Doğum səviyyəsi azalır, əhali sürətlə qocalır: Azərbaycanı nə gözləyir?
Bizi izləyin

Sosial

Doğum səviyyəsi azalır, əhali sürətlə qocalır: Azərbaycanı nə gözləyir?

Azərbaycanın demoqrafik quruluşu getdikcə dəyişir. Əvvəllər əhalinin çoxunu gənclər təşkil edirdisə, indi tədricən yaşlıların sayı artır. BMT-nin “Dünya Əhalisinin Perspektivləri” hesabatı və Maliyyə Nazirliyinin proqnozlarına görə, 2024-cü ildə 0,6 faiz olan illik əhali artımı 2050-ci ilədək xeyli azalacaq. Ən çox artım 65 yaşdan yuxarı qrupda gözlənilir, 15-64 yaş aralığındakı, yəni əmək qabiliyyətli yaşda olan insanların sayı isə 2030-cu illərin sonlarından azalmağa başlayacaq.

Bəs doğum səviyyəsinin azalması və əhalinin sürətlə qocalması Azərbaycanın gələcəyinə necə təsir edəcək? Bu proseslər ölkədə pensiya yaşının artırılmasına də səbəb ola bilərmi?

Mövzu ilə bağlı Publika.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, əslində demoqrafik ləngimə və təbii artımda azalma qlobal prosesdir:

“Bu, bir çox ölkələrdə müşahidə olunur. Əlbəttə, bu, Azərbaycan üçün heç vaxt xarakterik olmayıb. Həm sovet dövrünə qədər, həm də sovet dövründə Azərbaycan xalqı təbii artımın inkişaf dinamikasında özünü göstərib.

Hətta sovet dövründə müharibədəki itkilərin yerini doldurmaq üçün hökumətin demoqrafik təşviq siyasəti müsbət təsir göstərdi. Belə ki, o vaxt “uşaq pulu” adlanan sosial müavinət verilirdi, eyni zamanda “Qəhrəman ana” statusu müəyyənləşdirilmişdi, çoxuşaqlı ailələr üçün müəyyən imtiyazlar var idi. Bütün bunlar demoqrafik təşviq siyasətinin tərkib hissəsi kimi çoxuşaqlı ailələrin artmasına təsir edirdi.

Lakin Sovet İttifaqı dağıldıqdan, Azərbaycan müstəqil olub dünyaya açıldıqdan sonra insanlar gördülər ki, çoxuşaqlı ailə modeli artıq xarici ölkələrdə trend deyil. İnsanlar az, amma keyfiyyətli uşaqların yetişdirilməsinə üstünlük verməyə başladılar.

Yəni uşaqlara düzgün tərbiyə vermək, onların təhsilinə və karyerasına daha çox diqqət ayırmaq prioritetə çevrildi. Bununla yanaşı, əhalinin mədəni və təhsil səviyyəsinin artması da təbii doğum səviyyəsinə təsir göstərdi. Yəni cəmiyyətin mədəni və təhsil səviyyəsi yüksəldikcə doğum səviyyəsi təbii olaraq azalmağa başladı.

Etiraf etmək lazımdır ki, əhalinin mədəni və təhsil səviyyəsi artdıqca təbii artım sürəti ilə arasında tərs mütənasiblik yaranır. Cəmiyyətin səviyyəsi yüksəldikcə ailə planlaşdırmasında azuşaqlılığa üstünlük verilir.

Bu səbəbdən çoxuşaqlı ailələr daha çox kənd yerlərində və aztəminatlı təbəqələr arasında müşahidə olunurdu. Çünki həmin ailələr üçün uşaqlara verilən sosial müavinətlər ailə büdcəsində mühüm rol oynayırdı və bu da çoxuşaqlı olmağa maraq yaradırdı.

Lakin 2006-cı ildə uşaqlara verilən sosial müavinətlər dayandırıldıqdan sonra bu, artıq motivasiyaedici amil kimi fəaliyyətini itirdi və çoxuşaqlı ailələrin sayı azalmağa başladı.

Beləliklə, Azərbaycan vətəndaşları müstəqillik illərindən başlayaraq düşüncə tərzlərini dəyişdirməyə başladılar. Fikirləşdilər ki, az uşaq sahibi olmaq lazımdır, çünki uşaqların gələcəyi və təminatı ilə bağlı məsuliyyət böyükdür.

Ümumiyyətlə, insanlar indi iqtisadi rahatlıq və komfortlu həyat yaşamaq istəyirlər. Uşaq və ailə qayğısı çəkmək istəmirlər. Gənclər ailə qurmaqda maraqlı deyillər, daha sərbəst və rahat yaşamaq istəyirlər. Ailələr artıq bir və ya iki uşağa, ən yaxşı halda üç uşağa üstünlük verirlər. Daha çox uşaq sahibi olmaq istəyi əvvəlki qədər güclü deyil”.

Sosioloqun sözlərinə görə, hazırda bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da demoqrafik artım göstəricilərində ləngimə müşahidə olunur:

“Sosial xidmətlər və dövlət proqramlarının məlumatına görə, son 22 ildə əhali sayı cəmi 26,4 faiz artıb. Halbuki ahılların sayı 99,4 faiz artıb. Bu, o deməkdir ki, yeni doğulanların və gənc əhalinin sayı azalır, əvəzində ahılların payı artır.

Əgər ahılların sayı 8 faizdən çoxdursa, bu, həmin əhalinin “qocalan cəmiyyət” kateqoriyasına daxil olduğunu göstərir. Hazırda Azərbaycanda 65 yaşdan yuxarı əhali ümumi sayın 10 faizindən çoxunu təşkil edir. Bu vəziyyət demoqrafik problemlər üçün həyəcan siqnalı hesab oluna bilər. Belə şəraitdə təbii artımı təşviq etmək vacibdir.

Qeyd edək ki, təbii artıma görə Azərbaycan hələlik Cənubi Qafqaz ölkələri arasında liderdir. Ancaq əvvəlki illərlə müqayisədə təbii artım xeyli azalıb. Son bir ildə əhali sayı təqribən 39 min nəfər azalıb. Bu, ciddi göstəricidir. Hazırda gənclər əhalinin təqribən 21 faizini, uşaqlar isə 25-26 faizini təşkil edir".

Üzeyir Şəfiyev onu da qeyd etdi ki, dövlətin qüdrəti həm də keyfiyyətli əhali potensialı ilə ölçülür:

“Buna görə yeni doğulanların sayını artırmaq və əlavə təşviqedici tədbirlər həyata keçirmək vacibdir. Məsələn, Türkiyədə yeni doğulan uşaqlara fərqli müavinətlər verilir. “Uşaq pulu” sosial müavinətləri differensial qaydada tətbiq olunur. Ailələrə bir, iki və üç uşağa görə fərqli məbləğlər müəyyənləşdirilir. Digər ölkələrdə də oxşar siyasətlər mövcuddur. Hətta gənclərin ailə qurması üçün də təşviqlər var. Bəzi bələdiyyələr toy xərclərini qismən öz üzərinə götürürlər.

Məsələn, Türkiyədə 2025-ci ildən etibarən ailə qurmaq üçün belə təşviqlər həyata keçirilir. Gənclərin məşğulluğu və mənzillə təminatı üçün də tədbirlər görülür, yeni ailələrə faizsiz kreditlər verilir.

Düzdür, Azərbaycanda da oxşar layihələr mövcuddur, lakin onlar gənclərin yalnız məhdud bir qrupuna şamil olunur. Yaxşı olardı ki, bu təşviqlər daha geniş kateqoriyanı əhatə etsin. Gənclərin məşğulluğu məsələsinə xüsusi diqqət yetirilməlidir. Statistikaya görə, ölkədə ümumi işsizlik səviyyəsi 5,6 faiz təşkil edir, lakin gənclər arasında bu göstərici təxminən 11 faizdir.

Bu, onu göstərir ki, gənclərin məşğulluğuna daha çox diqqət ayrılmalıdır. Eyni zamanda, regionlardan paytaxta axının qarşısını almaq və bölgələrdə gənclər üçün cəlbedici şərait yaratmaq vacibdir. Bu, həm regionlarda təbii artımın qorunmasına, həm də gənclərin bölgələrdə qalmasına kömək edər.

Əlbəttə ki, yaşlı əhalinin sayının artması dövlət üçün maliyyə yükü deməkdir, çünki bu, gələcəkdə pensiya sisteminə təsir göstərə bilər. Hazırda Azərbaycanda orta ömür uzunluğu qadınlar üçün 74, kişilər üçün 73 yaşdır. Buna görə də indiki halda pensiya yaşının artırılması aktual sayılmır.

Lakin BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər orta ömür uzunluğu əhəmiyyətli dərəcədə artacaq. Bu halda pensiya yaşının artırılması müzakirə mövzusu ola bilər. Hazırkı mərhələdə isə bu məsələ aktual deyil”.

Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm