Bu mükafat İlham Əliyevin sülh siyasətinə verilən dəyərdir - Samir Vəliyev
Bizi izləyin

Sosial

Bu mükafat İlham Əliyevin sülh siyasətinə verilən dəyərdir - Samir Vəliyev

Bu mükafat İlham Əliyevin sülh siyasətinə verilən dəyərdir - Samir Vəliyev

“Azərbaycan Prezidenti İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi dövlətimizin başçısının sülhpərvər siyasətinə verilən yüksək dəyərdir. Bu mükafat, sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin parlaq ifadəsidir”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, “Sülh və Barışıq üçün Gernika mükafatı” Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyır. Gernika faciəsi, 26 aprel 1937-ci ildə İspaniyada vətəndaş müharibəsi zamanı faşist Almaniyasına məxsus "Kondor" legionunun təyyarələri tərəfindən Bask bölgəsindəki Gernika şəhərinin bombardman edilməsi nəticəsində baş verən dəhşətli qırğındır. Bu qırğın nəticəsində şəhər demək olar ki, tamamilə yerlə yeksan edilib, yüzlərlə mülki insan həlak olub. Bu hadisə müharibədə dinc əhaliyə qarşı törədilən ilk genişmiqyaslı hava hücumlarından biri kimi tarixə düşüb. 26 aprel tarixi hər il Gernika qurbanlarının anım günü kimi qeyd olunur.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində vurğulandığı kimi, Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır. Bu mükafat sülh naminə müstəsna xidmətləri olan şəxsiyyətlərə verilir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir.

30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq. 2025-ci ilin avqustunda Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb, eyni zamanda Birgə Bəyannamə imzalanıb. Bununla da, 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub. Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

“Şanlı Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq işləri və “Böyük Qayıdış” Proqramı hərbi qələbənin necə mülki tərəqqiyə çevrilməsinin ən bariz nümunəsidir. Azərbaycan dövləti sübut etdi ki, Zəfər yalnız müharibədə qalib gəlmək deyil, həm də sülh yaratmaq və gələcək nəsillər üçün sabitlik təmin etməkdədir. Bu mənada Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi böyük siyasi iradəni, ədalətli sülhü və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunu tərənnüm edir. Dövlətimizin başçısının diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Buna görə də, dünya ictimaiyyəti Prezident İlham Əliyevin təqdim etdiyi sülh gündəliyini birmənalı olaraq qəbul edir”, - deyə deputat vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm