"İdrak"dakı hadisə ilə bağlı Ombudsmandan açıqlama
Bizi izləyin

Sosial

"İdrak"dakı hadisə ilə bağlı Ombudsmandan açıqlama

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) son zamanlar uşaqların iştirakı ilə baş vermiş neqativ hallarla bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, açıqlamada deyilir:

"Son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatçılıq doğurur. Uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, onların davranışlarına, o cümlədən onların rəqəmsal platformalardan istifadə etmələrinə nəzarət edilməsi uşaqların və ümumilikdə cəmiyyətin sağlamlığı və təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır".

Ombudsmanın uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər barədə məlumatlar verilib: "Qeyd olunan problemlərin aradan qaldırılmasında valideynlərin də rolu danılmazdır. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Baş verən hadisələr onu göstərir ki, valideynlər tərəfindən uşaqlara daha diqqətlə yanaşılması, onlarla etibarlı ünsiyyətin təmin edilməsi və uşaqların olduğu hər bir yerdə təhlükəsizliyin gücləndirilməsi çox vacibdir. Media subyektlərinin nümayəndələri tərəfindən uşaqlarla bağlı məlumatların yayılmasında qanunvericiliyin tələblərinə əməl edilməsi, uşaqların mənafelərinin üstün tutulması, məsələlərə uşaq hüquqlarının müdafiəsi prizmasından yanaşılaraq ictimaiyyətin düzgün məlumatlandırılması zəruridir".

Ombudsman tərəfindən mediada uşaq hüquqlarının pozulması halları ilə bağlı media subyektlərinə və jurnalistlərə ünvanlanmış açıq müraciətdə bu sahədə onların vəzifələri və məsuliyyəti əks etdirilmiş, onlara peşə fəaliyyətlərini həyata keçirdikləri zaman uşaqların mənafelərini üstün tutmaları və uşaqlarla bağlı məlumatların yayılmasında həssas yanaşma nümayiş etdirmələri tövsiyə olunub: "06 fevral 2026-cı il tarixində “İdrak” liseyində baş vermiş insidentlə bağlı media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi və məlumatların işıqlandırılması üsulu təəssüf doğurur. Bir daha media nümayəndələrinə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın və digər hüquqi aktların tələblərini xatırladaraq, onları bu sahədə məsuliyyətli mövqe nümayiş etdirməyə dəvət edirəm".

"Uşaqların hüquqlarının müdafiəsi, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması məqsədilə bir daha əlaqədar dövlət orqanlarını qeyd olunan sahədə nəzarəti daha da gücləndirməyə, valideynləri daha məsuliyyətli davranmağa, media subyektlərini uşaqlarla bağlı məlumatlar hazırlanarkən qanunvericiliyin tələblərinə əməl edərək uşaqların mənafelərin üstün tutmağa dəvət edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm