“Ədəbi torpaqlarımızın səksən faizi işğal olunub”- Müsahibə
Bizi izləyin

Yazarlar

“Ədəbi torpaqlarımızın səksən faizi işğal olunub”- Müsahibə

Publika.az yazıçı Vaqif Nəsiblə müsahibəni təqdim edir

- Vaqif müəllim, bu il 75 yaşınız tamam oldu. Ömrünüzün əlli ildən çoxunu ədəbiyyata həsr etmisiniz. Peşman deyilsiniz ki?

- Siz əlli il dediniz, əlli ildən də bir az çox olar. Bu, artıq mənim qanıma keçib. Yox, peşman deyiləm. Şair, yazıçı sonuncu sözünü yazıb nöqtəni qoyandan sonra qələmi onun məzar daşına çevrilir.

- Çox məhsuldar yazıçısınız, xeyli sayda povest və romanlarınız var. Müsahibələrinizdən birində demişdiniz ki, iyirmi ildir nəsr kitabınız çıxmır. Əsərlərinizin taleyindən narahatlıq hissi keçirmirsiniz?

- Bu iyirmi il ərzində cəmi bircə şeir kitabım çıxıb, “Lalların əli danışır”. O kitab da keçən il xeyirxah insan, tanınmış alim Elçin İsgəndərzadənin köməkliyi ilə çap olundu, o, bu kitabı mənə hədiyyə elədi. Sağ olsun. Mən əsasən yazmağa üstünlük verirəm, inanıram ki, yazdıqlarım nə vaxtsa çap olunacaq, öz oxucusunu tapacaq. Bir dəfə rəhmətlik Əli Kərimlə Göyçayda bir görüşə getmişdik, Fikrət Qocanın da yenicə məşhurlaşan vaxtları idi, o da bizimlə idi. Fikrət Qoca şeirlərini oxudu, sonra söz Əli Kərimə verildi, Əli Kərim dedi ki, yazıçı, şair oturub yazanda yüngülləşir, ədəbiyyat onda yaranır, mən indi şeir oxumayacam, istəsəniz, lap qol götürüb oynayaram. İndi onun sözü olmasın, mən yazmaqla təskinlik tapıram. Təxminən yüz səksən çap vərəqi həcmində çap olunmamış mətnlərim var, buna görə də darılmıram. Sonuncu nəsr kitabım keçən əsrdə çıxıb, dörd romanım bir neçə il bundan əvvəl müxtəlif vaxtlarda “Azərbaycan” jurnalında dərc olunub, onların heç biri heç bir kitabıma düşməyib, nə qədər şeirlərim, poemalarım var ki, kitab halında çap olunmayıb. Yazmışam, qalıb da, ürəyimi boşaltmışam. Yəqin ki, nə vaxtsa çap olunar.

- Bir müddət bundan əvvəl AYO sizin kitabınızın nəşriylə bağlı ictimaiyyətə müraciət etmişdi, kampaniyaya başlamışdılar. O müraciətdə qeyd olunurdu ki, biz bu qiymətli yazıçımızın əsərlərinin çapını qarşımıza məqsəd qoymuşuq, Vaqif Nəsibin romanlarının nəşri üçün yardımlarımızı əsirgəməyək. O müraciətdən, yəqin, xəbəriniz vardı. Reaksiyalar necə oldu?

- O müraciət yayılandan sonra mənə bir nəfər zəng elədi ki, sən yəni bu günə düşmüsən ki, özünə oxucu dilənirsən? Ondan sonra mən də onlara zəng elədim ki, o kampaniyanı dayandırın, istəmirəm. O cür çap olunmaqdansa, çap olunmamaq daha şərəflidir. Bir dəfə məni bir mağaza müdirinin yanına göndərmişdilər ki, ayaqqabı versin. O vaxt xarici ayaqqabılar tapılmırdı. Üç-dörd dəfə getdim-gəldim, gördüm məni get-gələ salır, dedim bu cür ayaqqabı geyməkdənsə, ayağıyalın gəzmək daha şərəflidir. Mən heç vaxt minnətlə görülən işi qəbul etməmişəm. Mənim öz haqqım olan bir şeyin mənə sədəqə kimi verilməsini heç vaxt qəbul etmərəm.

- 75 illiyinizlə bağlı hansısa bir tədbir keçirildimi?

- Azərbaycan televiziyası, ümumiyyətlə, məni yaxın buraxmır. Yubileyimlə bağlı televiziyanın şöbə müdiri Sadıq Elcanlıya zəng vurdum ki, imkan yaradın, mən də “Ovqat” verilişinə çıxım. Dedi ki, Vaqif müəllim, bu, birbaşa rəhbərlikdən asılıdır, o işlə sədr özü məşğul olur. Anar müəllimə deyin, məktub yazsın. Bu, nə məntiqdir? Televiziyaya çıxmaq üçün mən niyə Anardan məktub almalıyam? Mən 1991-ci ildə Yazıçılar Birliyinin qurultayında üzvlük vəsiqəmi atıb çıxmışam. Mənim bu boyda yaradıcılığım var, siz ömrünü ədəbiyyata həsr etmiş bir yazıçıya beləmi hörmət edirsiniz? Bu, nə iyrənc qaydadır? Rəhmətlik Əli Kərim ölümündən bir az əvvəl deyirdi ki, gedər bir gün bu çirkinlik, bizə də qalmaz.

- Vaqif müəllim, bu gün niyə ədəbiyyat niyə oxunmur?

- Bilirsən, indi ədəbiyyat sözün əsl mənasında tənəzzülə uğrayıb. Meyarlar itib, kim ağzına nə gəldi yazır, çap etdirir. O vaxtlar Yazıçılar Birliyinin ədəbi orqanlarında çap olunmaq hünər idi, bir hekayə ilə, bir şeirlə məşhurlaşırdın. Hər yazını, hər şeiri də çap etmirdilər. Mehdi Hüseyn kimi ədəbiyyatın təəssübünü çəkən, istedadsızlar axınının qarşısına sinəsini verən yazıçılar var idi. Nadir hallarda zəif əsər çap oluna bilərdi, o da kiminsə yerlibazlığına görə belə hal baş verirdi. Mərkəzi Komitənin nomenklaturası ədəbiyyata ciddi nəzarət edirdi, əgər o zəif əsər çap olunurdusa, demək, kiminsə oralarda “dayı”sı vardı. Aşıq Pənah Yazıçılar İttifaqına üzv olmaq istəyirdi, hamı əleyhinə idi. Deyirdilər ki, guya, onun şeirlərini özü yox, başqası yazır. Rəhmətlik Süleyman Rüstəm, bilirsiniz, baməzə adam idi, dedi ki, bunu bir otağa salaq, bir mövzu verək, görək yaza biləcəkmi? İndi deyirlər Yazıçılar Birliyinə müxtəlif vaxtlarda Səməd Vurğun, Mehdi Hüseyn rəhbərlik ediblər və öz yerlilərini ədəbiyyata gətiriblər. Bu, kökündən yanlış bir fikirdir. Qazaxdan çıxmış yazıçılarımızdan, şairlərimizdən Hüseyn Arif, İsa Hüseynov, İsmayıl Şıxlı, Nəriman Həsənzadə, Vidadi Babanlı, onlar öz zəhmətləriylə, istedadıyla, iynəylə gor qaza-qaza ədəbiyyatda ad-san qazanıblar. Onları heç kim ədəbiyyata gətirməyib. Qarabağdan çoxlu xanəndələr çıxıb, bu məntiqlə yanaşsaq, onda deyək ki, bunların hamısını Xan Şuşinski sənətə gətirib. O vaxt böyük məsuliyyət hissi var idi, indi bu yoxdu. Kimin pulu varsa, harda istəsə çap oluna bilər, lap beş cildliyini çap etdirə bilər. Amma bu kitabların böyük əksəriyyəti ədəbi meyarlara cavab vermir. Oxucunu ədəbiyyatdan uzaqlaşdıran da bu qatmaqarışıqlıqdır, oxucu ədəbiyyatdan iyrənib. Yusif Səmədoğlu o vaxt “Qətl günü” əsərini yazdı, bu əsər ədəbi hadisəyə çevrildi, hamı da oxudu. İndi belə əsərlər yaranmır axı. Yazıçılar Birliyində oturanlar da ancaq öz əsərlərini çap etdirirlər, özlərinin təbliğiylə məşğuldurlar. Ədəbiyyatın mətbəxi indi üfunət qoxuyur.

- “Azərbaycan” jurnalıyla bağlı son vaxtlar xeyli narazılıqlar oldu, əsas iradlardan biri də buydu ki, jurnal köhnə estetika ilə çıxır, bugünkü ədəbi prosesin mənzərəsi o jurnalda görünmür. Siz bu haqda nə düşünürsünüz?

- Mən həmişə “Azərbaycan” jurnalında çap olunmuşam, bir dəfə əsərimi aparmışdım, dedilər bu, nə üzlə bura gəlir? Mən əsərimin üzüylə getmişdim. Amma bir şeyi də deyim. “Azərbaycan” jurnalının çox ağır bir dövrü vardı, jurnal çox çətinliklə çap olunurdu, həmin dövrdə İntiqam Qasımzadə bu jurnalı yaşatdı. Onun indiki fəaliyyəti haqda bir söz deyə bilmərəm. Çünki özüm də çoxdandı orda çap olunmuram. Mən bir roman yazmışam, “Sənsizlik, Mənsizlik, Onsuzluq”. Bu əsərimi indiyə qədər yazdıqlarımın bir lokomotivi hesab edirəm. Həmin əsərimi jurnala təqdim eləmək istəyirəm. İndi görək çap edəcəklərmi?

- Siz sovet dövründə də yaşamısınız. O zaman yazıçılıq maddi qazanc gətirirdi, yazıçılara kitablarına görə yüksək qonorar verilirdi. İndi bu imtiyazlar yoxdur, ədəbiyyat qazanc gətirmir. İndi ədəbiyyatla məşğul olmaq fədakarlıq tələb edir. Ağsaqqal yazıçı kimi gənc yazarlara nə tövsiyyə edərdiniz? İçində ədəbiyyat yanğısı olan, amma maddiyyatla üz-üzə qalmış gənc yazıçı neyləməlidir?

-Yazıçılar Birliyi yazıçıların taleyilə məşğul olmalıdır, çıxış yolları axtarmalıdır. Qonşu Gürcüstanın iqtisadi durumu bizimkindən yaxşı deyil, amma Gürcüstanın Yazıçılar Birliyi öz üzvlərinin hər birinə müəyyən miqdarda maddi dəstək göstərirlər. Amma bizim Yazıçılar Birliyinin başbilənləri nəinki özləri, hətta ailə üzvləri də prezident təqaüdü alır, amma nə qədər imkansız, istedadlı gənclər kənarda qalır. Evsiz-eşiksiz, küçədə qalmış yazıçılar var. Bunların taleyilə kim maraqlanmalıdır? Bu təqaüdü ədəbiyyata dəxli olmayan adamlar alır. Təsəvvür edin, boynundan xaç asmış Rusiya vətəndaşı Alla Axundova bu təqaüdü alır. Xeyrəddin Qoca, Ramiq Muxtar kimi ədəbiyyatda heç bir xidməti olmayan təsadüfi adamlar təqaüd alır. Bu, bilirsinizmi nə deməkdi? Əgər torpaqlarımızın iyirmi faizi işğal olunubsa, ədəbi torpaqlarımızın səksən faizi işğal olunub. Anardan soruşanda ki, bunlar hansı xidmətlərinə görə təqaüd siyahısına düşüblər, deyir mənim başımın üstündən iş həll edirlər. Əgər belədisə, onda sən orda niyə oturmusan? Ədəbi ictimaiyyət neçə illərdi bu ədalətsizliyə necə dözür? Bəs ağzına çullu dovşan sığışmayan tənqidçilər hardadır? Bəzi adını tənqidçi qoymuş tərifçilər vəzifəli adamların yazdırdıqları mənasız əsərləri tərifləməklə məşğuldurlar. Sovet dövründə Leninin ədəbiyyat haqda biədəb tərifini əldə dəstavuz etmişdilər. Lenin deyirdi ki, ədəbiyyat partiya işinin mühüm bir hissəsi, hərəkət verən qüvvəsi, təkərciyi və vintciyi olmalıdır. Ədəbiyyat təbliğatın bir hissəsi olmuşdu. Necə ki, pullu adamlar kefinin yaxşı vaxtında “rəqqasələr gəlsin” deyə əmr edirlər, şairə də o cür yanaşırdılar. Şeirin bir misrasına iki rubl qonorar yazılırdı, bir sanballı kitabın qonorarıyla yazıçı bir neçə il dolana bilərdi. İndi yazıçını dilənçi vəziyyətinə salıblar. Dilənçinin sənəti dilənməkdi, amma yazıçı dilənməməlidir axı. Yazıçı dilənirsə, bu, bir millət üçün utanc gətirən bir haldır. Xalqı, milləti ədəbiyyat formalaşdırır. İndi yazıçı ürəyinin qanıyla əsər yazır, pul verib bunu çap etdirir və üstəlik, özündən qat-qat ləyaqətsiz adamların qarşısında boynunu büküb kitabını satır. Təsəvvür edirsinizmi? Mən gənc yazıçılara onu deyə bilərəm ki, qətiyyən həvəsdən düşməsinlər, baxsınlar özlərindən böyük “qoçu qardaşları” Vaqif Nəsibə, dözsünlər. Əgər ədəbiyyat eşqi, yazmaq eşqi qanlarındadısa, heç nəyə baxmadan yazsınlar. Mənim Əlisəmid Kürə həsr etdiyim bir şeir var, yazmışam ki, “nə istəyir bizdən bu suda köpək balıqları, quruda köpək oğulları?” Onların qarşısında həmişə suda köpək balıqları da olacaq, quruda köpək oğulları da olacaq. Heç nəyə baxmadan yollarına davam etsinlər.

Kənan Hacı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm