Adnanın “dindar” obrazının yaradılması planı – Məqsəd nədir?
Bizi izləyin

Nida Təhlil

Adnanın “dindar” obrazının yaradılması planı – Məqsəd nədir?

Azərbaycanın “Azeri Light” brent markalı neftini digər xam məhsullarla qarışdırmaq, ölkənin iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda vəsaiti mənimsəmək ittihamı ilə həbs olunan “Caspian Logistics Solutions” şirkətinin rəhbəri Adnan Əhmədzadənin müdafiəsi məqsədilə “dindar” adı altında fəaliyyət göstərən qrupların hərəkətə keçdiyi müşahidə olunur. Sosial şəbəkələrdə müxtəlif səhifələr və hesablardan aparılan “müdafiə kampaniyasında” bir neçə istiqamət diqqət çəkir:

- Əhmədzadənin “Allah adamı” olduğu, haqsızlıqla üzləşdiyi haqda paylaşımlar edilir;
- Hətta onun həbsini Həzrəti Yusifin zindana düşməsi ilə müqayisə etməklə əndazəni də aşırlar;

Bu kampaniya açıq suallar yaradır: Adnan Əhmədzadə hara, dindar kəsim hara?!

Hər şeyin məqsədyönlü şəkildə təşkil edildiyi aydındır. Çünki dindar kəsim tərəfindən aparılan müdafiə kampaniyası Adnan Əhmədzadənin vəkilinin verdiyi açıqlamadan sonra start götürdü. Vəkili Şaiq Mirzəyev mediaya açıqlamasında bildirdi ki, Adnan Əhmədzadə oxumaq üçün Qurani-Kərim kitabını istəyib. Bu açıqlamadan sonra sosial şəbəkələrdə Əhmədzadənin “əməli saleh” şəxs olması haqda kampaniya genişləndirildi.

Hər kəsin inancı özünə məxsusdur və heç kim müdaxilə edə bilməz, xüsusilə Azərbaycan kimi tolerant bir ölkədə. Lakin Əhmədzadənin həyat tərzi ilə onun möminliyinin tərs-mütənasibliyi diqqətdən yayınmır.

Adnan Əhmədzadə həbsindən öncə özünün təntənəli həyat tərzini reklam etməyi sevirdi. Elə bu reklamlardan da görünürdü ki, gecə klublarında əylənmək, bahalı içkilər içmək gündəlik həyatının bir parçasıdır. Adnanın dəbdəbəli həyatı bununla bitmir: Dubayda dəyəri on milyonlarla ölçülən mənzillər, lüks avtomobil kolleksiyası - “Lamborghini”, “Rolls-Royce”, “Mercedes G-Class”, körfəz ölkələrində şirkətlər və s.

Bir sözlə Adnan Əhmədzadə həbs olunmamışdan öncə nə sadə mömin həyatı yaşayıb, nə də reklam etdiyi gündəlik həyatında Allahın evinə təşrif buyurub. Və bu dəbdəbəli həyatı Azərbaycan neftinə qarşı təxribatların törədilməsi, külli miqdarda mənimsə əməlləri ilə təmin etdiyini nəzərə alanda da, onun İslam dini ilə yaxından-uzaqdan əlaqəsi gözə dəymir. Sadəcə olaraq, sosial şəbəkələrdə də yazıldığı kimi, çətinliklə üzləşəndə Allah yadına düşüb. Bunun onunla Allah arasında olduğunu düşünürək, üzərindən keçmək olardı, əgər dindən sui-istifadə edilməsi halları yaşanmasaydı.

Aydın görünür ki, onun saxlanıldığı təcridxanada oxumaq üçün Qurani-Kərimi istəməsi, eləcə də həyat yoldaşının İslamın müqəddəs kitabından surələr, ayələr paylaşması Adnan Əhmədzadənin dindar imicinin formalaşdırılmasına hesablanıb. Və məqsəd məhz dindar kəsimin dəstəyini qazanmaq, ictimai rəyi bu kəsim vasitəsilə manipulyasiya etməkdir. Çünki Adnanın törətməkdə ittiham olunduğu əməllər Vətənə xəyanət kimi qiymətləndirilir və buna görə nə dövlətin, nə də xalqın əfvinə ümid edə bilməz. Məsələ təkcə neft satışının gəlirindən oğurluq etmək deyil, məsələ Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək, enerji bazarında ölkəmizin mövqelərini sarsıtmaq və milli gəlirlərə zərər vurmaqdır. Bu baxımdan, onun arxasında xarici kəşfiyyat orqanlarının olması versiyası da müzakirə mövzularındandır. Görünür, əməllərinə görə nə dövlətin, nə də xalqın əfvinə sığına bilməyəcəyini anlayan Adnan Əhmədzadənin əli hər yerdən üzülüb və çıxış yolunu “dindar” obrazına bürünərək, inanclı kəsimin hislərini öz məqsədləri üçün istismar etməkdə görür.

Kifayət qədər incə hazırlanmış bu kampaniyanın arxasında Adnan Əhmədzadənin gizli əlaqələrə malik olduğu FETÖ şəbəkəsinin dayandığı versiyası da istisna edilmir.

- Əhmədzadənin “dindar” obrazının yaradılması planı necə hazırlanıb?
- “Dindar” adı altında aparılan kampaniyanın təşkilatçıları və aktiv iştirakçıları kimlərdir?

Əslində bütün detallar, hətta konkret adlara qədər, hər şey məlumdur, zəruri olacağı təqdirdə, dərc edilə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm