Nida Təhlil
Humanitar dəstək və tərəfsiz siyasət: Azərbaycan-Ukrayna münasibətlərində prioritetlər
Azərbaycan və Ukrayna arasında müxtəlif istiqamətlər üzrə dərinləşən əlaqələrdə humanitar sahə mühüm əhəmiyyət kəsb edir, xüsusilə rəsmi Bakının bu istiqamətdə həyata keçirdiyi işlər fonunda. Müharibə vəziyyətində olan Ukraynanın humanitar dəstəyə ehtiyacı var və bu, uzun illər eyni problemlərdən əziyyət çəkmiş Azərbaycana yad məsələ deyil. Bu baxımdan, Ukraynayaya hərtərəfli humanitar dəstək göstərən ölkələrin sırasında ilk yerləri Azərbaycan tutur.
Ukraynaya verilən humanitar dəstək bir neçə istiqamətdə həyata keçirilir.
2022-ci ildə müharibə başladıqdan dərhal sonra Azərbaycan Ukraynaya dərman və tibbi ləvazimatlarla yardım edib. Daha sonra humanitar yardımın miqyası genişləndirilib. Göstərilən yardımın ümumi məbləği 100 milyon dollardan artıqdır. Misal üçün, 2023-ci ildə 40 milyona yaxın, 2025-ci ildən 40 milyon, bu il ərzində isə 45 milyondan artıq olub. Bu məbləğlər həm birbaşa humanitar yardım, həm də yenidənqurma və enerji layihələrini əhatə edir.

Humanitar yüklər: 2022-2026-cı il ərzində ümumi çəkisi iki min tondan artıq olan 140-dan çox humanitar yük göndərilib. Bura tibbi ləvazimatlar, ərzaq məhsulları, elektrik generatorları və tranformatorlar daxildir.
Enerji sektoruna verilən dəstək: müharibə nəticəsində Ukraynanın enerji infrastrukturunun ciddi şəkildə zədələnməsi humanitar böhran vəziyyəti yaradıb. Bu böhran mülki insanlara, eləcə də xəstəxanaların fəaliyyətinə mənfi təsir göstərir. Azərbaycanın yardımları – generatorlar, tranformatorlar, kabellərin göndərilməsi Ukraynada bu böhranın qarşısının alınmasında mühüm töhfə verib.
- 2024-cü ilə qədər 51 transformator, 111 tranformator yarımstansiyası, 1585 ton enerji avadanlığı göndərilib.
- 2025-ci ildə 25 generator, 7 transformator və 90 min metr kabel göndərilib.
- 2026-cı ilin əvvəlində 11 generator, 5 transformator, 27 min metr kabel göndərilib.
Bununla yanaşı, müharibə dövründə SOCAR Ukraynada təcili tibbi yardım və fövqəladə xidmət göstərən avtomobilləri pulsuz yanacaqla təmin edib.
Yenidənqurma layihələrinin həyata keçirilməsi: bu dəstək Ukraynanın enerji infrastrukturundan tutmuş sosial infrastrukturunun qurulmasına qədər geniş sektoru əhatə edir. İprin şəhərinin yenidən qurulmasına verilən dəstək bunun ən real nümunələrindəndir. Azərbaycanın dəstəyi ilə şəhərdə məktəblər və tibbi müəssisələr də daxil olmaqla onlarla sosial obyekt bərpa olunub, yaxud yenidən inşa edilib.
Azərbaycanın Ukraynaya verdiyi humanitar dəstək arasında müharibədən əziyyət çəkən mülki insanlara yardımların edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müvəqqəti sığınacaq axtaran ukraynanlılara göstərilən yardımlar, sosial ehtiyaclarının qarşılanması, eyni zamanda, ukraynalı uşaqların reabilitasiyasının həyata keçirilməsi belə nümunələr arasındadır. İndiyə qədər yüzlərlə ukraynalı uşaq Azərbaycanda reabilitasiya prosesindən keçib. Reabilitasiya çərçivəsində uşaqlara tibbi və psixoloji dəstək verilir, xüsusi təhsil və sosial inteqrasiya, müharibə travmasının aradan qaldırılması istiqamətində müxtəlif proqramlar həyata keçirilir.

Azərbaycan Birinci Qarabağ müharibəsində ağrılı təcrübəni yaşamış ölkə kimi bu məsələyə xüsusi həssaslıqla yanaşır, çünki müharibənin ilk psixoloji travmasını uşaqlar yaşayır və onların bərpası ağır prosesdir. Ukraynadan olan uşaqlarla yanaşı, yaxın vaxtlarda tələbələrin də Azərbaycanda reabilitasiya proqramı keçiriləcək.
Azərbaycanın Ukraynaya humanitar yardımında iki istiqamət də xüsusi əhəmiyyətə malikdir.
Birincisi, minaların təımizlənməsidir.
İndiyə qədər Ukraynaya çoxsaylı mina təmizləmə avadanlıqları göndərilib. Bura bir neçə ədəd “Revival-P” tipli maşın, texniki qurğular, xüsusi nəqliyyat vasitələri və s. daxildir. Bununla yanaşı, azərbaycanlı mütəxəssislər Ukraynada minatəmizləmə prosesində iştirak edib. Bu sahədə geniş təcrübəyə malik olan Azərbaycan gələcəkdə də Ukraynaya mühüm töhfə verə bilər.

İkincisi, bərpa və quruculuq işlərinin həyata keçirilməsidir.
Müharibənin başlanmasından sonra Azərbaycan Ukraynada çoxsaylı sosial və enerji infrastrukturunun yenidən qurulması işini həyata keçirib. Bu, Ukraynaya göstərilən humanitar yardımın tərkib hissəsidir. Azərbaycanın bu sahədə böyük təcrübəsi var. İşğaldan azad olunmuş ərazilərimizdə qısa müddətə həyata keçirilən quruculuq və bərpa işləri bunun əyani nümunəsidir. Bu, gələcəkdə həyata keçiriləcək bərpa və quruculuq layihələrində Azərbaycanın öz təcrübəsi ilə Ukraynaya dəstək verə biləcəyini deməyə əsas verir.
Azərbaycanın Ukraynaya humanitar yardımı münaqişədən əziyyət çəkən regionlara və xalqlara dəstək siyasətinin tərkib hissəsidir. Uzun illər eyni problemlərdən əziyyət çəkmiş Azərbaycan müxtəlif ölkələrə bu istiqamətdə yardımlar edir. İrana ilk humanitar yardımın məhz Azərbaycanın etməsi də bunu göstərdi.
Azərbaycan-Ukrayna münasibətlərində humanitar sahə ilə yanaşı, iqtisadi və siyasi əlaqələr də önəmli yerə malikdir.
İqtisadi münasibətlərə Azərbaycanın Ukraynanın enerji sektoruna qoyduğu invetisiyalar, SOCAR-ın bu ölkədəki fəaliyyəti, eləcə də ikitərəfli ticarət əlaqələri daxildir. Siyasi əlaqələrə gəlincə, Azərbaycan milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursuna uyğun addımlar atır və həyata keçirdiyi siyasət heç vaxt üçüncü ölkələrə qarşı yönəlməyib.

Rəsmi Bakının Ukrayna müharibəsinə yanaşması da bu prinsiplərə əsaslanır.
Birincisi, ərazi bütövlüyü və suverenliyin toxunulmazlığı prinsipidir. Uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən Azərbaycan beynəlxalq hüququn təməl prinsiplərini prioritet olaraq görür və sülhdən yanadır. Rəsmi Bakı münaqişənin beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həll edilməsini dəstəkləyir.
İkincisi, Azərbaycan bu müharibənin tərəfi deyil. Rusiya-Ukrayna münaqişəsində hər-hansı formada iştirak etməyən Azərbaycan hərbi komponentlərdən tamamilə uzaqdır və problemin ikitərəfli dialoq çərçivəsində həll edilməsini istəyir.

Üçüncüsü, Bakı bərabərhüquqlu münasibətlərdən yanadır. Azərbaycan müharibə və münaqişə vəziyyətində olan ölkələrlə münasibətləri inkişaf etdirmək bacarına və təcrübəsinə malikdir. Azərbaycanın diplomatik münasibətlərə malik olmayan Rusiya və Gürcüstanla bərabərhüquqlu əlaqələri belə nümunələrdəndir. Rəsmi Bakının Moskva və Kiyevlə münasibətlərə yanaşması da bu prinsiplərə əsaslanır.
Dördüncüsü, rəsmi Bakı münaqişə tərəfləri üçün platforma rolunu oynaya bilər.
Azərbaycan regionda diplomatik platformadır. İndiyə qədər qlobal və regional problemlərin müzakirəsi Bakıda təşkil edilib. ABŞ-Rusiya, NATO-Rusiya müzakirələri, Türkiyə-İsrail, İsrail-Suriya dialoqların məhz paytaxtımızda keçirilib. Bakı Rusiya və Ukrayna münaqişəsinin həllində də əsas platforma ola bilər. Azərbaycanın həm təcrübəsi, həm münaqişədə tərəf olmaması, həm də münaqişə tərəfləri ilə bərabərhüquqlu münasibətləri buna zəmin yaradır.
Asif Nərimanlı
-
Yaxın Şərq17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış
-
Ekologiya17:07Zümürxan gölü zibilliyə çevrildi - Fotolar
-
Nida Xəbər 16:36Azərbaycanın QHT nümayəndələri Nyu-York merinə etiraz etdilər
-
İqtisadi gündəm15:53Azərbaycanda dövlət qurumları nasaz avtomobilləri sığortalayırmış
-
Sosial15:30Azərbaycanda daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?
-
Nida Xəbər 15:23XİN-dən Nyu-York merinə cavab: Təhrikedici bəyanatınızı rədd edirik!
-
Ekologiya15:16İntensiv yağışlar qayıdır - Xəbərdarlıq
-
Sosial13:10Azərbaycanda iyunun 1-dən yeni qayda tətbiq edilir: Nə dəyişəcək?





































