Digər
Ermənini 15 saniyəyə nokauta salan azərbaycanlı - FOTOLAR
Eduard Məmmədov - “Ağ canavar” ləqəbi ilə tanınır. 35 yaşında olmasına baxmayaraq, idmançı karyerasını davam etdirir. O, bu gün də əldə etdiyi uğurları xalqına, vətəninə həsr edir.
Publika.Az "II taym" layihəsi
çərçivəsində dünyanın ən titullu kikboksçusu haqqında məlumat
verəcək.
Bir kikboksçunun əldə edəcəyi bütün uğurları qazanan Eduard, həm də
polis mayorudur. Uşaqlıqdan istəyi vətəninə layiqli övlad olmaq
olub.
3 universitet bitirən idmançı
“1978-ci ilin 2 yanvarında Bakıda doğulmuşam. Uşaq vaxtlarımdan
idmana daima marağım olub. Üzgüçülük, futbol, yüngül atletika kimi
idmanlarla məşğul olmuşam. Amma həmişə əlbəyaxa döyüş növünə böyük
marağım olub. Buna səbəb də Jan Klod Van Dammın, Brus Linin
kinoları idi. Onlara baxıb fikirləşirdim ki, görəsən, mən də nə
vaxtsa, belə idmançı ola biləcəm? Sonralar başa düşürdüm ki, bunlar
hamısı aktyorlardır.
İndi tələbələrimə də deyirəm ki, bizim öz çempionlarımız var.
Olimpiya, Avropa, dünya çempionları – bunlara baxıb örnək almaq
lazımdır. Biz gəncliyimizdə bunlardan xəbərsiz idik. Sadəcə,
kinolarda görmüşdük. Müstəqil Azərbaycan dövləti yaranandan sonra
öz idmançılarımız böyük uğurlara imza atmağa başladı.
Mən çox vətənpərvər olduğum üçün məktəbi bitirən kimi əsgərliyə
getdim. İdmançı olduğum üçün əsgərliyimi Ordu İdman Klubuna
saldılar (1996-1999). Orada 3 il yarım əsgərlik çəkdim.
3 universitet bitirmişəm. İlk olaraq İdman Akademiyası, Polis
Akademiyası (1999), sonra da Polis Akademiyasının İdarəetmə və
İxtisas artırma fakültəsini bitirmişəm. Ona görə də tələbələrimi
savadlı olmağa çağırıram. Rinqdə bu çox lazım olur. Ürəkli
olmalısan, çünki rəqibdən qorxmalı deyilsən, özünü üstün
görməlisən.
Hazırda Daxili İşlər Nazirliyində işləyirəm. Rütbəm mayordur. İndi
işimlə bağlı çox açıqlama verə bilmərəm. Amma mənim üçün çox
qürurlu işdir ki, idmandan başqa Azərbaycan gəncliyinə, xalqına
xidmət göstərə bilirəm.
Onu da bildirim ki, illədir “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin
idmançısıyam. Hazırda orada məşqçiyəm. Sağ olsun, Sadıq Sadıqov
orada biz idmançılara böyük diqqət göstərir. Adımı anam qoyub. Mənə
həmişə deyirdi sən tanınmış biri olacaqsan. Oldum da. Amma anam heç
vaxt mənim döyüşlərimə baxmır. Qalib gələndə zəng edirəm ki, uddum.
Sevinci yerə-göyə sığmır. Ləqəbimi isə Çingiz müəllim qoyub”.
“Kikboksa gəlməyim belə oldu…”
“15 yaşımda (1993-cü ildə) Çingiz Eyvazovla tanış oldum. O məndəki
potensialı gördü və mənə kikboksla məşğul olmağı məsləhət gördü.
Mənə “sən dünya çempionu olacaqsan” dedi. Düzdür, o zaman güldüm
ki, mən hara, dünya çempionatı hara? Buna baxmayaraq, inandım və bu
idman növü ilə məşğul olmağa başladım.
Beynəlxalq arenada ilk medalı 1997-ci ildə Moskvada keçirilən dünya
çempionatında 3-cü yerə çıxmaqla qazanmışam. Ondan sonra qarşıma
məqsəd qoydum ki, dünya çempionu olmalıyam. İlk dəfə 2000-ci ildə
Yunanıstanın Tesalonik şəhərində dünya çempionu oldum. Yarımfinalda
erməni ilə qarşılaşdım və 15 saniyəyə nakaut etdim. Hətta bir
epizodu xatırlayıram; erməni məşqçi yerdə uzanan rəqibimin üstünə
qışqırdı ki, dur, vuruş! Kikboksçu öz müəlliminə dedi ki,
bacarırsan çıx, özün döyüş, mən qalxa bilmirəm.
Mən isə 3 rəngli bayrağımızı götürüb, erməni idmançısının üstündə
duraraq, göyə qaldırdım. Bu jestlə göstərmək istədim ki, biz hər
zaman onlardan üstün olmuşuq; həm idmanda, həm də digər
sahələrdə.
Ümumiyyətlə, indinin özündə də yarışlara mənim çəkimdə həmişə
erməni idmançısı gətirirlər ki, məni məğlub etsin. Uda bilməsə də,
heç olmasa, əzsin. Bilirsiniz ki, dünyanın ən titullu
kikboksçusuyam.
“Ən böyük güc ağıldır”
Düzdür, kikboks ən çətin idman növlərindəndir. Zədələr çox olur.
Özüm dəflərlə zədə almışam. Amma bədən döyülməyə öyrəşir.
Döyüldükcə bərkiyir.
Amma tək güclü olmaqla da iş bitmir. Gərək ağıl işlədəsən. Rinqdə
kim ağıllıdır, o da qələbə qazanır.
Yeganə idmançıyam ki, rinqə çıxanda gülə-gülə çıxıram. İdmançı var
ki, istəyir üz cizgiləri ilə rəqibi qorxutsun. Mənim gülümsəməyimi
görən rəqiblər istər-istəməz psixoloji cəhətdən çətinliyə düşürlər.
Düşünürlər ki, gör mən nə qədər özümə arxayınam, özümü belə sərbəst
aparıram. Məni hər zaman döyüşdə yalnız qələbə düşündürüb ki,
bayrağımızı ucaldım, himnimizi səsləndirim, ölkəmizi tanıdım”.
İdmandakı uğurları
“İdmançı olaraq, çox çətin yol keçmişəm. 35 yaşımın olmasına
baxmayaraq, hələ də döyüşməyə gücüm var.
Elə federasiya yaranan ildə, yəni 1995-ci ildə ilk dəfə Azərbaycan
çempionatı keçirildi. Gənc olmağıma baxmayaraq, böyüklər arasında
çempion oldum.
O vaxtdan bu günə kimi mən 15 qat Azərbaycan
çempionuyam, dəfələrlə Asiya və Avrasiya çempionu (WAKO, World
Profi and IAKSA), dəfələrlə peşəkar turnirlərin qalibi (WAKO, World
Profi and IAKSA), 17 qat dünya çempionu, 5 qat Avropa çempionu,
5-qat 3-cü yer sahibi (dünya) (WAKO, World Profi and IAKSA)
olmuşam. Hazırda İKBO versiyası üzrə peşəkarlar arasında dünya
çempionu olmuşam. (2012-Bakı), WAKO versiyası üzrə dünya kubokunun
sahibiyəm. 1999-cu ildə isə əməkdar idman ustası adını almışam.
Bunlardan əlavə 5 mart, 2013-cü ildə Azərbaycan Respublikasının
əməkdar məşqçisi adına layiq görülmüşəm.
Bəzi insanlar idmandan uzaqlaşandan sonra məşqçi karyerasına
başlayır. Amma mən həm idmançı kimi, həm də məşqçi kimi
fəaliyyətimi davam etdirirəm.
- Bəs həm uğurlu idmançı, həm yaxşı məşqçi olmaq,
həm də dövlət işində işləmək sizin üçün çətin deyil?
- Əlbəttə, çətindir. Amma həmişə demişəm ki, biz yetişdirməliyik.
Bildiklərimi gənclərlə bölüşməliyəm.
Öz tələbələrimdən tək idman tələb etmirəm. Onlara deyirəm ki,
idmanla yanaşı, dərslərinə də mütləq fikir versinlər. Mən özüm
idmançı karyeramdan əlavə 3 universitet bitirmişəm.
Bundan əlavə, həmişə tələbələrimə başa salıram ki, siz gələcəyin
əsgərlərisiz, bizim 20 faiz torpaqlarımız işğal altındadır. Hər an
hazır olmalıyıq ki, o torpaqları geri qaytaraq.
Vətənə sevgi deyəndə, sən bilməlisən ki, nəyə görə döyüşürsən.
“Qalib gəldim, çempionam, qızıl medal məndədirsə, ən güclüsü mənəm”
– bu cür düşünməli deyilsən. Ancaq ölkəni, vətənini tanıtdırmağı
düşünməlisən. Bütün dünyaya göstərməlisən ki, belə bir ölkə var,
belə bir idmançılar var”.
“Məqsədimiz”
“Bu idman növü 1970-ci ildə Amerikada yaradılıb . Hamımıza yaxşı
tanış olan Çak Horris və Don Vilson Drakon tərəfindən. Kik ayaq,
boks isə əl zərbəsidir. O biri idman növlərindən onunla fərqlənir
ki, burada tam kontakt var. Amma 1995-ci ildə Azərbaycanda Kikboks
Federasiyası yaradılıb. Federasiyanın prezidenti, millət vəkilimiz
Adil Əliyevdir. Vitse-prezident Güloğlan Cabbarov, yığma komandanın
rəisi isə Sadıq Bağırovdur, yığma komandanın baş məşqçisi Ehram
Məcidovdur. Bu insanların rəhbərliyi altında federasiyamız
fəaliyyət göstərir və uğurlu nəticələr əldə edir.
Bizim federasiyamızın məqsədi narkomaniyaya qarşı olmaqdır. İdman
öz yerində, hədəfimiz gələcəyin sağlam əsgərini
yetişdirməkdir”.
“Vətən Uğrunda” orden
“Bütün medallarım mənə əzizdir. Amma ən əziz mükafatım cənab
prezidentimizin 2007-ci ildə verdiyi “Vətən Uğrunda” ordendir. Bu
orden hər adama qismət olmur. Mən həmişə vətənim üçün çalışmışam,
tələbələrimi də bu ruhda yetişdirirəm”.
- Hakimin qərəzli qərarı ilə
qarşılaşmısız?
- Əlbəttə, olub. Üstün olduğum halda qələbəni rəqibə veriblər. Amma
bu məni ruhdan salmayıb. Növbəti görüşlərə daha da güclü
hazırlaşmışam.
- Bu qədər uğurlar qazanmış birinin karyerasına
inanmıram ki, paxıllıq edənlər olmasın. Heç eşidirsiniz ki,
haqqınızda artıq-əskik söhbətlər edirlər?
- Əlbəttə. Mənim üçün çox şərəflidir ki, xalqım məni
qiymətləndirir, tanıyır, yaxınlaşır əl sıxışır. Amma hər bir
siferada belə paxıllar var. Haqqımda “o neçə il bir çəkidə qalıb”
kimi paxıl fikirlər bildirirlər.
Stabil idmançıyamsa, bir çəkidə qalıram, mütəmadi məşq edirəm,
çəkim artmırsa, nə edə bilərəm?.. Elə insanları qınamıram. Çünki
onların danışmağa mövzusu yoxdur, sadəcə qeybət edirlər.
Belə sözlərə də fikir vermirəm. Sözü çatdıran olanda da deyirəm o
insan mənə maraqlı deyil. Onsuz da, hər kəs görür necəyəm.
- Deyirlər ki, Eduard özündən razıdır…
- Elədir, çox eşitmişəm. Danışırlar ki, Eduard saymır, salam
vermir. Dedim, vallah, mənə balaca uşaq da, böyük də salam verəndə,
aleykum salam deyirəm. Bunlar sadəcə boşluqdan deyilən fikirlərdir.
Bilmirlər axı nə etsinlər?! Belələrinə sadəcə əhəmiyyət verməmək
lazımdır.
Sənin arxanca danışırlarsa, demək sən onlardan yüksəkdəsən.
- Ailəlisiniz?
- Bəli, ailəliyəm. Əkiz övladım var. 2 yaş 2 aylıq. Biri qız, biri oğlan. Oğlumun adını Raul qoymuşam. Onun adının mənası mənim ləqəbimdən qaynaqlanır. Bilirsiniz ki, mən “ağ canavar” ləqəbi il tanınıram. Raul adı uşaqlıqdan ən sevdiyim ad olub. İspaniyadan gəlmə addır. Raulun mənası “canavarın dostu” deməkdir. Mən o adı qoyarkən düşündüm ki, neçə illərdir canavaram, oğlum da mənim dostum olsun (gülür).
Qızımın adı isə Belgizdir. Ərəb adıdır, mənası
şahzadə deməkdir. Öz övladlarımdan çox razıyam, çox
şuluqdurlar.
Bilirəm indi sual verəcəksiz ki, istərdinizmi yolunuzu davam
etdirsinlər?! Artıq məşğul olurlar. Hələ Raul 6 aylıq olanda
əlcəkləri onun əlinə taxdım. Elə bil ki, boks göstərir, üzümə
gülürdü. Hazırda 2 yaş 2 aylığındadır. Məşqlərə aparıram. Daha çox
onun yaxşı futbolçu olmasını istəyirəm. Ürəyimdən keçir ki, atası
kimi kikboksçu da olsa, yaxşı olar. Amma qızımın gimnast olmasını
istəyərdim. Düzdür ki, kikboksçu qızlarımız da az deyil. Amma
istəmirəm əziyyət çəksin.
Ondan arxayınam ki, övladlarım peşəkar olmasa da, sağlamlıqları
üçün idmanla məşğul olacaqlar.
- Üzdə olan bir bəy, idmançı, məşhur… Bu
xüsusiyyətlər adətən gənc xanımların diqqətini çəkir. Tanışlıq
mesajları alırsınızmı?
- Əlbəttə. Olub ki, “facebook”da da yazırlar, nömrəmı də tapıb
mesaj atırlar. Amma hamısı bilir ki, evliyəm. Hər birinə deyirəm
ki, dost kimi köməyim dəyərsə, buyurun. Məsələn kimsə idmana gəlmək
istəyirsə, məşğul olmaq istəyirsə, tövsiyələrimi verərəm.
Əvvəlcədən başa salıram ki, dostluq etmək istəyirsinizsə, dostluğu
bacaran biriyəm. Fərqi yoxdur, oğlan, ya qız.
- Davakarsız? Küçədə qol gücünüzdən istifadə
etmisiniz?
- Uşaq vaxtı çox davakar olmuşam. Ancaq idmana gəldikdən sonra
sakitləşmişəm. Başa düşdüm ki, küçədə dalaşmaq olmaz. Həm də indi o
yaşım deyil. Uşaqkən dalaşmağım həmişə dostlarıma görə olub. Amma
təcrübə yığdıqca, uğur əldə etdikcə, anladım ki, dillə də adamı
başa salmaq olar. İndi də ki, şükür, hamı tanıyır. Düzdür, olur
hərdən başa düşmür kimsə, amma yenə də başa salmağa çalışıram və
biləndən sonra ki, mən kiməm, əlbəttə, deyirlər ki, çox sağ ol,
bizi başqa cür başa salmamısan.
Çalışıram ki, həmişə səbirli olum. Rinqdə və həyatda tamam başqa
cür oluram. Sakitlik insana daha da güc verir. Ümumiyyətlə,
idmançılar ağıllı və səbirli olurlar. O bəziləri var ki, “ştanqanı”
götürüb-qoyur, “turnik” eləyir, bədən şişirdir, özlərinə idmançı
deyir, sonra da orada-burada dalaşır. Onları idmançı saymıram.
İdmançının uğurları çox olduqca, bir o qədər sadə olar.
- Bildiyim qədəri ilə şou-biznes adamları ilə də
yaxın dostsunuz.
- Bəli. Şou-biznesdə çox dostlarım var. Kiminsə ad günü, xeyir işi
olanda, dəvət edirlər. İndi birinin adını çəkib, digərini çəkməsəm,
inciyəcəklər.
Samira, Mir Yusiflə yaxınam, Elçin Şipşirin, Emil Bədəlov, Ədalət
Şükürov və başqaları.
Müğənni Samira tələbəm olub. Ədalət Şükürova məşq keçmişəm.
“Ford bayar” oldu, orda da Nigar Camal, Eldar və digər insanlarla
dostlaşdıq.
- Bilirsiniz, şou-biznesdə qalmaqallar tez-tez
yaşanır. Olubmu istəmədən qalmaqala qarışasınız?
- Xeyr. Şou-biznes adamları ilə sadəcə dostluq edirəm.
- Vaxtınızı necə bölürsünüz? Bu qədər işin
arasında əyləncəyə necə vaxt ayırırsınız?
- Səhər işə gedirəm, sonra sağ olsunlar, mənə şərait yaradırlar
məşqlərimə gedirəm. Axşam bir-iki saat vaxt olanda dostlarla
görüşürəm. Şənbə-bazarı mütləq ailəmə ayırıram. Övladlarımla gün
keçirirəm.
- Film, reklam təklifləri almısınızmı?
- Buna artıq mənim vaxtım yoxdur. Bura da gəlsəm, olaram tam
şou-biznes adamı. Ola bilər idmandan nə vaxtsa ayrılsam, o zaman
çəkildim. Amma adımıza layiq bir kinoda məni görərsiniz.
Dünyaca məşhur aktyorlar axrıncı dəfə bir filmə çəkildilər.
Silvestr Stallone, Çak Norris, Jan Klod Van Damm, Şivartzneqr kimi
məşhurlar “Məğlubedilməzlər” filmində rol oynadılar. Tələbələrim də
deyirdi ki, çempionlar bir yerdə çəkilib.
Düşünürəm ki, nə vaxtsa Fərid Mansurov, Toğrul Əsgərov, Namiq
Abdullayev kimi idmançılarla bir filmə çəkilsək, pis alınmaz
(gülür). Amma bu sadəcə bir fikirdir.
Aygün İlqarqızı
Fotolar: Elmar Eminli
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...