar mərkəzlərdə nümayiş olunan “Görünməyən qəhrəmanlar”, “Zəfər tariximiz”, “Kod adı: Yaşma” filmlərində Vətən müharibəsi zamanı ordumuzun və xalqımızın göstərdiyi misilsiz qəhrəmanlıqlar gənclərin diqqətinə çatdırılıb. Həmçinin Qarabağın tarixi abidələri və işğal dövründə zərər görmüş mədəni irsimizə həsr olunmuş sərgi təşkil olunub.

GİKM-in regional nümayəndəlik və bölmələrində baş tutan bu tədbirlər şəhidlərimizin xatirəsini yaşatmaq, gənclərimizdə vətənpərvərlik hissini daha da artırmaq məqsədi daşıyıb. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafına şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırır. Bu siyasətin nəticəsi olaraq, gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi kimi ən çətin və ali missiyanı şanlı Qələbə ilə tamamlamışdır. Qalib xalqın qalib gəncləri, Ordumuzun göstərdiyi qəhrəmanlığı unudulmaz xatirə və sonsuz qürur hissi ilə daim yad edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm