“Azərbaycan Rusiya, Türkiyə, ABŞ və Çinlə intensiv danışıqlar içərisində olmalıdır”
Bizi izləyin

Sosial

“Azərbaycan Rusiya, Türkiyə, ABŞ və Çinlə intensiv danışıqlar içərisində olmalıdır”

Qüdrət Həsənquliyev: “Hadisələrin bizim üçün ən pis variantda inkişafına belə hazır olmalıyıq”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Publika.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibəyə münasibətinizi bilmək istərdik...

- Münasibətim çox müsbətdir. Yeni ilin əvvəlində Prezident ölkə həyatı, görülən işlər, üzləşə biləcəyimiz problemlər ilə əlaqədar ictimaiyyətə geniş məlumat verdi. Ölkəmizin Çin və ABŞ ilə əlaqələrinin inkişaf perspektivləri, Zəngəzur dəhlizi, elm və təhsil sahəsində islahatların zəruriliyindən, prezidentin yerlərdə səlahiyyətli nümayəndələrinin təyin olunmasının gələcəkdə ölkə miqyasında tətbiqi perspektivləri barədə danışdı. Ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılığının azaldılmasının zəruriliyini qeyd etdi. Müsahibədə toxunulan məsələlərin əksəriyyəti ölkəmizin təhlükəsizliyi ilə birbaşa bağlı olan məsələlərdir. Daxili sabitlik və təhlükəsizliyimiz üçün güclü elmi potensiala əsaslanan iqtisadiyyatımız və güclü müttəfiqlərimiz olmalıdır.
Əlbəttə, istərdim ki, müsahibə çoxsaylı yerli və xarici jurnalistlərə verilsin. O zaman, bəlkə də ictimaiyyəti maraqlandıran başqa sahələr üzrə də suallar olardı. Prezidentin bağlı qapılar arxasında, ayrılıqda QHT və ən azından parlamentdə təmsil olunan siyasi partiyalarla da görüşünə ehtiyac var. İdarəetmədə islahatlarla bağlı onların da fikri öyrənilsə, bu ümumi işin xeyrinə olardı. Ölkəmişdə şişmiş bürokratik aparatın kiçildilməsinə, idarəetmə xərclərinin azaldılmasına ciddi ehtiyac yaranıb. İşğaldan azad olunmuş ərazilərdə Konstitusiyaya uyğun olaraq bələdiyyə seçkiləri keçirilməlidir. Həmin ərazilərdə vətəndaşların mənzil tikintisi, sahibkarların istehsal və xidmət sahaləri yaratmaları üçün torpaq almaq imkanları olmalıdır.
Məsələn, biz təklif edirik ki, Azərbaycanda mövcud olan rayonlar ləğv edilsin, ən çoxu 15 inzibati ərazi vahidi yaradılsın, yerli hakimiyyət orqanları seçkilərlə formalaşdırılsın, seçicilər qarşısında hesabatlı olsun.15 regionun hər birinin 25-30 nəfərlik Məclisi olsun, regionda yerli icra hakimiyyətinin rəhbəri həmin məclisdə seçilsin. Regiondakı hər yaşayış məntəqəsinin öz bələdiyyəsi olsun. Prezidentin regionlar üzrə səlahiyyətli nümayəndələri Konstitusiya və qanunların icrasına nəzarət etsinlər. Qanunla yerli icra hakimiyyətlərinə geniş səlahiyyətlər verilməlidir. Yalnız bu halda Bakıya axının qarşısını ala, regionların sürətli inkişafına nail ola bilərik. Əgər siyasi partiyaların Prezidentlə görüşü olardısa, böyük məmnuniyyətlə dövlət əmlakının özəlləşdirilməsinin, məhkəmə-hüquq islahatlarının genişləndirilməsinin, iqtisadi islahatların dərinləşdirilməsinin zəruriliyindən danışardım.

- Qüdrət bəy, 2026-cı ildən gözləntiləriniz nədir?

- Dünyada böyük dəyişikliklər baş verir. Hadisələrin bizim üçün ən pis variantda inkişafına belə hazır olmalıyıq. İnanıram ki, iqtidar bunun fərqindədir. Azərbaycan Rusiya, Türkiyə, ABŞ və Çinlə intensiv danışıqlar içərisində olmalıdır. Türk Dövlətləri Təşkilatının fəaliyyəti gücləndirilməli və daha sıx inteqrasiya siyasəti həyata keçirilməlidir. Ceyhun Bayramov İranda baş verən hadisələri yuxarıda qeyd etdiyim ölkələrlə müzakirə etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm