Yeni il tətili: Dincəlmək istəyənlər Qətərə, soyulmaq istəyənlər Şamaxıya getsin
Bizi izləyin

Sosial

Yeni il tətili: Dincəlmək istəyənlər Qətərə, soyulmaq istəyənlər Şamaxıya getsin

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Bununla əlaqədar ölkədə bir neçə gün ardıcıl qeyri-iş günü olacaq. Tətildən yararlanmaq istəyən vətəndaşlar istirahət üçün həm ölkə daxilində, həm də xaricə səyahətlər planlaşdırırlar. Bayram günlərini maraqlı keçirmək istəyənlər turizm şirkətlərinin təklif etdiyi yeni il turları və müxtəlif istirahət paketlərinə böyük maraq göstərirlər. Eyni zamanda yerli hotellər də xüsusi Yeni il proqramları ilə qonaqlara xidmət təklif edir.

Bəs bayram günlərində bölgələrdə hotellərin qiymətləri necə dəyişəcək?

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən turizm mütəxəssisi Ruslan Quliyev bildirdi ki, təxminən oktyabr ayından başlayaraq, Azərbaycanda Yeni il bayramının təşkili ilə bağlı ölkə daxili və xarici səfərlərlə əlaqədar turizm sənayesi nümayəndələri tərəfindən müxtəlif proqramlar hazırlanıb.

Onun sözlərinə görə, məhz Yeni il ərəfəsi hotel qiymətlərində ümumilikdə ötən aylara nisbətən 20-30 faiz bahalaşma müşahidə oluna bilər:

“Hər il olduğu kimi, bu il də Yeni il dövrü üçün tələbin çox olması səbəbindən qiymətlər artır. Daha çox tələb Qəbələ, Lənkəran, Qusar, Quba, Şamaxı və İsmayıllı rayonlarınadır. Xüsusilə Şahdağ bölgəsinə rezervasiyalar daha çoxdur. Bununla yanaşı, artıq Bakıda da bir çox Avropa və MDB ölkələrinin paytaxtlarında olduğu kimi Yeni il möhtəşəm şəkildə qeyd edilir.

Eyni zamanda, Şərqi Zəngəzur və Qarabağda da maraqlı proqramlar həyata keçirilir. Bu səbəbdən xarici ölkələrdən də ölkəmizə maraq artmaqdadır. Məsələn, Şahdağ, Tufandağ kimi qış kurortlarımıza, hətta Naxçıvana belə artıq bu mövsümlə bağlı ilkin rezervasiyalar müşahidə olunur. Bu tələbat artımı da qiymətlərə təsir göstərir”.

Nəzərinizə çatdıraq ki, əsas tələbat olan bölgələrdəki hotellərin qiymətlərini və potensialını öyrənmək üçün araşdırma apardıq.

Həmin məlumatları təqdim edirik:

“Shamakhi Palace Sharadil” 1980 manat, “Qafqaz Tufandag Hotel” 1699, “Basqal Resort & Spa” 1660, “Shabran Wellbeing Resort” 1650, “Lankaran Springs Wellness Resort” 1500, “Marxal Resort & Spa” 1420, “Quba Macara Lake Park” 1380-2150, “Şah Əsəri Xankəndi” 960-1620, “Şuşa Hotel” 950, “Chinar Health Hotel” isə 620 manatdan başlayan qiymətlərlə paketlər təqdim edir.

Paketlər 31 dekabr 2025 - 02 yanvar 2026-cı il tarixlərini əhatə edir və qiymətlərə 2 nəfər üçün oteldə qalmaq, qidalanma, canlı musiqi, gündəlik əyləncə proqramları, hovuz, sauna, hamam və s. imkanlardan istifadə daxildir.

Bununla yanaşı ölkədaxili bəzi tur paketləri də var ki, vətəndaşlara Yeni ili qeyd etmək üçün sərfəli imkanlar təqdim edir. Məsələn, bəzi tur şirkətləri 31 dekabr-1 yanvar tarixlərində Quba-Şahdağ turunu 1 nəfər üçün qidalanma daxil 215 manat, Qax-Şəki-Oğuz-Qəbələ turunu isə 120 manata təklif edir.

Ölkəxarici üçün təşkil olunmuş bayram kampaniyalarına nəzər saldıqda isə qarşılaşdığımız mənzərə qiymətlər səbəbindən Yeni ili ölkəmizdə yox, məhz xaricdə qarşılamağa vadar edir. Məsələn, turizm şirkətlərindən biri 28 dekabr - 1 yanvar arası Qətərin paytaxtı Dohaya yeni il turları təklif edir ki, burada ortalama qiymət bir nəfər üçün 750 dollardır. Qiymətlərə isə aviauçuş, hoteldə gecələmə, səhər yeməyi, sığorta və transfer daxildir. Maraqlı məqam ondan ibarətdir ki, paket daxilindəki hotellərin əksəriyyəti 5 ulduzludur.

Sözügedən hotellərə “Cielo Hotel Lusail”, “Steigenberger Hotel & Residence Shaza Doha”, “City Centre Rotana Doha”, “Doubletree by Hilton Doha Old Town” və s. daxildir. Yəni, 4 gecə 5 gün yeni ili Dohada, 5 ulduzlu otellərdə qarşılamaq aviabilet daxil bir nəfər üçün təxminən 1275 manata başa gəlir.

Deməli, ölkə daxilində bir gün üçün təxminən 300-400 manat ödəmək yerinə, ölkəxaricində əlavə 100-200 manat ödəyərək Yeni ili qarşılamaq daha cazibəli görünür.

Bir məqamı da qeyd edək ki, qiymət artımına səbəb həmin dövrdə ölkəmizə gələn turistlərin sayında artım olması göstərilir. Belə çıxır ki, yerli hotellərimiz qiymətləri vətəndaşlarımız üçün yox, məhz xarici qonaqlar üçün nəzərdə tutulub.

İndi siz deyin, Azərbaycanda 2 gecə üçün 1000 manat, yoxsa xaricdə 4 gecəyə 1200 manat?!

Roza Şəfiyeva

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm