Veysəloğlu Şirkətlər Qrupu Bakıda keçirilən beynəlxalq dayanıqlı biznes dialoqunda təmsil olunub
Bizi izləyin

Sosial

Veysəloğlu Şirkətlər Qrupu Bakıda keçirilən beynəlxalq dayanıqlı biznes dialoqunda təmsil olunub

Veysəloğlu Şirkətlər Qrupu Bakıda keçirilən beynəlxalq dayanıqlı biznes dialoqunda təmsil olunub

Veysəloğlu Şirkətlər Qrupu pərakəndə satış və distribusiya sektorlarında dayanıqlı inkişafın sürətləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüsləri və biznes üçün əsas prioritetləri Bakı İqlim Həftəsi 2026 çərçivəsində keçirilən “Bakı Dayanıqlı Biznes Assambleyası” tədbirində təqdim edib.

Bakı Konqres Mərkəzində keçirilən tədbir Baku Korporativ Davamlılıq Forumunun yekun liderlik dialoqu olmaqla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 2026-cı il Regional İqlim Həftəsinin rəsmi sessiyası kimi təşkil olunub.

Yüksək səviyyəli beynəlxalq və yerli nümayəndələrin iştirak etdiyi tədbirdə dövlət qurumları, biznes, maliyyə və neft-qaz sektoru, bankçılıq, investisiya və inkişaf təşkilatlarının rəhbər və yüksək vəzifəli nümayəndələri bir araya gəlib. Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, BMT Qlobal Sazişinin Azərbaycan üzrə nümayəndəsi Samir Məmmədov, Milli Məclisin deputatları, yerli və xarici media nümayəndələri iştirak ediblər.

Assambleyanın əsas məqsədi müxtəlif sektorlar üzrə aparılan dialoqların nəticələrini ümumiləşdirmək, biznesin qarşılaşdığı əsas çağırış və imkanları müəyyənləşdirmək, iqlim və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində özəl sektorun rolunu gücləndirmək olub.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunu tədbirdə Maliyyə və İnzibati İdarəetmə üzrə Qrup CEO-sunun müavini Könül Kərimova təmsil edib. O, “Sektoral dialoqdan milli və regional prioritetlərə” adlı müzakirədə pərakəndə satış və distribusiya sektorunun dayanıqlı inkişaf perspektivləri, KOB-ların inkişafı, texnologiya və insan kapitalı, eləcə də dövlət-biznes əməkdaşlığı barədə fikirlərini bölüşüb.

Könül Kərimova çıxışında pərakəndə sektorunun iqtisadi ekosistemdə xüsusi rolunu vurğulayıb. O, qeyd edib ki, pərakəndə satış bir tərəfdən istehsalçıları, təchizatçıları və geniş KOB ekosistemini bazarla birləşdirir, digər tərəfdən isə milyonlarla istehlakçı ilə birbaşa təmasda olur. Bu səbəbdən sektorda baş verən transformasiyanın təsiri həm bizneslərə, həm də istehlakçılara ötürülərək daha geniş iqtisadi və sosial təsir yaradır.

“Dayanıqlılığı biznesin gündəlik prioritetlərindən ayrı bir istiqamət kimi görmürük. Enerji və əməliyyat səmərəliliyi, texnologiyaların tətbiqi, KOB-ların inkişafı və insan kapitalına investisiya biznesi daha səmərəli və rəqabətqabiliyyətli etməklə yanaşı, onun dayanıqlılığına da xidmət edir. Yəni biznes prioritetləri ilə dayanıqlılıq gündəliyi bir çox hallarda eyni istiqamətdə hərəkət edir”, – deyə Könül Kərimova bildirib.

O, həmçinin vurğulayıb ki, bu transformasiyanın tam təsirini əldə etmək üçün ayrı-ayrı şirkətlərdən daha geniş ekosistem yanaşmasına ehtiyac var. KOB-ların bilik, texnologiya və maliyyə imkanlarının genişləndirilməsi, pərakəndə sektorunda bacarıqların və karyera imkanlarının inkişaf etdirilməsi, eləcə də dövlət, biznes və maliyyə institutları arasında praktiki əməkdaşlığın gücləndirilməsi həm sektorun rəqabət qabiliyyətinə, həm də daha dayanıqlı məşğulluq və sosial rifahın formalaşmasına töhfə verə bilər.

“Əsas məsələ bu əməkdaşlığı belə tədbirlərin hüdudlarından kənara çıxarıb praktiki təşəbbüslərə çevirməkdir”, – deyə Könül Kərimova əlavə edib.

Tədbirdə dayanıqlı inkişafın digər mühüm istiqaməti kimi insan kapitalının inkişafı da xüsusi diqqət mərkəzində olub. Pərakəndə satış və distribusiya sahələrində peşə ixtisaslarının inkişafına, əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılmasına və Azərbaycanda peşə təhsilinə marağın artırılmasına töhfə istiqamətlərində öncül nümunələrdən də danışılıb.

Tədbir sektorlararası dialoqun daha effektiv qurulması, müxtəlif sahələrdə tətbiq olunan qabaqcıl təcrübələrin bölüşülməsi və dayanıqlı inkişaf gündəliyinin formalaşdırılmasında bizneslərin fəal iştirakının vacibliyi ətrafında davam edib.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu 2025-ci ildən BMT Qlobal Sazişinin üzvüdür.

2026-cı ildə Qrup ilk Tərəqqi üzrə Kommunikasiya Hesabatını (Communication on Progress – CoP) hazırlayaraq BMT Qlobal Sazişinə uğurla təqdim edib. Hesabat şirkətin insan hüquqları, əmək prinsipləri, ətraf mühitin qorunması və korporativ idarəetmə istiqamətlərində həyata keçirdiyi fəaliyyətləri və əldə etdiyi irəliləyişləri əks etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm