Astanada türk musiqi alətləri ilə bağlı beynəlxalq simpozium keçirildi - FOTO
Bizi izləyin

Sosial

Astanada türk musiqi alətləri ilə bağlı beynəlxalq simpozium keçirildi - FOTO

Astanada (Qazaxıstan) “Əcdadlar və sədalar: Türk musiqi alətlərinin hazırlanması ənənələri və müasir yanaşmalar” mövzusunda Beynəlxalq simpozium keçirilib. Simpozium Astanа şəhər Akimliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkil etdiyi “Dünya Musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalı çərçivəsində baş tutub.

Publika.az xəbər verir ki, simpoziumun məqsədi türk xalqlarına məxsus musiqi alətlərinin hazırlanması ənənələrinin hərtərəfli öyrənilməsi, qədim texnologiyalarla müasir innovativ yanaşmalar arasındakı əlaqələrin müəyyənləşdirilməsi, həmçinin ustalarla alimləri, ifaçılarla tədqiqatçıları bir araya gətirən elmi-praktik əməkdaşlıq platformasının yaradılması olub.

Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirakçılara müraciət edərək ənənə ilə müasirliyin vəhdətinin yeni tədqiqatlar, texnoloji yanaşmalar və beynəlxalq elmi əməkdaşlıq üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb və simpoziumu bu sahədə mütəxəssisləri bir araya gətirən mühüm platforma kimi qiymətləndirib.

Daha sonra Fondun prezidenti simpoziumun plenar iclaslarında moderator qismində çıxış edərək iştirakçılara – Qazaxıstan Respublikası Parlamentinin Senat deputatı, akademik Darxan Kıdırali; Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsinin sədri Erlan Dakenov; Astanа şəhəri akiminin müavini Eset Bayken; Qazaxıstan Respublikasının UNESCO və ICESCO işləri üzrə Milli Komissiyasının baş katibi Janar Şaymenova; “Macar İrsi Evi”nin baş məsləhətçisi, Macarıstanın əməkdar artisti Akoş Qreqor – növbə ilə söz verib.

Simpozium çərçivəsində “Tək Səda: Türk musiqi alətlərinin araşdırılması və beynəlxalq əməkdaşlıq” adlı dəyirmi masa təşkil olunub. Müzakirə zamanı türk xalqlarının musiqi irsinin tədqiqi və bu sahədə institusional əməkdaşlığın genişləndirilməsi istiqamətləri diqqət mərkəzində olub.

Tədbir zamanı Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə nəşr olunan “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabının təqdimatı keçirilib. Dörd dildə hazırlanmış nəşr türk musiqi irsinin beynəlxalq səviyyədə tanıdılması və elmi cəhətdən sistemləşdirilməsi baxımından əhəmiyyətli mənbə kimi yüksək dəyərləndirilib.

Simpoziumun yekunu olaraq iştirakçılar tərəfindən türk xalqlarının musiqi aləti hazırlığı irsinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi ilə bağlı birgə Qətnamə qəbul edilib. Sənəddə musiqi alətlərinin vahid elmi bazasının yaradılması, ənənəvi ustalıq məktəblərinin sistemli araşdırılması, təhsil proqramlarında musiqi aləti hazırlanmasına dair xüsusi kursların tətbiqi, həmçinin rəqəmsal arxivləşdirmə, 3D modelləşdirmə və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi kimi prioritet istiqamətlər vurğulanıb.

Qətnamə həmçinin türk musiqi irsinin YUNESKO və İSESKO çərçivəsində daha geniş tanıdılması üçün ortaq təşəbbüslərin inkişaf etdirilməsini nəzərdə tutur və bu istiqamətdə Türk Xalqlarının Musiqi Aləti Ustalarının birgə Assosiasiyasının yaradılması imkanının araşdırılması barədə razılıq ifadə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm