Sosial
Azərbaycanda daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofik riskləri daha düzgün qiymətləndirmək və bədbəxt hadisələr zamanı vətəndaşlara daha adekvat sığorta ödənişlərini təmin etməkdir.
Yeniliyin ən mühüm elementi sığorta məbləğinin artıq vahid standartla deyil, dövlət qurumları ilə inteqrasiya olunmuş elektron platformalar vasitəsilə əmlakın parametrlərinə, yaşayış sahəsinin kvadratmetrinə və yerləşdiyi əraziyə uyğun formalaşdırılmasıdır.
“İcbari sığortanın əhatə dairəsi on faizdən aşağıdır”
Sığorta eksperti İlkin Nəcəfovun sözlərinə görə, hazırda bu sahədə vəziyyət ürəkaçan deyil. Daşınmaz əmlakın icbari sığortası üzrə bazarın əhatə dairəsi on faizdən də aşağıdır: “Yəni, Bakıdakı hər yüz evdən heç onu belə icbari qaydada sığortalanmayıb. Bunun isə tək bir səbəbi var, cərimə mexanizmi işləmir. Mövcud qanunvericiliyə əsasən, bu sığorta kifayət qədər geniş riskləri - yanğın, partlayış, ildırım vurması, daxili su basması və ya qonşudan su sızması, habelə üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində əmlaka dəyən zərəri əhatə edir. Sığorta predmeti sadəcə quru divarlar deyil, bura əmlakın əsas konstruksiyaları, qapı-pəncərəsi, tavanı, döşəməsi və daxili təmiri də daxildir. Göründüyü kimi, mövcud təminat zərfi kifayət qədər genişdir və əlavə nəsə daxil etməyə ehtiyac yoxdur. Əsas hədəfimiz sadəcə bu mükəmməl təminat paketini bazara düzgün tətbiq etmək və əhalinin sistemə kütləvi cəlb olunmasını təmin etməkdən ibarət olmalıdır”.
İ.Nəcəfov bildirdi ki, yeni konsepsiyanın uğuru, ilk növbədə, işlək cərimə mexanizminin tətbiqindən asılıdır: “Şəxsi fikrimcə, avtomobillərin icbari sığortasında olduğu kimi, daşınmaz əmlak sığortasında da real cərimələr tətbiq edilməsə, istənilən cəlbedici təklif əhali tərəfindən rəğbətlə qarşılanmayacaq. Müqayisə üçün avtomobillərin icbari sığortasına nəzər salaq. Vətəndaş sığortası olmadıqda hər iyirmi gündən bir əlli manat cərimə olunur deyə, hamı bu sığortanı əldə etməyə çalışır. Bu vəziyyəti dəyişmək üçün hökumət, Mərkəzi Bank və İcbari Sığorta Bürosu tərəfindən müxtəlif variantlar nəzərdən keçirilir. Sığorta haqqının kommunal ödənişlərə, xüsusən də işıq puluna inteqrasiya edilməsi, məbləğin bələdiyyə orqanları tərəfindən yığılması və ya icra hakimiyyətləri tərəfindən icbari sığortası olmayanlar üçün xüsusi cərimə protokollarının tətbiqi kimi müxtəlif təkliflər müzakirə olunur”.

“Yeni konsepsiya ədalətli və çevikdir”
Ekspertin fikrincə, tətbiq edilməsi gözlənilən yeni konsepsiya əvvəlki qaydalarla müqayisədə qat-qat ədalətli və çevikdir. Köhnə qaydalardakı ən böyük natamamlıq məbləğlərin hamı üçün eyni olması idi: “Hövsanda 70 min manatlıq bir otaqlı panel evlə, Gənclikdəki 10 milyonluq villanın sığorta haqqı 50 manat təşkil edirdi. Çünki hər ikisi mülkiyyətin real dəyərindən asılı olmayaraq, 25 min manatlıq standart sığorta təminatı alırdı. Yeni konsepsiyada isə regionlar, şəhərin məskunlaşma dərəcəsi və zonalar üzrə sığorta haqqı və məbləğləri dəyişəcək”.
“Sənədsiz evlər əsas problemdir”
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bütün dünyada məcburi xarakter daşıyan sığorta sistemi ölkəmizdə avtomobil və digər sahələrdə işləsə də, daşınmaz əmlak sektorunda hələ də tam tətbiq edilə bilmir: “Bunun əsas səbəbi ölkədə yüz minlərlə çıxarışı olmayan əmlakın mövcudluğudur. Qanunvericiliyə görə, hər hansı bir əmlakın sığortalanması üçün mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır”.
E.Fərzəliyevin fikrincə, məsələnin digər tərəfi isə çıxarışlı əmlak sahibləri arasında da sığortalanma səviyyəsinin aşağı olması və maarifləndirmənin çatışmazlığıdır: “Son beş ildə Bakı və Abşeron ərazisində satılan sənədli mənzillərin 60 faizindən çoxu ipoteka və ya daxili kreditlərlə alındığı üçün müqavilə müddəti bitənə qədər məcburi qaydada sığortalanır. Bu, çox müsbət haldır, çünki risk anında zərər dərhal qarşılanır. Lakin kreditdə olmayan sənədli mənzil sahibləri illik cəmi 50 manat ödəyərək 25 min manatlıq təminat almaqda maraqlı görünmürlər. Bakı şəhərində dəyəri yüz minlərdən milyonlara qədər dəyişən və minimal olaraq 400 manata kirayə verilən saysız-hesabsız mənzillər var. Təcrübə göstərir ki, yanğınlar, qısaqapanmalar və ya subasmalar kimi sığorta hadisələri məhz daha çox kirayə verilən evlərdə baş verir. Nəticədə zərərin ödənilməsi prosesi məhkəmələrə qədər uzanır. Halbuki sığorta vasitəsilə bu problemi sivil və sürətli şəkildə həll etmək olar”.

“Yalnız sənədli evlərə tətbiq ikitirəlik yaradacaq”
Ekspert bildirdi ki, yeni icbari sığorta konsepsiyası hazırlanarkən bu reallıqlar mütləq nəzərə alınmalıdır. Mənzil istifadədədirsə, onun qazı, işığı, kommunal xətləri çəkilibsə və qeydiyyatı mövcuddursa, çıxarışın olub-olmamasından asılı olmayaraq, bu əmlak sığortalana bilməlidir: “Yalnız sənədli evlərə məcburiyyət tətbiq etmək ikitirəlik yaradacaq, mənzillərin yarısı sığortalı, qalan yarısı isə sığortasız qalacaq. Buna görə də, yeni konsepsiyada sırf sənədsiz evlərin sığortaya cəlb edilməsi və ya onların sənədləşdirilməsi prosesinin sürətləndirilməsi istiqamətində addımlar atılmalıdır. Bu hal həm sığorta şirkətlərinin fəaliyyətini genişləndirər, həm də vətəndaşların təhlükəsizliyini təmin edər. Sığorta haqqının yığılması isə vətəndaşların mütəmadi ödədiyi kommunal xərclərə inteqrasiya oluna bilər. Avtomobillərin icbari sığortası da ilk vaxtlar narazılıqla qarşılanmışdı. Lakin sonradan qəzalar zamanı dəymiş zərərin sığorta şirkətləri tərəfindən ödənildiyini görən sürücülər bu gün nəinki icbari, hətta könüllü sığortalara belə özləri müraciət edirlər. Daşınmaz əmlak sığortasında da məhz bu cür inamın formalaşması vacibdir”. ("Kaspi" qəzeti)
-
Nida Xəbər 16:36Azərbaycanın QHT nümayəndələri Nyu-York merinə etiraz etdilər
-
İqtisadi gündəm15:53Azərbaycanda dövlət qurumları nasaz avtomobilləri sığortalayırmış
-
Sosial15:30Azərbaycanda daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?
-
Nida Xəbər 15:23XİN-dən Nyu-York merinə cavab: Təhrikedici bəyanatınızı rədd edirik!
-
Ekologiya15:16İntensiv yağışlar qayıdır - Xəbərdarlıq
-
Sosial13:10Azərbaycanda iyunun 1-dən yeni qayda tətbiq edilir: Nə dəyişəcək?
-
Region12:44Erməni deputatdan revanşist açıqlama: "Mübarizə sona qədər davam edəcək"
-
Nida Xəbər 12:30Bakı bu ssenariyə də hazırdır, istənilən vaxt cavab zərbəsi endirilə bilər - Deputat





































