Universitetlərlə valideynləri üz-üzə qoyan problem: Necə həll olunmalıdır?
Bizi izləyin

Elm və təhsil

Universitetlərlə valideynləri üz-üzə qoyan problem: Necə həll olunmalıdır?

“Oğlum Qərbi Kaspi Universitetinin ikinci kursunda ödənişli əsaslarla təhsil alır. Qəbul olan il 2500 AZN olan təhsil haqqını birdəfəlik köçürdük. O vaxt bildirildi ki, növbəti ildən ödənişi iki semestr ərzində və ya hissə-hissə ödəyə bilərsiniz. Amma bu günlərdə oğlumun telefonuna universitetdən gələn “sentyabrın 15-ə qədər təhsil haqqının hamısını ödəməlisiniz” xəbərdarlığı bizi çətin vəziyyətə salıb. Universitetlə əlaqə saxlayıb narazılığımızı bildirdik. Dedilər ki, güzəşt yalnız şəhid ailələrinə, veteranlara, qazilərə olunur, qalan tələbələr ödənişi birdəfəlik köçürməlidir”.

Redaksiyamıza daxil olan müraciətlə bağlı sözügedən ali məktəbin fakültə üzrə dekanı ilə əlaqə saxladıq. O da bu ildən belə bir qərar qəbul olunduğunu təsdiqlədi.

Ali təhsil ocaqlarının ödənişli əsaslarla oxuyan tələbələrə münasibətində yaranan bu dəyişikliyin səbəbi həqiqətən ziddiyyətlidir.

Daxili qaydalarla tənzimlənən məsələ

Elm və Təhsil Nazirliyindən bildirildi ki, Nazirliyin Kollegiyasının 2 sentyabr 2016-cı il tarixli 3-1/1 nömrəli qərarına əsasən, ali təhsil müəssisələrinə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldıqları müddətdə yarımilliklər üzrə ödəmələrinə şərait yaratmaları tövsiyə edilib: “Eyni zamanda bildiririk ki, təhsil haqqının ödənilmə forması, müddəti və mərhələləri hər bir ali təhsil müəssisəsinin müəyyən etdiyi daxili qaydalarla tənzimlənir. Güzəştlərin tətbiqi də həmin ali təhsil müəssisələrinin səlahiyyətindədir və onlar tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq həyata keçirilir”.

“Sosial çətinliyi olan ailələri nəzərə almaq lazımdır”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimovanın fikrincə, təhsil haqqının birdəfəlik ödənilməsi bəzi ailələr üçün ağır olur: “Əlbəttə, ödənişin yarımillik, hətta rüblük bölünməsi daha çevik yanaşmadır və sosial ədalət baxımından da uyğundur”. Millət vəkili bildirdi ki, bəzi özəl universitetlər maliyyə sabitliyi üçün daha çox birdəfəlik ödənişi üstün tuturlar: “Onların büdcə planlamasında bu, rahatlıq yaradır. Amma sosial çətinliyi olan ailələri nəzərə almaq lazımdır. Elm və Təhsil Nazirliyinin ödənişlərin hissə-hissə ödənilməsi ilə bağlı tövsiyəsi əslində tələbə hüquqlarının qorunmasına yönəlib. Lakin bu tövsiyə məcburi xarakter daşımadığından bəzi özəl universitetlər istədikləri qaydanı tətbiq edirlər”. E.Akimovanın fikrincə, yaxşı olar ki, qaydalar tədris ili başlamazdan əvvəl müqavilədə aydın şəkildə göstərilsin və sonradan dəyişdirilməsin: “Ailələrin ödəmə qabiliyyəti nəzərə alınmalı, təhsil haqqı ödəmələrinin bölünməsi daha çox yayğın olmalıdır. Bu işdə məncə, xüsusi dövlət nəzarəti olmalıdır. Yəni nazirliyin tövsiyəsi tövsiyə olaraq deyil, hüquqi norma kimi tətbiq olunsa, tələbələrin sosial müdafiəsi daha güclü olar”.

“Hər bir addım qanun çərçivəsində idarə edilməlidir”

Kembric Universitetinin professoru Qərib Mürşüdov Böyük Britaniya universitetlərindəki təhsil haqqı ödənişləri haqqında məlumat verərək bildirdi ki, orada özəl universitetlər azdır: “Əksər və ən məşhur ali təhsil ocaqları dövlət universitetləridir. Amma dövlət universitetlərində də təhsil pulsuz deyil. Hər bir yerli tələbə dövlət universitetində oxuyanda hər il 9-10 min funt ödəməlidir. Bunu ödəmək üçün xüsusi borc sistemi var. Tələbələr borc götürür və ancaq iş tapandan sonra borcları ödəyirlər”. Professorun sözlərinə görə, Böyük Britaniyada özəl universitetlərdə belə tələbə borclarına çıxış məhdud olur: “Ailə vəziyyətlərindən asılı olaraq, tələbələr həm dərs pulu, həm də yaşamaq üçün borclar ala bilirlər. Böyük Britaniyada orta məktəb şagirdləri üç və ya beş il əvvəlcədən bilirlər ki, təhsil haqqı nə qədərdir. Təhsil haqqının məbləğini dəyişmək üçün xüsusi dövlət qurumu qərar verməlidir və bu, cəmiyyətdə müzakirə olunur. Bunu da ancaq bir neçə ildən sonra dəyişmək mümkündür”. Q.Mürşüdov hesab edir ki, əgər universitet tələbə ilə bağlanan müqaviləni pozubsa, onu məhkəməyə vermək lazımdır: “Hər bir addım qanun çərçivəsində idarə edilməlidir. Əgər universitet təhsilini tənzimləyən qanunlar yoxdursa, onda bu haqda fikirləşmək lazımdır. Təəssüf ki, hazırda əlaqədar qurumların buna vaxtı yoxdur. Onlar uzun müddət problemlər içərisində olan orta məktəb təhsilinin müasirləşməsi ilə məşğuldurlar”.

“Nazirlik tövsiyəsini verib, qalanı universitetin daxili işidir”

Təhsil məsələləri üzrə ekspert Asif Cahangirov hesab edir ki, universitetlər verdikləri qərarları özlərinin iqtisadi durumu, strateji planları ilə bağlayırlar. Əgər universitet bu qərarı verirsə, demək onun bir əsası var. Universitet hansısa razılaşma ilə fərdi qaydada güzəşt də edə bilər. Bu baxımdan, universitetə göstəriş vermək düzgün olmaz. Onların öz planları var. Nazirlik tövsiyəsini verib, qalanı universitetin daxili işidir”. Ekspert bildirir ki, Çində özəl beynəlxalq məktəblərə valideynlər ödənişi ildə bir dəfə edir: “Amma bizdə elə müəssisə var ki, yarım ildən bir, eləsi var rübdə bir dəfə istəyir. Elə təhsil ocağı da var ki, hər ayda bir dəfə ödəməyə imkan yaradır. Bu, universitetlərin özləri üçün müəyyənləşdirdikləri qaydalardan asılı olan məsələdir”. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm