İkinci dalğa, dəyərini itirən neft və SOCAR-ın strategiyası - Dünya yeni böhrana hazırlaşır?
Bizi izləyin

Təhlil

İkinci dalğa, dəyərini itirən neft və SOCAR-ın strategiyası - Dünya yeni böhrana hazırlaşır?

Dünya birjalarında neftin qiyməti günü-gündən ucuzlaşır.

Ekspertlər əvvəlki aylarda neftin qiymətinin aşağı düşməsinə əsas kimi ABŞ-Çin münasibətlərini göstərirdilər. Bəs, hazırda qiymətlərin dəyişməsinə təsir edən səbəb nədir? ABŞ-Çin münasibətləri yenə də aktualdır, yoxsa başqa faktorlar var?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban Publika.az-a bildirib ki, bazar iştirakçıları neftin qiymətinin azalmasına səbəb olan faktorları dünya iqtisadiyyatında ticari əlaqələrin artması yolunda əngəl olaraq gördükləri üçün bunu təşvişlə və risk olaraq vurğulayırlar: “Neftin qiyməti sentyabrın 1-dən öz dəyərini 10 faizə qədər itirib. Birinci faktor odur ki, Çin avqust ayı ilə bağlı öz statistikasını açıqlayıb. Məlum oldu ki, Çin iyul ayı ilə müqayisədə ortalama olaraq gündəlik neft idxalını 0,9 milyon barel azaldıb. Bu da belə bir təşvişə səbəb oldu. Əvvəllər neft ucuz olduğu zaman Çin kifayət qədər böyük həcmdə enerji idxal edib. Çinin postpandemiya dövrünü yaşaması və iqtisadiyyatını bərpa etməsinə baxmayaraq, hazırda bu ölkənin neftayırma zavodları üçün heç də əvvəlki həcmdə idxala ehtiyac yoxdur”.

Ekspert qeyd edib ki, Çin neft ehtiyatlarını dövlət sirri olaraq açıqlamır və buna görə də bazar iştirakçıları arasında bunun nə qədər davam edəcəyi ilə bağlı təşviş yaranıb: “Bu, bazar üçün kifayət qədər ciddi neqativ siqnaldır. Əlbəttə ki, digər faktor “Saudi Aramko”nun oktyabr ayından Asiyadakı, o cümlədən Qərbdəki alıcılar üçün endirimlər etməsidir. Əsasən də Asiya üçün hər barelində 1,4 dollar ümumi hərrac göstəricələrindən aşağı qiymət təklif edilməsi bazara da təsir edir. Bu da nəticədə bazara daha çox neft çıxarmaq arzusunun yaranacağı ilə bağlı şübhələr ortaya qoyur. Beləliklə, tələb və təklif arasında yaranan balans pozulur. Nəticədə yay aylarında əldə edilən 40-45 dollarlıq qiymətdən fərqliliklər müşahidə oluna bilər”.

Əksər beynəlxalq qurumlar pandemiyanın ikinci dalğasının olacağı və hətta dünya iqtisadiyyatındakı itkilərin 35 trilyon dollaradək artacağı barədə açıqlamalar verirlər.

Bəs, pandemiya genişlənəcəyi halda dünyada yeni böhran yaşana bilərmi?

İ.Şaban hesab edir ki, 30-cu illərin böhranından sonra (“Böyük böhran”, 1935-ci ildə neft 0,97 dollar, indiki dəyəri ilə təxminən 16.50 dollara qədər ucuzlaşmışdı - red.) bu səpkidə bir böhranla hələ ki, üzləşmirik: “Avropa iki rüb ard-arda neqativ göstəricilər ortaya qoyur. Bir çox Avropa ölkələri bütün dünya üzrə ən böyük istehlak bazarıdır. Enerji daşıyıcıları - neft, neft məhsulları və təbii qaz üzrə dünyada ikinci belə bir bazar yoxdur ki, neft ekvivalentində bu qədər enerji istehlak etsin. İkinci bir tərəfdən İspaniya, Fransa, Almaniya kimi aparıcı ölkələr pandemiya ilə əlaqədar sərt tədbirlər görməyə başlayıblar. Bütün bunlar isə ona dəlalət edir ki, sürətlə enerjiyə tələbatın yaranması və bazarın bərpa olunması fikirləri praktikada özünü doğrultmayacaq. Çünki hələ də ölkələr arasında əlaqələr açılmayıb və yaxud da limitlənmiş rejimdədir. Qiymətlərin isə birinci rübdəki enerji sərfiyyatına nə zaman çıxacağı bəlli deyil”.

Maraqlıdır, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ekspertlərin proqnozlaşdırdığı ikinci dalğaya necə hazırlaşır?

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, şirkətin əsas hədəfi OPEC+ razılaşması çərçivəsində hasilatın məhdudlaşdırılmasına riayət etməkdir: “Həmçinin, bazar tələbatına uyğun olaraq bəzi emal məhsullarının çeşidlərinin müddəti dəyişdirilir. Bu cür tədbirlər gündəmdədir. Məsələn, biz aviasiya yanacağına tələbat olduqca aşağı olduğu üçün istehsalı azaltmışıq. Yəqin ki, bu cür də davam edəcəyik. Təyyarə yanacağına olan tələbat çox güman ki, yaxın zamanda bərpa olunmayacaq. Ancaq bölgədə neft emalı zavodları çox olmadığına görə Türkiyəni dizellə təchiz edən əsas zavodlardan biri bizim zavoddur. Ora böyük miqdarda məhsul idxal olunur. Ona görə də dizel məhsullarımızın alıcıları qarşıdakı aylarda da olacaq. Vəziyyət may, iyun aylarında olduğu kimidir. Aprel ayında olan vəziyyət düşünmürəm ki, bir daha təkrarlansın. Təkrarlansa belə, OPEC+ ölkələri bazarın balanslaşdırılması üçün müəyyən tədbirlər görəcəklər. Azərbaycan da orada iştirak edir”.

Neft qiymətlərinin aşağı düşməsi fonunda SOCAR-ın öz strategiyasında hansısa dəyişikliklər edib-etmədiyinə gəlincə, İbrahim Əhmədov bildirib ki, layihə hazırlanır və bu, 2035-ci ilə qədər şirkətin davamlı inkişafını nəzərdə tutur: “Layihə marketinq şirkəti ilə birlikdə hazırlanıb. Onun təfərrüatları, yəni strategiyanın yekun vəziyyəti ilə bağlı hökumətlə məşvərətlər aparılıb. Amma yekun olaraq dövlətə yenidən təqdim ediləcək, sonra isə ictimaiyyətə açıqlanacaq. Burada bəzi məsələlər yeganə və əsas səhmdarımız olan dövlət tərəfindən də təsdiqlənməlidir”.

İ.Əhmədov təbii qazla bağlı da məsələyə aydınlıq gətirib.

O bildirib ki, ötən il də, bu il də təbii qaz tarifi minimuma enib: “Lakin biz ərəb bazarından yeni bazara – Avropaya çıxmağa hazırlaşırıq. Düşünürük ki, orada da hazırkı şərtlər uzunmüddətli olaraq öz rentabelliyini qoruyub saxlayacaq. Türkiyə bazarının öz enerji təchizatı hədəfini şaxələndirməsinə baxmayaraq, bu ölkədə mövqelərimiz güclənməkdədir. Qazın qiyməti uzun müddət eyni səviyyədə qala bilməz. Bu bazar zaman keçdikcə tarazlaşdırılacaq. Çünki qiymət aşağı düşdükcə, istehsalçılar və tədricən investisiyalar azalır, bundan sonra isə qiymətlər qalxır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm